BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

ن  وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ

“Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun!” (Qələm, 68/1)

“Hürufi-müqəttəə”dən olan “nun” ilə başlayan bu ayeyi-Kərimədə Uca Allah qələmə və qələmlə yazılanlara and içərək qələm və yazının əhəmiyyətinə diqqət çəkir. Dilimizdə də eyni mənada istifadə edilən “qələm” sözü kök etibarilə “qamış, dırnaq, bitki çubuğu kimi sərt şeyləri qısaltmaq, kəsmək, budamaq, ucunu itiləmək” kimi mənalara gələn “qələmə” feilindən törəmiş bir isimdir və ucu iti olub yazı yazmaq üçün istifadə edilən hər cür alətə verilən addır.

Bir qisim təfsirçilərə görə, bu ayədəki qələmdən məqsəd Quran vəhyini yazan qələm, yazdıqlarından məqsəd də yazılan Qurani-Kərimdir. Ancaq ayəni daha geniş mənada şərh edən təfsirçilərə görə, ayədəki “qələm” simvolik bir məna daşıyır və bununla yazının insanlıq tarixinin düşüncə və təcrübələrinin nəsillərdən-nəsillərə ötürülməsindəki roluna diqqət çəkilir. Eyni zamanda elmin mühafizəsində, yayılmasında və inkişafında yazının nə qədər əhəmiyyətli rol oynadığına işarə edilir. Quranın nazil olduğu dövrdə elmin inkişafı üçün ən mühüm vasitələrdən biri qələm ilə yazmaq idi. Buna görə də Uca Allah “oxu” əmri ilə başlayan ilk vəhiydə də qələmin əhəmiyyətini vurğulayaraq: “O, qələmi (yazmağı) öyrətdi”, (əl-Ələq, 4) - buyurmuşdur. Bu ayələr İslam dininin yazmağa, oxumağa və yazılı mədəniyyətə verdiyi əhəmiyyəti göstərməsi baxımından mühümdür. Allah-Təalanın elminin sonsuzluğunu ifadə edən bir ayədə də: “Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi”, (Loğman, 27) – buyurularaq elmin qələmlə olan əlaqəsi vurğulanmışdır.

Günümüzdə qələm öz əhəmiyyətini qorumaqla yanaşı yazı yazmaq üçün kompüter, telefon və s. kimi müasir vasitələrdən də istifadə edilir. Buna görə də ayədəki “qələm” ilə qiyamətə qədər ortaya çıxacaq bütün yazı yazma vasitələrinə işarə olunduğunu söyləmək də mümkündür.

Nəticə etibarilə, Qurani-Kərim oxumağa, yazmağa və elm öyrənməyə təşviq edir. Necə ki, bir ayədə peyğəmbərimizin: “Ey Rəbbim, elmimi artır!” (Taha, 114) şəklində etdiyi duadan xəbər verilir. Müsəlmanları daim oxumağa və elmə təşviq edən Peyğəmbərimiz (s.ə.s) bir hədisində: “Kim elm əldə etmək üçün yola çıxarsa, Allah həmin insana cənnətin yolunu asanlaşdırar”, (Müslim, “Zikr”, 39) – buyuraraq elm öyrənməyin Allah-Təala dərgahında da mükafatlandırılacağını müjdələmişdir. Buna görə də oğlan-qız, böyük-kiçik hər bir müsəlman oxuyub-yazmağa, təhsilə və elmə böyük əhəmiyyət verməlidir ki, həm dünya, həm də axirət həyatında əsil səadətə nail olsun.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz