TƏQVA

TƏQVA

Möhtərəm Osman Nuri Topbaş ilə

“MÜSƏLMANIN KÖNÜL DÜNYASI” haqda reportaj - 2

 Qəlbi qəflət və darlıqdan qoruma yolu -

TƏQVA

 İRFAN: Əfəndim, bir az “Müsəlmanın Könül Dünyası” adlı əsərinizin başlığında yer alan “könül” məfhumuna toxunmaq istəyirik.

“Könül fərman dinləməz” deyiblər. İlahi fərmanı dinləyəcək məqbul bir könülə sahib olmaq və həmin məqamı mühafizə edə bilmək üçün nələrə diqqət etmək lazımdır?

Bu çərçivədən baxanda “oxumaq” anlayışının yeri nə olmalıdır?

Osman Nuri Topbaş: Bəli, qəlbdən başqa bütün bədən üzvlərinin müəyyən bir iradəsi var. İradə qarşısında ən müstəqil üzv qəlbdir. Onun iradəsi daha çox ətrafdan gələn müsbət və ya mənfi təlqinlər əsasında formalaşır. Qəlb bir növ su kimi girdiyi qabın formasına, rənginə, ahənginə bürünür. Ona görə də qəlbi saleh və sadiqlərin təsir və ruhaniyyət mühitində saxlamaq, fasiq və qafillərin təsirindən qorumaq vacibdir.

İman dilin iqrarı və qəlbin təsdiqi ilə gerçəkləşir. Yəni bu istiqamətdən baxanda deyə bilərik ki, iman qəlbin əməlidir. İnsanın qəlb əməlləri niyyət və hisslərinin də nüvəsini təşkil edir. Hissiyyatın mərkəzi olan qəlb təfəkkürə, təfəkkürsə iradəyə istiqamət verir.   

Ona görə də qəlbi Allah-Təalanın razı olduğu səviyyədə saxlaya bilmək digər üzvlərin qorunmasından daha mühüm və vacibdir.

Başda Qurani-Kərim və hədisi-şəriflər olmaqla Haqq dostlarının, təqva sahibi alim və ariflərin, saleh möminlərin əsərlərini təfəkkür dərinliyi ilə oxumaq da qəlbdəki hissiyyatı müsbət mənada bəsləyən mühüm feyz və ruhaniyyət vəsiləsidir.

Lakin ən mühüm məsələ sətirlərdən oxumaq deyil, sədrlərdən (qəlblərdən) oxumaqdır. Əsri-səadət dövrünə baxdığımız zaman görərik ki, Allah Rəsulu r əshabının əlinə kağız-qələm vermədi. Onları söhbətləri ilə yetişdirdi. Çünki söhbətdə könüllər arasında hal sirayəti, inikas (əksetmə) və insibağ (həmrəng olma) gerçəkləşir.

Əshabi-kiram Həzrət Peyğəmbərin mübarək kəlamları və hərəkətləri qədər əhvalından da feyz almışdır. Yəni Rəsulullahın söz və fellərində özünü göstərməsə də gül üzünə əks edən, rəftarlarından hiss olunan hallarından, Onun könül dəryasından da istifadə etmişlər. Məhz bu sayədə səhabə olmaq şərəfinə nail olmuşlar.

Lakin bu tərz, yəni üz-üzə, könül-könülə söhbət imkanının olmadığı hallarda eynilə Allah Rəsulunun məktublarını Onun olmadığı yerdə oxumaq kimi Quran və Sünnənin mesajlarını könüllərə çatdırmağı hədəfləyən islami əsərləri oxuyub təfəkkürdə dərinləşmək də feyz və ruhaniyyəti artırdığı üşün son dərəcə faydalı, hətta zəruridir.

Xüsusilə televizor və internetin, mənfi nəşrlərin, aldadıcı modaların, təhrikedici reklamların, mənəviyyata zəhər saçan gərəksiz halların, axirəti unutduran dünyəviləşmənin hər cəhətdən zehinləri və könülləri əsir aldığı zəmanəmizdə can qulağımızı haqq və həqiqətin sədasına çevirmək, könüllərimizi hikmət və ibrətlərin irşadına açmaq həddən artıq mühüm və zəruridir.

Çünki İmam Şafei həzrətlərinin buyurduğu kimi:

“Sən özünü haqla məşğul etməsən, batil səni işğal edər”.

