MİRASDAN PAYINI AL!

MİRASDAN PAYINI AL!

Peyğəmbərlər insanların arasından seçilərək xüsusi tərbiyə görmüş insanlardır. Onların həyat tərzi və tövsiyələri həmişə insanlara stimul olmuş, gecə qaranlığında yol göstərən çıraq kimi xoşbəxtliyə gedən yolu işıqlandırmışdır. Tarix boyunca bu görkəmli, seçkin insanların həyat düsturlarını özlərinə rəhbər seçən insanlar xoşbəxt olmuşdurlar.

Müasir dünyada özlərini “intellektual” insanlar kimi təqdim edənlər dinlərin və ələlxüsus İslam dininin tərəqqidən geri qaldığını, elm və elmi ixtiralarla barışmadığını, artıq həyat standartlarına cavab vermədiyini iddia edirlər. Qərəzli və heç bir elmi isbatı olmayan bu iddialar və sahibləri məsələnin həqiqətindən olduqca uzaqdırlar.

İslamın elmə və elm əhlinə verdiyi dəyəri, islam mədəniyyətindəki elmi ixtiraları danmaq günəşi palçıqla suvamağa bənzəyir. Sahibinin qızıla dəyər verməməsi onun qiymətini itirmədiyi kimi, mənsublarının laqeydliyi də məfkurə və dinin dəyərini kiçiltməz.

Günümüzdə elmi ixtiralara atılan imzalarda müsəlman alimlərin azlığı islamın deyil, müsəlmanların elmə verdiyi dəyərdən qaynaqlanır. Belə ki, hər fürsətdə elmə və öyrənməyə təşviq edən, ilk əmrini oxumaq olaraq müəyyənləşdirən bir dinin mənsubları bu mesajları cavabsız qoyursa, bu, dinin deyil, onun təmsilçilərinin nöqsanıdır. Müddəti qiyamətə qədər təyin edilmiş bir din, həyatın hər dövründə və hər sahəsində öz aktuallığını itirə bilməz. Əgər bu xüsusiyyətlərə malik bir din müəyyən dövrlərdə həyatın hər hansı bir sahəsində yetərsiz qalırsa, o din mükəmməl ola bilməz. Odur ki, Allah tərəfindən son din olaraq adlandırılan İslam dini həyatın hər dövründə insanlara yol göstərici olmuşdur və olacaqdır.

Kapitalist zehniyyətin formalaşdığı günümüzdə ən önəmli dəyər kapitaldır. Əslində insan xəlq edildiyi gündən bəri var-dövlət hər kəsin arzuladığı və uğrunda həyatını fəda etdiyi bir “dəyər” olmuşdur. İslam dini xoşbəxtliyi elmdə və mənəvi tərəqqidə görərkən, dünyəvi sistemlər isə xoşbəxtliyi mənfəətdə görür və buna təşviq edir.

İnsanlar ulularının miraslarına çox dəyər verirlər. Dəyərlilərinin əşyaları, fikir və məfkurələri ömür boyu həyat dostuna çevrilir. Bu mənada özünü peyğəmbərin ümmətindən biri kimi görən hər bir şəxs onun mirasına sahib çıxmalıdır. Bu mənəvi bir borc və məsuliyyətdir. Elm öyrənmək üçün əcnəbi şəxsiyyətlərin devizlərini motivasiya mənbəyinə çevirən gənclərimiz ən başda Hz. Peyğəmbərin elmlə əlaqəli kəlamlarını göz önündə tutmalıdırlar. Unutmamalıdırlar ki, elm öyrənən hər bir gənc onun varisidir. Mirasının sahibidir. Bəs nədir Həzrət Peyğəmbərin mirası?

Hz. Peyğəmbər elmi hər zaman dünyalıq mənfəətdən üstün tutmuşdur. Məhz buna görə də alimi abiddən üstün tutan Hz. Peyğəmbər belə buyurmuşdur: “Peyğəmbərlər var-dövlət miras qoymazlar. Onların mirası elmdir. O mirasdan payını alan bol nəsib əldə etmiş olar”. (Əbu Davud, Tirmizi) Başqa bir rəvayətdə də “Alimlər peyğəmbərlərin varisləridir” - deyərək əsl alimin peyğəmbərlərin mirası olan elmə sahib çıxan, onların göstərdiyi yolda addımlayan kəslər olduğunu bildirmişdir. Odur ki, islam dini nöqteyi-nəzərindən “elmi titul” Hz. Peyğəmbər mirasına sahib çıxmaqla düz mütənasibdir.

Elm varisi Hz. Əli də elmin maldan daha xeyirli olduğunu söyləmişdir. O, “Elm hakim, mal isə məhkumdur. Mal xəzinədarları ölür, ancaq elm xəzinədarları ölməz. Mal-dövlət yox olub gedir, ancaq elmin formalaşdırdığı şəxsiyyətlər könüllərdə əbədi yaşayır.” -deyərək həqiqi zənginliyin elm olduğuna diqqət çəkmişdir.

Peyğəmbərin mirasından nəsibini almaq istəyən İmam Buxari on altı yaşından etibarən elm öyrənmək üçün minlərlə kilometr yol qət etmiş, Əhməd ibn Hənbəl “xalqul-quran” fitnəsinə baş əyməyərək elmə sahib çıxmış və həyatını fəda etmiş, İmam Malik son nəfəsində bildiyini yazdırmaq üçün övladlarına tövsiyələr vermişdir. Nümunələrini çoxalda biləcəyimiz peyğəmbər varislərini görmək üçün Əndəlüs, Osmanlı tarixinə nəzər yetirsək kifayət edər.

Elmli insan qəlbi, beyni zəngin insandır. Elmi insan Allahı tapa bilən insandır. Elmli insan xoşbəxt insandır. Elmli insanlardan ibarət cəmiyyət səadət cəmiyyətidir. Qayğıkeş, yardımsevər, dəyərinə sahib çıxan insanlar elm sayəsində yetişir. Məhz buna görə peyğəmbər mirasıdır elm. Əlbəttə ki, söhbət elmi həzm edən, onu məqsədinə müvafiq istifadə edənlərdən gedir.

Elmlə yoğrulmuş cəmiyyətlərdə həmişə elm əhli baş tacı bilinmiş, fikirlərinə hörmətlə yanaşılmışdır. Çünki elm adamı Allahın sifətlərindən biri olan “elm” vəsfindən nəsibini almış, peyğəmbərə varis olmuşdur. Belələrini həm Allah sevər, həm də insanlara sevdirər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz