HƏYAT MÖCÜZƏSİNDƏN İRFAN DƏRSLƏRİ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır”. (Ali-İmran, 190)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Aləmdə cərəyan edən ilahi hikmət səhnələrinə biganə qalmayaraq qəlbini Rəbbimizin varlıqlarda, hadisələrdə yaratmış olduğu min bir həyat möcüzələri və dərsləri ilə tərbiyə edərək onu kamil bir mərifət xəzinəsinə çevirən insan övladının böyuk bir məsuliyyət yükü ilə qarşı-qarşıya olduğu nəzərlərdən qaçmayan bir həqiqətdir. Rəbbimizin sonsuz qüdrət səltənətini tərənnüm edən, onu qullarına tanıdan bu şərəfli məsuliyyətin öhdəsindən yalnız Onun sərhədsiz kərəmi ilə qəlbini hidayətlə, işlərini nizamla, ruhunu kamil bir imanla, zahirini əməli-salehlərlə dəstəklədiyi və hər cürə pisliklərdən qoruduğu bir qul gələ bilər. Acizanə görünüşlərinə baxmayaraq Rəbləri ilə heyrətamiz bir dirilik və şükür rabitəsində olan varlıqların insan övladına tədris etdikləri irfan dərsləri mərifətullaha yetişmə yollarının yenilməz dəstəkçiləridir. Elə mövzumuz da onlardan biri haqdadır:
Elm aləmində Planariya adlanan soxulcana bənzər canlı varlığı tədqiqat məqsədi ilə yerdə, kosmosda və spirtlə zəngin mühitdə tikə-tikə doğrayanlar bir tikədən bütün üzvlərinə malik Planariyanın yenidən yaranması möcüzəsinə şahidlik etməyə məcbur olurlar. Planariya özünəməxsus iradə gücü ilə bədənini parça-parça edərək yenidən yaranma qabiliyyətinə malik bir varlıqdır. Uzun müddət ac qalmaqla bədənindəki kök hüceyrələri hərəkətə keçirərək yenidən cavanlaşan və aktiv həyata atılan bu canlının insan övladına anlatmaq istədiyi nə qədər incə sirlər vardır. Baş nahiyəsindən cərəyanla işgəncəyə məruz qaldıqdan sonra başı kəsilərək quyruq qismindən yenidən törəyən Planariyanı bu dəfə quyruq qismindən cərəyanla incitmək istədikdə onun dərhal yığılaraq müdafiə vəziyyətini alması alimləri fərqli görüşlərə sövq etmişdir. Lakin aciz bir canlının ölümlə dirim arasında fenomenal bir ağıl və yaddaş mexanizmini nümayiş etdirməsi bu işin əqli dəlillərlə isbatını haradasa mümkünsüz etmişdir.
Etiraf etmək lazımdır ki, böyük irfan və mərifət dərslərini özundə birləşdirən bu kimi hadisələrdəki ana hədəfə Abdulqadir Gilanı həzrətlərinin əsrlər öncə söyləmiş olduğu ilahi mənalar aləminə hicrət edərək yaxınlaşa bilərik:
“Övladım, bu incəliyi dərindən qavra və bil ki, bütün əşya Allahın hərəkət etdirməsi ilə hərəkət edər, durdurması ilə də durar. Onun iradəsi və qüvvəti olmadan nə duran bir şey hərəkətə keçər, nə də hərəkətdə olan bir şey dura bilər. İnsan bu həqiqəti idrak etdiyi zaman insanları və digər varlıqları Allaha (c.c) ortaq tanıma yükündən və günahından qurtular”.
Əgər diqqətlə izləsək, görərik ki, hardasa bir kibrit çöpü böyüklüyündə olan Planariya canlısı həyat mücadiləsində Adəm övladının mənəvi boşluğunu dolduracaq səviyyədə bir irfan və hikmət xəzinəsini daşımaqdadır. Daxili orqanları ilə birlikdə bədəni tikə-tikə doğranılaraq ölümünə hökm edilən bu canlının Allahın Hayy ismi ilə yenidən tikəsindən canlanıb tam həyata qayıtması Hz. İbrahim əleyhissalamın parça-parça etdiyi quşların Rəbbimizin izni ilə yenidən həyata qədəm qoyma möcüzəsinə şahidlik etmirmi? İradəsini işə salaraq kənar müdaxilə olmadan özünü parçalayan (sanki özünü şəhid edən) və bu dəfə də tikəsindən törəyən bu varlıq, ölümdən sonra dirilişin həqiqət olduğunu bizlərə anlatmırmı? Uzun müddət ac qalmaqla bədənindəki kök hüceyrələri aktivləşdirərək cavanlaşan və alimlərin fikrincə bu şəkildə bitməyən əbədi bir həyat ritminə malik Planariya oruc ibadətinin önəmini və inanmayanların inadına əbədi axirət həyatının mümkünlüyünü isbat etmirmi? Qeyd edək ki, materiyapərəst dünya elminin böyük əzmlə kök hüceyrəsi üzərində apardığı və nail olduğu nəticələr kibrit çöpü ölçüsündəki bu canlının nəticələri ilə müqayisə ediləcək səviyyədə deyil. İşgəncəyə məruz qalaraq döğranan və quyruq hissəsindən yenidən törəyən Planariyanın əvvəlki həyatında başına açılan oyunları dərhal xatırlaması və müdafiə taktikasını izləməsi materialist düşüncəli elm fədailərinin bütün fərziyyələrini alt-üst edərək mənəvi, ruhani bir yaddaş və mühafizə cərəyanının Allahın (c.c) diləməsi ilə kainatdakı bütün varlıqları əhatə etdiyinin əyani şahidi deyilmi? Demək, insanlıq aləmi Rəbbini tanıma istiqamətində böyük bir irfan təhsilinə, irfan mədəniyyətinə möhtacdır. Bu təhsilin önəmini vurğulayan Abdulqadir Gilani həzrətləri belə buyurur:
“Şükrünüz nə qədər də azdır! Etirazınız da nə qədər çox! Əgər Rəbbinizi tanısaydınız, dilləriniz tutular, qəlbləriniz və bədən üzvləriniz hər halınızda bir ədəb zərafətinə bürünərdi. Bundan dolayı Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allahı (c.c) (üstün bir mərifət və irfan üzrə) tanıyanın (heyrətdən) dili tutular”.
ŞƏRHLƏR