 

- Kainat, Quran və insan həqiqətinin və bunlar arasındakı münasibətin doğru oxunmasında könlün müəyyən səviyyəyə gəlməsinin nə kimi rolu var?

- Möminin könül səviyyəsi dedikdə mərifətullah, məhəbbətullah, ixlas, təqva, ehsan, məiyyət, əqrabiyyət, səbir, şükür, riza kimi qəlbi vəsflərin ağıla gəldiyini hələ ilk müsahibəmizdə ifadə etmişdik.

Məhz bu vəsflərlə zinətlənən bir qəlbin həyat və hadisələri təhlil etməsi ilə bu vəsflərdən məhrum olan xam və nadan bir qəlbin təhlil etməsi arasında dağlar qədər fərq var. Hər ikisi zahirən eyni mənzərəyə baxsa da hər birinin gördüklərindən anladığı məna tamam başqadır.

Məhz bu səbəblə ariflərdən biri belə buyurur:

“Bu cahan aqillər üçün seyri-bədayi (ilahi sənət əsərlərini ibrətlə tamaşa), axmaqlar üçünsə yeməklə şəhvətdən ibarətdir”.

Şeyx Sədi də bu qəbildən belə deyir:

“Ağıl sahiblərinin nəzərində yaşıl ağacların hər bir yarpağı mərifətullahı anladan bir divandır. Qafillər üçünsə bütün ağaclar bir yarpaq belə deyil”.

“Ağıllı adam lətifə və nağıldan da hikmət dərsi çıxardar. Qafil üçünsə yüzlərlə hikmətli söz oxusan, yenə də nağıl gələr”.

Burada Mövlana həzrətlərinin qafil insanların eşq və məhəbbət kimi ülvi duyğulara belə öz dayaz düşüncələri ilə necə yanlış mənalar yüklədiklərinə dair xəbərdarlığı da ağıla gəlir. Belə buyurur:

“İnsaf et, gör eşq nə gözəl şeydir. Onu ləkələyən isə sənin pis xasiyyətindir. Sən eşqin adını şəhvətə vermisən. Kaş şəhvətlə eşq arasında nə qədər uzun məsafə olduğunu bilsən!

İlahi eşq mömini ayıq-sayıq tutar. Dünyəvi və şəhvani eşqlər isə insanı axmaq və sərsəm edər”.

Yəni könül aləmi ilahi həqiqətlərlə nurlanan bir möminin fərasət və bəsirət dolu arifanə baxışı hara, haqq və həqiqətdən məhrum bir könülün nəfsani qaranlıqlar içindəki qafilanə baxışı hara!..

Zəmanənin şərlərindən qorunmadığı üçün qəflət zibilliyinə dönən bir qəlb həqiqətlər qarşısında kor olar. Sərsəmləşdiyi üçün səfaləti səadət zənn etməyə başlayar. Həyatı, gedişatı və kainatı qaş-qabaqlı çöhrə ilə seyr edər.

Ona görə də nə Qurani-Kərimin ayələrini doğru anlaya bilər, nə də varlıqların hal dilindən agah olar. Həyatda baş verənləri, bu dünyaya nə üçün gəldiyini, kimin mülkündə yaşadığını, hara səfər etdiyini dərk edə bilməz.

Yusif Xas Hacibin çox mənalı bir ifadəsi var:

“Ağıl sahiblərinin sözü ağılsızlara gözdür”.

Yəni külli ağıla ram olaraq gerçək ağıl sahiblərindən olan peyğəmbərlərin, Allah dostlarının təbliğ və irşadlarına könül vermək və onları özünə rəhbər bilmək sirati-müstəqim üzrə yaşaya bilmək üçün vacib məsələdir.

Xülasə, əsl görən qəlbdir. Göz yalnız qəlbin gözətçiliyi vəzifəsini yerinə yetirir.

Məsələn, dənizə sahildən baxanlar onun sadəcə səthini görərlər. Lakin dənizə dalan mahir bir dalğıc endiyi hər dərinlikdə tamam başqa mənzərələri seyr edər. Eynilə bunun kimi Qurani-Kərimin qarşısında oturub ilahi kitabı oxuyan hər kəs ondan yalnız qəlbi dərinlikləri nisbətində istifadə edər.

Qurani-Kərim könülləri təqva ilə bəzənmiş möminlər üçün hidayət rəhbəri, şəfa və rəhmət vəsiləsidir. Bunun müqabilində zalımların azğınlıq və ziyanını artırdığı buyurulur.[1]

Əsri-səadət dövründə də bir çox müşrik və münafiq Qurani-Kərimi oxuyur, yaxud dinləyirdi. Lakin oxuduqları və dinlədikləri bir çoxunun azğınlığını artırır, kin və inadlarını daha da şiddətləndirirdi. Çünki gözləri olsa da görə bilmir, qulaqları ola-ola eşitmirdilər, qəlbləri vardı, lakin hiss etmirdilər.

Yəni hər kəs sahib olduğu qəlbinə görə bir idrak sahibidir. Məsələn, Həzrət Əbu Bəkr t, Rəsulullah r -ə baxdıqda insan surətində fəzilət abidəsi seyr edirdi. Ona heyran olaraq “canım, malım Sənə fəda olsun, ya Rəsulallah”, - deyirdi. Beləliklə Hz. Peyğəmbərin sadiq aşiqinə çevrilmişdi.

Əbu Cəhl isə Hz. Peyğəmbərə baxanda öz daxili dünyasındakı zülməti görürdü. Məhz ona görə də dəhşətli nifrət hisslərinə qapılaraq azğın düşmənə çevrilmişdi.

Gördüyümüz kimi qəlbi səviyyə çox əhəmiyyətlidir… Könlünü xamlıqdan, nadanlıqdan, şəfqət və mərhəmət yoxsulluğundan qurtarmaq, mənəvi olaraq kamilləşdirmək hər bir möminin vəzifəsidir.

Bu xüsusda da “üsveyi-həsənə”miz, yəni misilsiz nümunəvi rəhbərimiz də Rəsulullah r -dir. O, cahiliyyə insanının quraqlıqdan çatlayan könül dünyasını neca canlandırdı? Fəzilət fidanlarını orada necə cücərtdi? Necə bir nümunəvi şəxsiyyət sərgilədi? Hansı tərbiyə metodlarından istifadə etdi?

Belə ki, nəbəvi tərbiyə nəticəsində dünyəvi cazibələr əshabi-kiramın gözündən və könlündən düşdü. Dünyanın ləl-cəvahiratı onların gözündə çınqıl qədər dəyərsiz oldu. Günəşin doğuşu ilə sönən ulduzlar kimi dünyəvi cazibələr də bütün hökmünü itirdi. Könüllərin ən böyük idealı axirət qayəsi oldu.

Məhz ona görə də sadəcə zehnə xitab edən bilgilər kifayət deyil, qəlbi həssaslığa ehtiyac var.

Məsələn, Mövlana həzrətləri elm sahəsində zirvədə idi. Səlcuqlu mədrəsəsində baş müəllim idi. Lakin onun qəlbi həyatda, təsəvvüf iqlimində məsafə qət etməsinə ən çox vəsilə olan Şəms Təbrizi adlı bir dərviş oldu.

Şəms Təbrizi könlü ilahi eşqlə dolu, ruhundan rəhmət daşan bir insan idi. Zahiri elmdə Mövlana qədər dərin deyildi. Buna baxmayaraq Şəms Mövlananın ruhundakı eşq və məhəbbət okeanını kəşf etdi. Bir növ onun ayaqlarına bağlanan nəfsani buxovları qırdı.

Şəms sanki neft dəryasına atılan qığılcım kimi Mövlananın könlünə ilahi eşq qığılcımı atdı. Lakin meydana çıxan nəhəng eşq yanğını qarşısında özü də heyrət içində qaldı.

Əvvəlki halını “xam”lıq adlandıran Mövlana həzrətləri məhz o ilahi eşq yanğınında “bişdim və yandım” dedi.

“Divani-Kəbir”, “Məsnəvi”, “Fihi mə Fih”, “Məcalisi-Səba”, “Məktubat” adlı könlə xitab edən möhtəşəm əsərlər qələmə aldı.

Həzrət Mövlana mərhəmət, şəfqət və qayğının nə olduğunu elmi nöqteyi-nəzərdən bilir, ağıl çərçivəsində dərk edirdi. Lakin Şəmsin irşadı ilə qəlbən də dərk etdikdən sonra, yəni elməl-yəqindən aynəl-yəqin mərtəbəsinə yüksəldikdən sonra tamamən fərqli bir görüş üfüqü qazandı. Yer üzündə üşüyən bir adam varkən isinməyə haqqının olmadığını qavradı. “Bilirəm ki, yer üzündə üşüyənlər var, ona görə artıq isinə bilmirəm”, - dedi.

 

- Xüsusilə bu gün müxtəlif cazibələrin sarmaşıq kimi dolanıb sıxdığı könüllərin maddi və mənəvi mənada qorunması üçün istiğnanın (gözütoxluğun) müsəlman şəxsiyyətindəki yeri nədir?

Könülləri qəflət sərxoşuna çevirən zəmanəmizin şərlərindən özümüzü necə mühafizə edə bilərik?

- Könlü qəflətdən qorumağın yolu təqvanı doğru anlamaqdan və ondan möhkəm yapışmaqdan keçir.

Bəs təqva nədir?

Təqva nəfsani ehtirasları tərk edib ruhani istedadları inkişaf etdirməkdir. Allahın riza və məhəbbətindən məhrum olmaq qorxusu ilə Onun qadağan etdiyi şeylərdən qəlbən və bədənən uzaq durmaqdır.

İlahi imtahan məkanı olan bu dünyada sanki minalanmış ərazidə yol qət edirmiş kimi hər addıma diqqət etməkdir.

Təqvanın mahiyyətini açıq-aydın izah edən gözəl bir misal var:

Həzrət Ömər t bir gün Übey bin Kab t-dan təqvanın nə olduğunu soruşur. Übey t da ondan:

- Sən heç tikanlı yolla getdinmi, ey Ömər? – deyə soruşur.

Həzrət Ömər:

- Bəli, getdim, - dedikdən sonra təkrar belə sual verir:

- O zaman nə etdin? Həzrət Ömər t:

- Paltarımın ətəyini cırmaladım, özümü tikanlardan qorumaq üçün bütün diqqətimi cəm etdim.

Bu zaman Übey bin Kab t:

- Bax, təqva da budur, - deyir.

Təqvanın ən gözəl təzahürü qəlbi ən başda küfr, nifaq və şirk kimi mənəvi fəlakətlərdən, sonra da riya, ucüb, qürur, təkəbbür, xəsislik, israf, təcəssüs kimi çirkin xasiyyətdən qorumaqdır. Bunun üçün də oddan qorxub qaçan adam kimi haramlardan qaçmaq, eşq, vəcd və istiğraq içində Allahın əmrlərini əda etməyə çalışmaqdır.

Qəlb ətrafdan gələn təsirlərlə iradəyə istiqamət verdiyi üçün qəlbi saleh və sadiqlərin söhbət və məclisləri, yaxınlıq, dostluq və məhəbbəti ilə mənən gücləndirmək əsas şərtdir.

Həmçinin qəlbi kafirlərin, fasiq və qafillərin təsirindən də qorumaq zəruridir.

Allah-Təala Tövbə surəsinin 119-cu ayəsində belə buyurur:

“Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə (doğru insanlarla) birlikdə olun!”

Ənam surəsinin 68-ci ayəsində də:

“Ayələrimizi ələ salanları gördüyün zaman onlar söhbəti dəyişincəyə qədər onlardan uzaq dur! Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra o zalım insanlarla birlikdə oturma!” – buyurur.

Bu ilahi təlimat nə üçündür? Çünki qəlblər arasında bir-birindən təsirlənmə gerçəyi var. İmam Qəzali həzrətlərinin buyurduğu kimi fasiq və qafillərlə zahiri bərabərlik zamanla zehni bərabərliyə, zehni bərabərlik də bir müddət sonra qəlbi bərabərliyə çevrilir. Bu isə insanın addım-addım həlaka sürüklənməsi deməkdir.

Varlığın əsli tək olduğu üçün bütün kainatda da eyniləşmə təmayülü var. Məsələn, bir otağın hər hansı bir guşəsində ətir şüşəsi dağılsa, oradan ətrafa yayılan gözəl rayihə otaqdakı bütün hava zərrələri ilə eyniləşənə qədər həmin ətrin hopduğu zərrələrdən digər zərrələrə doğru sirayətetmə prosesi davam edər.

Yaxud da küçədə bir kanalizasiya borusu partlasa, ondan yayılan üfunət iyi eyni şəkildə bütün küçəyə yayılmağa davam edər.

Bu, bir fizika qanunudur. Mənəviyyatda da vəziyyət eynilə belədir. Salehlərin də, qafillərin də halı ətrafdakılara sirayət edər.

Yenə fizikadan bir misal verək: Atom enerjiyə çevrildikdə ətrafa gözlə görülməyən, lakin təsiri hiss olunan ciddi radiasiya yayar.

