DAŞLARIN ARASINDA AĞAÇ ƏKƏN ADAM RÜSTƏM DAYI

DAŞLARIN ARASINDA AĞAÇ ƏKƏN ADAM RÜSTƏM DAYI

Ağac nəfəsdir, ağac kölgədir, ağac meyvədir, ağac arxadır... Ağacla bağlı çox şey demək mümkündür. Faydalarını saymaqla qurtarmaq olmaz. Son zamanlar yaşanan meşə yanğınları ilə bir daha ağacın nə qədər əhəmiyyətli olduğunu dərk etdik. Xüsusilə də ömrünü daş binaların arasında keçirən şəhər sakinlərinin ağac və yaşıllığın həsrəti ilə yanıb tutuşduğu isti yay günlərində sizi maraqlı bir insanla, iş yerimizə qonşu olan Rüstəm dayı ilə tanış etmək istəyirəm. Qəhrəmanımız Məmmədov Rüstəm Habil oğlu sözün həqiqi mənasında daşların arasında əkdiyi ağaclarla yoldan ötən hər kəsin diqqətinə səbəb olur. Yadımdadır, hələ bir neçə il əvvəl işə gedib-gələrkən divar dibinə əkilən ağacları sulamaq üçün mismardan asılı, içi su ilə dolu plastik butulkaları görüb heyrət edərdim. Hər dəfə bu mənzərə ilə qarşılaşanda öz-özümə düşünürdüm ki, biz insanlar çox vaxt kiçik məsələləri problemə çevirməyə vərdiş etmişik. “Oğullar var, amma şərait yoxdur” deyib bacarıqsızlığımızı “imkansızlıq”la ört-basdır etməyə çalışırmışıq sən demə. Rüstəm dayı isə ən primitiv üsulla, dəyəri bir neçə quruş olan plastik qablarla “damcı sistemi” qurub daşın üstündə əkdiyi ağacları sulayaraq imkansızlığa meydan oxuyan incə ruhlu, geniş ürəkli, sabaha ümidlə baxan fədakar insandır. Həmişə küçədə  salamlaşıb, hal-əhval tuturuq. Bu dəfə dəyərli dizaynerimiz Nicat Qəribovla qapısını döydük.  “İrfan” üçün reportaj almaq istədiyimizi bildirəndə özünəxas sadəliklə “buyurun, olar” dedi. O, danışmağı çox sevmir, pafoslu cümlələr qura bilmir, amma əməlləri hər şeyi meydana çıxarır. “Ayinəsi işdir kişinin, lafa baxılmaz” düsturu burada da öz əksini tapır. 73 yaşlı Rüstəm dayı ilə əkdiyi ağacların kölgəsində etdiyimiz bir neçə dəqiqəlik söhbətimizi sevə-sevə paylaşırıq:

- Salam, ağsaqqal! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edərdiniz.

- Mən, Məmmədov Rüstəm Habil oğlu. 1948-ci ildə anadan olmuşam.

- Bakıda doğulub, uşaqlıqdan burda yaşamışınız?

- Yox, 1975-ci ildə indiki Şabran rayonundan köçmüşəm Bakıya. Dənizdə qazmaçı işləyirdim, indi təqaüddəyəm.

- Rüstəm dayı, necə oldu ki, bu ağacları əkmək qərarına gəldiniz?

- Əslində məndən əvvəl yuxarıda bir qonşum yaşayırdı o burda bir neçə ağac əkmişdi. Hər dəfə yaxınlıqda maşın saxlayan taksi sürücüləri maşını yuyub dərmanlı suyu gətirib ağacın dibinə tökürdülər. Dəfələrlə mane olmağa çalışsam da, axırda həmin ağacları qurutmağı bacardılar. Sonra mən qərar verdim ki, buraları yaşıllaşdırım. Zarafat deyil, pəncərəni açırsan divar, qapıya çıxırsan daş-divar. Nə isə, özüm üçün məqsəd qoydum ki, burada ağac əkib böyüdəcəyəm. Əkdiyim ilk ağac da bax, odur (irəlidəki çinar və tut ağacını göstərir). 2008-ci ildə əkmişəm.

- Rüstəm dayı, siz ağacları əkəndə yer asfalt idi, yoxsa sonradan asfaltlanıb?

- Elə əvvəldən belə idi. Asfaltı deşib əkdim, dibini də torpaqladım. Gördüyünüz kimi tut var, nar var, üzüm var, bir də çinarlardı. Akasiya da əkmişdim, yoldan keçənlər qırdı. Mən bu ağacları əkəndə hamı deyirdi ki, boş yerə özünü yorma, heç biri bitməyəcək. Allahın köməyi ilə bu ağaclar bitib bu boyda oldu, şükür.

- Ağacların dibi sudu, deyəsən təzə sulamısınız.

- Hər gün sulayıram.

- Rüstəm dayı, əkdiniz, böyütdünüz. Boya-başa çatan bu ağacları görəndə nə hiss edirsiniz?

- Ürəyim fərəhlənir. Gözüm həmişə üstlərindədir ki, yoldan keçən uşaqlar qol-budağını qırmasın. Deyirəm ki, bu ağaclar sizindir, üzümünü yeyin, narını yeyin, amma qırmayın. Allah ömür versə, payızda budamasını da edəcəyəm. Mən bu ağaclarla nəfəs alıram.

- Təkcə siz deyil, elə qonşular da bu ağaclarla nəfəs alır, ay Rüstəm dayı.

- Deməli, bir gün iki nəfər burdan keçirdi. Ağacları görüb biri qayıtdı ki, “gör köpəyoğlu buranı necə yaşıllaşdırıb, adamın xoşu gəlir”. Pəncərədən baxırdım, dedim ki, “o mənəm” (gülür). Bax belə, bu ağacların hekayəsini istədiniz, mən də danışdım, gedək evə çay içək.

- Təşəkkür edirik, Rüstəm dayı, - deyib ayrıldıq.

Bəli, təşəkkür edirik, Rüstəm dayı. Çay təklifinə görə yox, daşın, divarın arasında gözümüzü yaşıllığa həsrət qoymadığına görə təşəkkür edirik. Ciyərlərimizə çəkdiyimiz oksigendə sənin də payın var. Əkdiyin bu ağacın hər biri sədəqeyi-cariyə olub əməl dəftərini bəzəsin. 73 yaşında olmana baxmayaraq gənclərə ümidi, əzm və iradəni öyrətdiyiniz üçün sizə minnətdarıq.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz