BİZ BABADAN BELƏ GÖRDÜK
Sosial mediada qarşılaşdığım: “Z nəslinin narahatlığı: Mənə balıq vermə, balıq tutmağı da öyrətmə; özüm öyrənə bilərəm. Sən mənə təmiz bir dəniz burax və tutduğum balığı əlimdən alma, yetər!” – mesajını köçürərək Azərbaycanda bir, Bişkekdə də bir nəfərə göndərdim. Niyə hər kəsə göndərmədim, özüm də bilmirəm. Bəzən şüuraltı qeyri-ixtiyari öz bildiyini edir.
Bakıdan mesaja cavab olaraq Azərbaycan və Türkiyə bayraqlarına boyanmış iki sıxılmış yumruq emojisi gəldi. Bişkekdə universitetdə müəllim işləyən dostumdan da: “Bu sözü bəyəndim, indicə tələbələrimlə paylaşdım. Bu nümunələri İslam əxlaqı ilə əlaqələndirəcək ortaq nöqtələr tapa bilərikmi?” – mesajı gələndə qayıdıb bir az əvvəl göndərdiyim mesaja bir daha diqqətlə baxdım.
Oxuyarkən, “Mənə balıq vermə! Balıq tutmağı da öyrətmə! Özüm öyrənə bilərəm!” ifadəsindəki sırtıqlıq və təkəbbürdən narahat oldum.
“Ləzzət və sürət dövrü” deyəndə ağlımıza maşınların, qatarların sürəti gəlir. Halbuki xəbərlərin, yalanların, manipulyasiyaların, reklamların qəlbimizə axış sürəti də artdı. Sürət artdıqca diqqət azalır, gözdən qaçan şeylər çoxalır. Yadımıza düşməyən bir şeyi tapmaq üçün hərəkətsiz dayanırıq. Əlimizi alnımıza qoyur, gözlərimizi yumuruq – duymaq və hiss etmək üçün sürəti aşağı salmaq, ləzzəti azaltmaq lazımdır. Bu, əzəli qaydadır: yada salmaq istəyən yavaşlayar, unutmaq istəyən sürətlənər. Namaz ilə gündə beş dəfə dayanır, sürəti sıfırlayırıq. Namaz yada salır.
İbtidai sinfə gedən bir uşağın müəllimə: “Mənə hərfləri, rəqəmləri öyrətmə, özüm öyrənə bilərəm”, - deməsi nə qədər mənalıdırsa, “mənə balıq tutmağı öyrətmə, özüm öyrənə bilərəm” sözü də o qədər mənalıdır. İnsanın öyrənmə prosesi hər zaman təqlidlə başlayır, zaman keçdikcə təhqiqə (həqiqətə) çevrilir. Anamız kimi danışmağa, atamız kimi güclü olmağa, filmdəki qəhrəman kimi yaraşıqlı olmağa çalışırıq. Öyrənməyin ilk addımı təqliddir. Pişiklər, itlər, ağcaqanadlar təqlidsiz yaşayır, amma insan nümunə götürməyə məcburdur. Əməliyyat haqqında kitablar oxumaqla həkim olunmaz. Bir həkimin yanında əməliyyata girərək öyrənmək lazımdır.
İşin incəliklərini öyrənmək üçün səbir, çalışmaq və həmin işdə püxtələşmək lazımdır. Bunun şəyirdlik, usta köməkçiliyi kimi mərhələləri var. Bəzi xırda təfərrüatlar var ki, - buna işin “püf nöqtəsi” də deyirlər - bunlar ustadan öyrənilir və işin sirri də elə bundadır. Vaxtilə dulusçu yanında işləyən bir şəyird artıq hər şeyi öyrəndiyini düşünmüş, özü üçün ayrı bir dükan açmaq üçün ustanın yanından ayrılmaq qərarına gəlmişdi. Usta hər nə qədər “Dayan, hələ hər şeyi öyrənməmisən” desə də, şəyird ona qulaq asmır. Başqa bir şəhərə gedib özünə dükan açır. Öyrəndiklərini həyata keçirməyə başlayır. Qəribə olsa da, bişirmək üçün kürəyə qoyduğu bütün saxsılar yüksək hərarətdə çatlayır.
Çarəsiz halda ustasının yanına qayıdır. Usta: “Nə oldu? Saxsıları kürədən çatlamadan çıxarda bilmədin?” – deyir. Şəyird xəcalətlə: “Haqqını halal et, usta. Sənə hörmətsizlik etdim. Saxsılar çatladı”, - deyir. Usta gülür, “Gəl, sənə saxsıların necə çatlamadığını öyrədim”, - deyir. Usta saxsıya şəkil verərkən hərdən “püf!” deyə üfləyirmiş. Beləliklə, gilin üstündəki hava qabarcıqları yoxa çıxırdı. Hava qabarcığı qalmadığı üçün kürəyə verilən saxsılar çatlamırmış. Usta şəyirdinə deyir: “Gördünmü, hər şeyi öyrənmisən, amma püf nöqtəsini öyrənməmisən”.
Universitetdəki dostuma “mənə balıq tutmağı öyrətmə” sözünün boş bir özündənrazılıq və təkəbbür ifadəsi olduğunu yazaraq, İslam əxlaqı ilə əlaqəsinin olmadığını dedim. Problemli və məsuliyyətsiz insanların sözüdür. Təkcə baxmaqla və oxumaqla öyrənmək mümkün olsaydı, pişiklər qəssab olardı. O da mənə, Amerikada yetişən xippi nəslinin sərbəstlik düşüncəsi ilə ata-ana, məktəb, usta daxil bütün nüfuz dairələrini yıxıb-dağıtmalarından, sonda isə gəldikləri nöqtəni görərək: “Biz sarsaqladıq”, - deyə xippilik cərəyanının sonlanmasından bəhs etdi. “Şəyirdi olmadığın işin ustası ola bilməzsən”.
Müslüm Babanın “Biz babadan belə gördük” mahnısını dinləməyin tam yeridir:
Bilməyiz heç yalan, dolan,
Belə yaşar insan olan,
Şərəf olsun, bizdən qalan,
Biz babadan belə gördük.
Başımız dik,
Alnımız pak,
Həyatı həp belə sürdük,
Haram yemək günah, yasaq,
Biz babadan belə gördük.
Sevgi qaynar ürəyimiz,
Bükülməz heç biləyimiz,
Qardaşlıqdır diləyimiz,
Biz babadan belə gördük.
Müslüm Babanın atasından gördükləri sətirlərdən oxuyaraq öyrənilməz. Atadan, babadan, ustadan, mürşiddən, ağsaqqaldan belə öyrəndik deyə biləcəyimiz, sadrlardan/könüllərdən çıxıb qanımıza işləyən, qəlbimizə nüfuz edən şeylərə ehtiyacımız var. Sosial media, google, netfliks və youtube ilə şəxsiyyət formalaşmır. Andy Warhol 1960-cı illərdə hələ internet yox ikən “bir gün hər kəs 15 dəqiqəliyinə məşhur olacaq” deyə uzaqgörənlik etmişdi. Məşhur olmaq üçün tələb olunan 15 dəqiqə indi “vayn” videolar vasitəsilə 7-8 dəqiqəyə enib.
Dövrümüzün problemi baba kimi babaların az olması, babalardan öyrənilənlərin azalaraq internetdən görülənlərin, eşidilənlərin çoxalmasıdır. Müslüm Babanın “Biz babadan belə gördük” mahnısına alternativ “biz internetdən belə gördük” başlığı altında nə yaza bilərik və yazdıqlarımız Müslüm Babanın mahnısı kimi damğasını vura bilərmi? Həqiqətən, internetdən nə gördük, nə eşitdik və nə öyrəndik?
ŞƏRHLƏR