QURAN VƏ ELM
“Elm” qısaca olaraq “bilmək” deməkdir. “Həqiqətə və reallığa uyğun olan məlumat və qənaət; bir şeyi olduğu kimi dərk etmək” deyə tərif edilmişdir. Elmin ziddi isə cəhalətdir.
İslam dini elmə və elm öyrənməyə böyük əhəmiyyət verir. Cəhaləti aradan qaldırmağı qarşısına məqsəd qoyur. Uca Allah ilk vəhy etdiyi ayələrdə Rəsuluna və onun şəxsində bütün insanlara oxumağı və öyrənməyi əmr edir:
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (əl-Ələq 96/1-5)
“Oxu” əmrinin ilk olaraq enən ayələrin arasında iki dəfə təkrar edilməsi Quranın elmə, elm öyrənməyə və öyrətməyə verdiyi əhəmiyyəti göstərir. Bu ayələrdə elmi öyrədənin əsasən Uca Allah olduğu bildirilərək insana:
“Rəbbinin adını zikr et, endirdiyi ayələri Onun adına və rizasına uyğun olaraq oxu, sonsuz mənalarını anla, özünü oxu, kainatı oxu, ilahi mərifətə yüksələrək ehsan dərəcəsində bir qulluq həyatı yaşa!” təlqinini edir.
Dinimiz İslam hər zaman müsəlmanları elmə yönəltmişdir. Müsəlmanların elmə hörmət və sevgi duyğusu ilə yanaşmaları İslam aləmində böyük elm adamlarnın yetişməsinə səbəb olmuşdur. Bir çox elmlərin təməlini məhz müsəlman alimləri qoymuşlar. Müsəlmanların elmdə ilham mənbəyi, şübhəsiz ki, Qurani-Kərim və Peyğəmbərimizin (s.ə.s) hədisləridir.
Bir sıra kəşflərin əsasını məhz Qurani-Kərim və hədisi-şəriflər təşkil edir. İlk buyruğu “oxu” sözü ilə başlayan bir dinin mənsubları “...yaş və ya quru heç bir şey yoxdur ki, Quranda zikr edilməsin” (əl-Ənam,59) kəlamını özləri üçün rəhbər tutaraq müxtəlif elm sahələrindəki kəşf, ixtira və yeniliklərin təməlini məhz bu ayədə tapmışlar.
Ayrıca Qurani-Kərimdə Uca Allah Peyğəmbərimizi (s.ə.s) elminin artması üçün duaya təşviq edərək:
“De ki: Ey Rəbbim, elmini artır!” (Taha 20/114) buyurmuşdur. Bu mənada Həzrət Peyğəmbərimiz (s.ə.s): “Allaha yaxınlaşdıracaq bir elm öyrənmədən keçən gündə, mənim üçün xeyir yoxdur” (Əli əl-Müttəqi, X 136) sözü ilə əmrə tabe olduğunu göstərmişdir. Çünki elm bitib tükənməyən bir xəzinə olub yalnız sahibinə deyil, digər insanlara və hətta bütün canlılara da fayda verir. Belə ki, haqq ilə batili ayırmağın ən mühüm vasitəsi elmdir. Elmin artması insana yük deyil, əksinə olaraq onu ucaldan bir fəzilətdir. Bu baxmdan insanın elmi artdıqca onun təvazökarlığı da artar; lüzumsuz düşüncə, təsəvvür və vəsvəsələrdən qurtular, həqiqəti başa düşər və əlindən gəldiyi qədər müsbət bir insan olmağa çalışar. Allah-Təala elm ilə məşğul olan və öyrəndiklərini həyatda tətbiq edən alimləri üstün dərəcələrə və məqamlara çatdıracağı xüsusunda:
“Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar” buyurur. (əl-Mücadilə, 58/11)
Qurani-Kərim elmin insana üstünlük verən və onu Allaha qarşı daha şüurlu hala gətirən bir keyfiyyətə malik olduğunu bu şəkildə bəyan etmişdir: “De, heç bilənlərlə bilməyənlər bir olarmı?” (əz-Zümər 39/9)
Bu ayənin keçdiyi Zümər surəsinin başında “dini yalnız Allaha məxsus qılaraq Ona qulluq etməkdən” bəhs edilir. Daha sonra göylərin və yerin yaradılışı, gecə ilə gündüzün ard-arda gəlməsi, günəş və ayın müəyyən bir trayektoriya ilə axıb getmələri, insanın yaradılışı kimi Allahın varlığını göstərən və üzərində təfəkkür edildikcə bəndəni mərifətullaha[1] yüksəldən varlıq aləmi ilə bağlı ayələrə yer verilir. Ardınca isə mərifətullah və Allaha qulluqda insanların vəziyyəti bəyan edilir və “alim” ilə “cahilin” vəsfləri sayılır. Sözü gedən ayədə Uca Allah belə buyurur:
“İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) de: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!” Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaqüstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə ilə kafir birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!(Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (əz-Zümər 38/8-9)
Nəticə olaraq deyə bilərik ki, Quranda bəhs olunan həqiqi elm, mərifətdir, həqiqəti qavramaqdır. Bu elm insanın bəsirət və fərasətini açaraq kainatda var olan dəyişməz reallıqlarla əlaqə qurmasına kömək edir. Hər hansı bir elm sahəsi insanı mütləq hakim olan Allaha doğru aparırsa, məhz o zaman həqiqi elm sayılır. Əks təqdirdə zehni qarışdıran, kainatın həqiqətlərini çatdırmayan mənasız və “mücərrəd” elmlər Quranın tərifinə görə, elm deyildir.
[1] Allahı tanımaq
ŞƏRHLƏR