BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي أُمَامَةَ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ أَوْلَى النَّاسِ بِاللَّهِ مَنْ بَدَأَهُمْ بِالسَّلَامِ

Əbu Ümamədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “İnsanların Allah dərgahında ən yaxşısı salamı ilk verəndir”. (Əbu Davud, Ədəb, 133)

İslam dini insanlar arasındakı münasibətlərin inkişaf etməsinə və yaxşılıqların yayılmasına çox böyük əhəmiyyət verir. Buna görə də mübarək dinimiz müsəlmanların bir-birilərinə qarşı bir sıra maddi və mənəvi haqlar təyin etmişdir. Bu haqlar müsəlmanların mütləq xeyrə çatmasına vasitə olan bir sıra əməllərin yerinə yetirilməsi ilə ödənmiş olur. Müsəlmanların qarşılaşdıqları zaman bir-birilərinə salam vermələri bu əməllərin ən əsaslarından biridir. Salam vermək müsəlmanlığın əsas simvoludur. Bir-birini tanımayan insanlar salam verdikdə aralarında anlaşma və isinişmə əmələ gəlir. Çünki salamlaşan insanlar ortaq bir dəyərdə din qardaşlığında birləşmiş olurlar. Salam dostluğun, qardaşlığın, sevgi və rəğbətin, təvazökar davranışların, insanların qəlblərinə hakim olmağın ilk pilləsidir. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində: “Salamı yayın, yoxsullara yemək yedirdin, beləliklə Əziz və Cəlil olan Allahın sizə əmr etdiyi şəkildə qardaş olarsınız”, - buyurmuşdur.  (İbn Macə, Ətimə, 1)

Yuxarıda qeyd olunan hədisdə Allah Rəsulu (s.ə.s) salamı ilk verən kimsənin üstünlüyündən bəhs edir. Belə ki, bir müsəlman öz din qardaşı ilə qarşılaşdığı zaman salamı ilk o verərsə, bu onun Allaha bağlılığının təzahürü olmuş olar. Salamı ilk verməklə o xeyir işlərə nə qədər həvəsli olduğunu və yaxşılıqlarda yarışdığını göstərmiş olar. Bu səbəblə də salamı ilk verən Allahın rəhmətinə daha yaxın olar və savab baxımından digər qardaşından daha qabaqda olar. Qurani-Kərimdə Uca Allah gözəl işlərdə müsəlmanları yarışmağa təşviq etmiş (əl-Bəqərə, 2/148) və "Xeyirxah işlərdə öndə gedənlər Cənnətdə də öndədirlər!" - buyurmuşdur. (əl-Vaqiə, 56/10)

İslamda salam sülhün və etimadın simvolu, yaxşı niyyətin ifadəsidir. Müsəlmanlar bu gözəl və mənalı sözlə bir-birinə salamatlığın qaynağı olan Allah-Təalanın qorumasını diləyərək ən gözəl duanı edərlər. Müsəlmanların həyatında olduqca əhəmiyyətli yeri olan və bir çox mənanı özündə birləşdirən salamın müasir dövrümüzdə bu dəyərini itirməyə üz tutması müşahidə olunur. Fərdiyyətçiliyin ön plana çıxaraq bəşəri münasibətlərin və ortaq dəyərlərin gün keçdikcə azalmasıyla salamlaşma adəti də ictimai həyatda funksiyasını itirməyə başlamışdır. Bir-birilərinə yadlaşan insanların münasibətlərinə səmimiyyətsizlik və güvənsizlik hakim olmuşdur. Halbuki sevgi, hörmət və qardaşlıq təməlinə əsaslanan mədəni bir cəmiyyətin yaradılması fərdlər arasındakı güvənə və səmimi əlaqəyə bağlıdır. Buna görə də ünsiyyətin ilk pilləsi olan salamlaşma cəmiyyətdə yayğınlaşdırılmalıdır. Hər bir müsəlman salamı ilk verməyə cəhd edərək savaba nail olacağı inancıyla buna davam etməlidir.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz