ŞÜURSUZ HƏZZ
Yaşadığımız dünyada yıxılmamaq üçün müvazinəti qorumaq əsas şərtdir. İfrat da, təfrit də təhlükəlidir. Hər şeyin azı da, çoxu da zərərdir insana. İnsan yoxluqda da çaşbaş qalır, çoxluqda da. Hə iki halda da özündən uzaqlaşır. Yavaş-yavaş sevənlərinə də yadlaşır, sevdiklərinə də. Sevdikləri üçün yaşadığı dünyada sevdiklərindən uzaqlaşmaq dünyanı insanın gözündə yadlaşdırır. Yadlaşan obyektlərə qarşı isə insanın münasibəti daha qərəzli və daha aqressiv olur. Bir müddət sonra heç bir mənəvi bağı olmayan bir əşya kimi münasibət göstərməyə başlayır dünyaya və dünyadakılara qarşı.
Son vaxtlar narkotik maddələrin aludəçisinə çevrilən gənclərin sayında ciddi artım tempi müşahidə olunur. İnsan ya yaşadığı həyatın məmnuniyyətsizliyindən, ya da ki, həddindən artıq lüksdən və məmnuniyyətdən qədəm qoyur bu yola. Hər iki halda da canlar tələf olur, cəmiyyətin gələcəyi zəhərlənir və ailələr məhvə doğru sürüklənir.
İnsan üçün ən şirin şey öz canıdır deyirlər. Öz canının yanmasını, əzab görməsini istəməz insan. Əgər öz canına zərər verəcək vəziyyətlə qarşı-qarşıya qalıbsa, deməli çox ciddi problemlə üz-üzədir. Öz canına vurduğu zərərdən zərrə qədər də olsa ağrı-acı hiss etmirsə, deməli sinir ucları keyiyib, duyğuları iş fəaliyyətini itirib. Beyin bədənə yeridilən yad və zərərli maddələrə qarşı mühafizə mexanizmini işə sala bilmir və hər gün bir az daha təhlükənin mahiyyəti böyüyür. İnsanın təməldə özünə qarşı laqeydliyi ətrafındakılara qarşı da laqeyd yanaşmasına səbəb olur. Özünə rahatlıqla zərər verən insan başqalarına həmin zərərin on qatını verməyə hazır olan bir fərdə çevrilir.
Bu gün ən böyük dərdimiz fərdlərdən başlayır. Cəmiyyətimizdə xoşbəxtliyi bir neçə dəqiqəqlik həzdə görüb zərərli vərdişlərə qucaq açan gənclərimizdir ən böyük dərdimiz. Düşməninin belə etmədiyini özlərinə edir insanlar. Vicdan anlayışından uzaq olan parazit insanların gənclər arasında yaydıqları narkotik vasitələrin təsirindən gələcəyimiz zəhərlənir. Hələ dünyada yüzlərlə xəyalları yarımçıq qalmış gəncin dünyası paramparça olur bu mərəzdən. Daha çox canın yanmaması, daha çox ailənin bədbəxt olmaması və cəmiyyətimizin daha çox zərər görməməsi üçün fərd olaraq, ailə olaraq və cəmiyyət olaraq üzərimizə düşən vəzifələr var. Bu vəzifələrimizi yerinə yetirdiyimiz təqdirdə zərərli vərdişlərin gənclərimiz arasında yayılmasının qarşısını ala bilərik. Yoxsa hamımızın yaxınlarında bu təhlükənin qurbanlarının sayı çoxalacaq.
Əvvəlcə ailədə valideynlərin öz övladları ilə yaxın ünsiyyətdə olması əsəs şərtlərdən biridir. Ailədə valideynlə övlad arasında qurulan sözlü və sentimental ünsiyyət forması valideynlərin uşaqların halından agah olmasının ən asan yoludur. Uşaqlar nələrin zərərli, nələrin də faydalı olduğunu ilk olaraq sevdikləri və dəyər verdikləri insanlardan öyrənirlər. Ailə fərdləri arasındakı soyuqluq ailədəki uşaqların özlərini başqa mühitlərdə tapmasına gətirib çıxarır. Övladlarımıza həyatı elə bir şəkildə izah etməliyik ki, onlar xoşbəxtliyi başqa yerlərdə axtarmasın. Ailə xoşbəxtliyin yaşandığı ən gözəl mərkəz olsun. Uşağın sadəcə maddi ehtiyaclarını qarşılamaq onları ailəyə bağlamaz. Bununla bərabər sevgi, diqqət və qayğı kimi mənəvi ehtiyacları da valideynlər tərəfindən qarşılanmalıdır. Əks təqdirdə ailədə diqqəti, qayğını və isti münasibəti tapa bilməyən yeniyetmələr özlərini yanlış insanların yanlış yollarında tapacaq.
Zərərli vərdişlərə yaxınlaşmamaq üçün sadəcə ailə məktəbindəki qaydalar kifayət etmir. Bununla paralel olaraq orta məktəblərdə də maairfləndirmə işinin aparılması vacibdir. Bir çox yeniyetmə onlara təqdim edilən maddənin mahiyyətindən xəbərsiz olaraq bir neçə dəfə istifadədən sonra onun aludəçisinə çevrilir. Əvvəlcədən verilən məlumat isə həmin maddənin nə qədər təhlükəli olduğu anlayışını yaradır və fərd rahatlıqla heç bir tərəddüd etmədən təhlükədən uzaqlaşmış olur. Əks təqdirdə doğru məlumatın olmaması onun sosial mühitin təsirinə düşməsinə səbəb olur və ilk istifadədən sonra aludəçilik başlayır. Bu kimi aktual mövzular sadəcə bir dərsdə deyil, fərqli humanitar dərslərin tərkib hissəsi olaraq da işlənə bilər. Narkotik maddələrin fiziki və psixoloji zərərləri haqqında geniş məlumatların verilməsi zəruridir. Bununla bərabər bu zərərli vərdişlərin dini nöqteyi-nəzərdən də qadağan olduğu və insanı mənəvi böhrana götürdüyü həqiqəti uşaqlara izah edilməlidir.
Cəmiyyət olaraq da hər birimizin üzərinə düşən vəzifə isə qarşılaşdığımız və gördüyümüz hadisələrə laqeyd qalmamaqdır. Mənim ailəmdə, yaxınlarımda yoxdur deyə zərərli vərdişlərlə mübarizə aparmamalıyam anlayışından uzaq olmalıyıq. Biz anlamalıyıq ki, bu da qorxulu və öldürücü bir virus kimi sürətlə yayılmağa davam edir. Qarşısının alınması üçün vaxtında tədbirlər alınmasa mütləq bizim də sevdiklərimizə sirəyət edəcəkdir. Çünki çürük sosial mühit, sağlam fərdləri də çürüdür.
Son olaraq dəyərli gənclərimizə səslənirəm. Unutmayın ki, ən yaxşı həzz ayıq başla yaşanan həzdir. Şüurlu şəkildə dərk edilməyən xoşbəxtlik xoşbəxtlik deyil. O sadəcə müvəqqəti və yalançı illuziyadan ibarətdir...
ŞƏRHLƏR