Oxumaq səadətdir
Gün boyu bir çox insanla ünsiyyət qurur, bir çox işləri yerinə yetirir, istər iş sahəsində, istərsə də ailə həyatımızda üzərimizə düşən vəzifə və öhdəliklərimizi yerinə yetirməyə çalışırıq. İnsan sevərək əmək verdiyi, əziyyətini çəkdiyi və gördüyü işdən zövq alır. Elə də olmalıdır. Çünki insan ya gördüyü işi sevməli, ya da sevdiyi işi görməlidir.
Həyatımızın hər sahəsində bizə faydalı olacaq, dünyagörüşümüzü artıracaq, bizə həyatın eniş-yoxuşlarında dəstək olacaq müntəzəm şəkildə etdiyimiz vərdişlər olmalıdır. Həm də sevərək edəcəyimiz vərdişlər. Belə vərdişlərin başında oxumaq və mütaliə etmək gəlir.
Kitablar içərisində yolçuluq edə biləcəyimiz bir dünyadır. Bizi bilmədiyimiz yerlərə, zamanlara və dünyalara aparır. Həyatımıza hüzur, məna və gözəllik qatan, üfüqümüzü açan, yeni bilik və düşüncə qazandıran kitabları oxumaq və oxuyan insanlarla birlikdə olmaq dünyada əldə edəcəyimiz səadətlərdəndir. Qarşısındakını ən çox başa düşənlər elə kitab mütaliəsi çox olanlardır. Elə bir mütaliə ki, sahibini eqo, təkəbbür və cəhalətdən uzaq, təvazö, səmimiyyət və dürüstlüyə yaxın etsin. İnsanların bir-birini anlamadığı (və ya anlamaq istəmədiyi), anlaşılmadığı bir dövrdə bizi anlayan və bizim də anladığınız, anlayış göstərdiyimiz insanların ətrafımızda olması da ən böyük səadətdir...
Hər şeyin oxumaq, bilmək və öyrənməklə başladığını elə müqəddəs kitabımızın ilk enən ayəsində də görürük. “Oxu” əmri ilə başlayan kitabımız Qurani-Kərim bütün insanlığa xitab edərək “oxuyun” deyir. Çünki oxuyan bilir, bilən öyrənmiş olur, öyrənən əməl edir, əməl edən doğru yoldadır, doğru yolda olanlar da qurtuluşa çatacaqdır.
İnternet çağı ilə informasiya əldə etmək xeyli asanlaşdı. Lakin təəssüf verici haldır ki, bundan sona oxumaq və mütaliə etməyə maraq azaldı. Oxuyub bilməklə ümumi informasiyaya sahib olmaq əlbəttə ki, eyni deyil. Bu da bir reallıqdır ki, internetdən məqsədyönlü şəkildə istifadə edildikdə bir çox faydaları da var.
Kitablar sadəcə bizə bilik qazandırmır. Saymaqla bitməyən faydaları ilə yanaşı o həm də insanın ən yaxın dostudur. Mütəmadi kitab oxuma vərdişi qazanması insanın özü üçün edəcəyi ən böyük yaxşılıqdır.
Oxumağın və mütaliənin faydalarını qısa da olsa belə sıralamaq olar:
* Kitab oxuma vərdişi qazanmaq kəlmə ehtiyatımızı artırır. Bu bir həqiqətdir ki, bir dili min kəlmə ilə danışmaqla on min kəlmə ilə danışmaq arasında dağlar qədər fərq var. İnsanların bir arada yaşamasınının əsasında ünsiyyət durmaqdadır. Bunun üçün də özünü doğru ifadə edə bilmək ən böyük ehtiyacdır. Özünü ifadəni və ünsiyyəti inkişaf etdirməyin yolu da oxumaqdan keçir.
* Kitablar empatiya qurma bacarığını inkişaf etdirir. Empatiya ən sadə izahı ilə desək, hadisələrə başqasının gözü ilə də baxa bilməyə deyilir. Yuxarıda da qeyd etdiyimiz kimi empatiya zəmanəmizdə bəlkə də ən çox ehtiyac duyulan mövzudur.
* Oxumaq insanın IQ səviyyəsini artırır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, oxumaq insanın beyin hüceyrələri arasında yeni neyron əlaqələri quraraq zəka və analitik düşüncəni gücləndirir.
* Mütaliə etmək insanın biliyini artırır. Oxuduqca əldə edilən biliklər insanı daha da intellektuallaşdırır.
* Oxumaq insana yeni fikirlər və yaradıcılıq qazandırır. Oxuduqca insanda xəyal gücü artır, hətta bəzi kitabları oxuyarkən özümüzü sanki film izləyirmiş kimi hiss edərik. Bu xəyal gücü insanda yaradıcılıq və fantaziya qabiliyyətini üzə çıxardır.
* Mütəmadi olaraq mütaliə etmək insanda diqqət zəifliyini aradan qaldırır. Mütaliə zamanı oxucu kitaba və mövzuya fokuslanır. Bu digər işləri görərkən də eyni şəkildə məsələlərə fokuslanmağa gətirib çıxardır.
* Kitablar təcrübənin açarıdır. Bir sahədə oxunan kitablar həmin sahə üzrə sizin mütəxəssis olmanızda ən əsas amildir.
* Oxumaq hafizəni gücləndirir. Fiziki məşqlər bədən əzələlərini gücləndirdiyi kimi oxumaq da zehni gücləndirir, hafizəni artırır.
* Oxumaq insanda stress hissini azaldır. Günün yorğunluğu və bir sıra problemlərin gətirdiyi stress və əsəb gərginliyindən sizi uzaqlaşdıraraq zehni rahatladır. Bu da öz növbəsində yuxusuzluq problemini ortadan qaldırır.
Bütün bunlarla yanaşı oxumağın başqa faydaları da var. Bu faydalara baxdıqda görürük ki, həyatımızın hər sahəsində mütaliənin özünəməxsus yeri var. Çünki oxumaq ehtiyacdır, dünyada səadətin açarıdır.
ŞƏRHLƏR