Qəlblər də eynilə belədir, ətrafa enerji yayarlar. Bu enerjinin müsbət olanına feyzruhaniyyət, mənfi olanına isə qəflətqəsvət deyirik.

Kitabımızın “Salehlərlə bərabərlik, fasiqlərdən uzaq olmaq” fəslində bu mövzulara geniş yer vermişik. Orada ifadə etdiyimiz kimi dünyaya dalan qafillərin nəfsani rifahına həsəd aparmamaq, bu kimi hallara qarşı gözütox davranmaq könül dünyamızın salamat qalması üçün həddən artıq mühümdür.

Peyğəmbərimiz r:

“Allahım, mənə heç bir facir və fasiqin yardım və ikramını nəsib etmə!..”  - deyə dua etmişdir. (İbn Kəsir, Təfsirul-Quranil-Azim, Mücadələ, 22)

Nə üçün belə dua edirdi? Çünki insan ehsana ram olar. Təbiətində yaxşılıq gördüyü kəslərin təsirinə düşmək var. Peyğəmbərimiz r də mübarək qəlbinin facir və fasiq insanlara meyil etməməsi üçün belə dua edirdi.

Küfr, şirk və nifaqın, bir sözlə batil yolun yolçuları tərəfindən inşa olunan divara belə “nə gözəldir” demək, onlara azacıq da olsa iltifat nəzəri ilə baxmaq belə batilə etibar qazandıracağı üçün imana zərər verər. Bu da Allah-Təalanın qəzəbini cəlb edər.

Başqa bir hədisi-şərifdə də belə buyurulur:

“Münafiqə “seyyid”[2] deməyin. Əgər onu seyyid qəbul etsəniz, Əziz və Cəlil olan Rəbbinizin qəzəbini üzərinizə çəkmiş olarsınız”. (Əbu Davud, Ədəb, 83; Əhməd bin Hənbəl, V, 346)

Deməli, qəlbimizi Allahın sevmədiyi kəslərin məhəbbətindən də qorumaq vacibdir. İman da əslində məhəbbəti doğru istifadə etmə sənətidir. Layiq olana məhəbbət, haqq edənə nifrət etmə qabiliyyətidir. Hubbi fillah, yəni Allah üçün sevmək qədər buğzi-billah, yəni Allahın sevmədiklərinə Onun üçün qəzəb etmək də imanın səhhətli olmasının şərtidir.

Yəni

- Həzrət İbrahimi sevmək qədər Nəmruda qəzəb etmək,

- Həzrət Musanı sevmək qədər Firona nifrət bəsləmək,

- Hz. Peyğəmbəri r sevmək qədər Əbu Cəhldən və bugünkü təmsilçilərindən nifrət etmək də imanın tələbidir.

Necə ki, Təbbət surəsində Hz. Peyğəmbərin əmisi olmasına baxmayaraq azğın müşrik olan Əbu Ləhəbə nifrət etməyimiz təlqin olunur.

Bu gün zəmanəmizin şərindən qorunmaq nə mağarada yaşamaqla, nə də dağ başında tənhalığa çəkilməklə mümkündür. Çünki İslam bizdən ictimailəşməyi tələb edir. Cəmiyyət arasında sözümüzlə, halımızla, əxlaqımızla dinimizi gözəl təmsil etməyimizi, Allahın yer üzündəki şahidləri olmamızı istəyir.

Bu məsələ ilə bağlı -əsərimizdə yer alan- bir hadisəni zikr etmək istəyirəm:

Rəsulullah r -in əshabından biri içməli su hövzəsi olan bir dağ yolundan keçir. Həmin yerdən xoşu gəlir və:

“İnsanlardan ayrılıb bu vadidə məskunlaşsam çox gözəl olardı. Amma Rəsulullah r-dan izin almadan da əsla belə bir şey edə bilmərəm”, deyir və bu arzusunu Hz. Peyğəmbərə r açır.

Hz. Peyğəmbər r həmin səhabəyə belə buyurur:

“Əsla belə bir iş tutma. Çünki sizdən hər hansı birinizin Allah yolunda çalışıb səy göstərməsi evində oturub yetmiş il namaz qılmasından daha fəzilətlidir…” (Tirmizi, Fəzailul-Cihad, 17)

Bu gün biz də evimizdə, yaxınımızda, yaşadığımız küçədə, iş yerimizdə, bazarda, bir sözlə, cəmiyyət içərisində “xəlvət dər əncümən” düsturu ilə, “əl karda, könül yarda” şüuru ilə, yəni xalq içində Haqla bərabər yaşamaq məcburiyyətindəyik.

 

- Əfəndim, sonda haqqında söhbət açdığımız bu kitabı oxuyacaq olanlara bu mütaliədən daha çox istifadə etmələri üçün nə tövsiyə edərdiniz?

Ən faydalı mütaliə könül gözü ilə oxumaqdır. Dəyərli oxucularımıza da “Müsəlmanın Könül Dünyası”nı könül gözü ilə oxumalarını tövsiyə edirik.

Oxunan hər bir nüansı təfəkkür edərək, oxuduqları ilə öz hallarını müqayisə edərək, sanki özlərinə resept hazırlayaraq oxumalarını, - qulaq asacaqları təqdirdə isə - təsəvvüf söhbətlərinin ədəbinə riayət edərək dinləmələrini tövsiyə edirik. Əshabi-kiramın söhbətlərdə büründüyü diqqət və ədəb halına riayət edərək, təfəkkürlə dinləmələrini arzu edirik.

Əlbəttə ki, məsələnin ən mühüm tərəfi oxuduğunu başa düşmək və həyata tətbiq edə bilməkdir. Çünki oxumaq, söyləmək, dinləmək asandır. Ən çətin və qiymətli olan insanın öyrəndiyini yaşaması və yaşatmasıdır. Məhz öyrəndiyimiz həqiqətlərə əməl edə bildiyimiz nisbətdə, könlümüzdə həmin xüsusla əlaqəli bambaşqa üfüqlər açılar, idrakımız inkişaf edər, sirr və hikmətlərdən nəsib almağa başlayarıq.

Rəbbimizdən bu xüsusda da hər birimizə müvəffəqiyyətlər niyaz edirik. Çalışmaq quldan, nailiyyət Allahdandır.

Allah-Təala bu mütəvazi əsərimiz vəsiləsi ilə qiymətli qardaşlarımızın qəlbində xeyirli təsirlər xəlq etsin.

Amin!..

 

Spot - 1.

Qızılgül, yasəmən və qərənfil kimi rəngarəng çiçəklərlə bəzənmiş bir bağçadan əsən meh getdiyi hər yerə könülləri məst edən xoş rayihələr aparar. Bunun əksinə, üfunətli yerlərdən və leş üzərindən əsən külək də həmin çirkin qoxuları ətrafa yayar, nəfəsləri kəsərək ruhları daraldar. Eynilə bunun kimi saleh və sadiqlərdən könüllərə mənəvi hüzur və fərəh hissi, qafil və fasiqlərdən isə qəflət və qəsvət əks edər.

 

Spot – 2.

Hər bir mömin övladının tərbiyəsi barədə özünə bu sualları verməlidir:

- Allahın sənə əmanəti olan övladlarının təlim-tərbiyəsi xüsusunda nə edirsən?

- Onlara nə öyrədirsən, hansı mədəniyyəti təlqin edirsən?

- Uşaqların əbədi gələcəyinə dünyəvi gələcəyindən daha çox əhəmiyyət verirsənmi?

- Onların Quran təhsilinə əhəmiyyət verirsənmi?

- Kiçik yaşdan etibarən namaza, məscidə, camaata, səxavət və infaqa alışdırırsanmı?..

 

Spot – 3.

Tarix şahiddir ki, öz ağıllarının dar çərçivəsinə məhkum olan məğrur Firon, Nəmrud, Atilla, İsgəndər, Hülakü və digərləri işlədikləri zülmlərlə bütün bəşəriyyətə düşmən oldular. Vaxtilə onların möhtəşəm sarayları üzərinə doğan günəş bu gün xarabalıqlarını işıqlandırır. Bunun əksinə, dostluq və məhəbbətin ilahi qaynağına qovuşaraq könüllərini rəhmət dərgahına çevirən Mövlana, Şah Nəqşbənd, Abdulqadir Gilani, Hüdayi və digər Haqq dostları isə bəşəriyyətin səadət və rəhmətinə vəsilə oldular. Onlar qiyamətədək bəşər övladının dostu olaraq qalacaqlar.

 

[1] Bax. əl-Bəqərə, 2; əl-İsra, 82; əl-Maidə 64, 68.

[2] Mötəbər insan, ağa, mövla mənasında

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz