İNSAN, DİN VƏ TƏHSİL

İNSAN, DİN VƏ TƏHSİL

Hər il yeni təhsil ilinin başlaması ilə təhsil mövzusunun ölkəmizin ən önəmli gündəm maddəsi olması təbiidir. Çünki əhalisinin böyük əksəriyyətinin gənc olduğu bir ölkədə yaşayırıq. Gənclərin çoxluğu gələcəyimiz baxımından bir zənginlik qaynağı olmaqla bərabər, onların təhsili və gələcəyə hazırlığı da əsas məsələlərdən biridir. Ancaq təhsil-tədris sahəsində qət etməli olduğumuz önəmli məsafələr var… İnkişaf etmiş ölkələr milli gəlirlərinin önəmli bir hissəsini sırf bunun üçün ayırırlar. Gələcəyini düşünən, xalqını inkişaf etmiş mədəniyyətlər səviyyəsinə qaldırmaq istəyən hər bir ölkə təhsil və tədrisə çox böyük əhəmiyyət verir. Çünki təhsilə çəkilən hər cür zəhmət və sərf olunan xərclər insanlığa qoyulan sərmayə hesab olunur…

Təhsil davranış dəyişikliyi, bacarıqların istiqamətləndirilməsi və fərdin inkişafı üçün məqsədyönlü bir fəaliyyətdir. Bura bilik və dəyərlərin ötürülməsi, bacarıqların əldə edilməsi, inkişaf etdirilməsi və lazım gəldikdə yenilənməsi daxildir.

Təhsil ömür boyu davam edən bir prosesdir. Təhsilin məqsədi insanı “insani-kamil (mükəmməl insan)” halına gətirməkdir.  Onu müəyyən dəyərlər qazanmış insan səviyyəsinə yüksəltməkdir... Yetişmiş və kamil insan olmaq isə sadəcə dünyəvi elmlərlə mümkün deyil. Təhsil eyni zamanda insanın mənəvi dünyasının düzgün formalaşmasına, onun sağlam böyüməsinə kömək etməlidir. Bunun üçün bəşəri elmlərlə bərabər dini elmlərin, mənəvi dəyərlərin təbliğinə və tədrisinə ehtiyac var...

Təhsilin insan üzərində onun inkişafına təsir edən tərbiyəedici funksiyalarını yerinə yetirərkən nəzərə almaq lazımdır ki, onun doğuşdan meydana gələn özünəməxsus xüsusiyyətləri vardır. Buna təhsilin fitri tərəfi deyilir. Təhsilin fitri tərəfini insan inkişafının əsasını təşkil edən bacarıq və qabiliyyətlər formalaşdırır. Təhsil bu qabiliyyətləri bilik, bacarıq, ünsiyyət, münasibət və dəyərlər olaraq davranışlara çevirə bilir. Yəni təhsil sayəsində insan bəzi imkanlar əldə edə bilir...

Din cəmiyyətin ən həssas sahələrindən biridir. Kütləni bir araya gətirmək, onları müəyyən dəyərlər ətrafında birləşdirmək gücünə malikdir.

Din fitridir, anadan gəlmə bir yönəliş və hissdir. Həm fərd, həm də cəmiyyət üçün zəruri bir ehtiyacdır… Dinin mövzusu insanın da içində yaşadığı kainat və Allahdır. Din də eynilə təhsil kimi birdən çox tərifi olan anlayışdır. Məhz ona görə din qavramı tərifi ən çətin olan anlayışlardan biri olaraq qəbul edilmişdir... Din elm, peşə və ixtisas deyil. Əksinə, onlarla iç-içə olan, onlardan bəhrələnən həyat tərzidir. Nəsillərdən-nəsillərə ötürülən və insanın bir ömür boyu istifadə etdiyi mədəniyyətdir... 

Müqəddəs bir dəyər olan din, insanla bərabər dünyaya gəlmiş, tarix boyu onunla birgə yaşamışdır. İnsan fərd olaraq da, cəmiyyət olaraq da dinə möhtacdır. Bu baxımdan, bir cəmiyyətdə din və inancla bağlı anlayışlar mövcuddursa, onu rədd və inkar etməyəcəyimiz üçün təlim və tədrisinə də biganə qalmamalıyıq. Dinin təbliğ etdiyi inanc sistemini və dünyagörüşünü insanlara və cəmiyyətə çatdırmaq isə ancaq təhsil yolu ilə mümkündür. İslam və Quranın ideal gördüyü bir cəmiyyətin formalaşması da yalnız onun təhsili ilə reallaşa bilər...

Din təhsili inanc, etiqad azadlığının təbii tələbidir. Din azadlığının həqiqi mənada təmin edilmədiyi ölkələrdə dini təhsil və təlim düzgün şəkildə həyata keçirilə bilməz. Bu halda, din orijinal formada öyrədilə bilmədiyi üçün dinə qarşı fikir və inanclar çox vaxt gizli şəkildə din adına aşılana bilər. Bu vəziyyətdə həm din, həm ölkə, həm də cəmiyyət üçün zərərli qruplaşmalar meydana gələ bilər. Dinə müraciət etməli olan bəzi insanlar bu yanlış cərəyanların təsirinə düşə bilər. Bu vəziyyətlərdən qaçmağın ən doğru yolu hüquqi müstəvidə real dini təhsilə şərait yaratmaqdır…

İstər inanan ol, istər inanmayan din haqqında biliklərin mədəni səviyyə olaraq öyrənilməsi hamı üçün vacibdir. Sözün qısası, din təhsili insanların öz ixtiyarına buraxılacaq bir sahə deyil...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz