OXUMAĞI O ÖYRƏTDİ
Oxumaq və öyrənmək dünyaya gələn insan oğlunun icra edəcəyi ən ülvi vəzifələrdən biridir, hətta bəlkə də elə birincisidir. Müqəddəs kitabımız Qurani-Kərimdə insanların və cinlərin yaradılış səbəbindən xəbər verən ayədə belə buyurulur: “Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”. (əz-Zariyat, 56) Allaha ibadət üçün yaradılan bir varlıq əlbəttə ki, əvvəlcə Yaradanı tanımalı, yəni Onu öyrənməlidir. Məhz buna görə də “öyrənmək” prosesinin ən ali hədəfi insanı Yaradanına qovuşdurmaqdır.
İnsan dünyaya gəldiyi andan etibarən öyrənməyə başlayır və bu öyrəndiklərinə hər gün yeni nə isə əlavə edir. İstər ixtiyari olsun, istərsə də qeyri-ixtiyari, fərq etmir, insan durmadan öyrənir. Təbii ki, insanın ixtiyari olaraq, yəni istəkli bir şəkildə öyrənmə prosesində fəal iştirakı onu yetişdirən və kamil insan olma yolunda irəli aparan mühüm amillərdən biridir. Bizə kitabı və hikməti öyrədən əziz Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s) də hədisi-şəriflərin birində belə buyurur: “Hikmət möminin itmiş malıdır, onu harda görsə dərhal götürər”.
Gəlin ilk insanın, ulu babamız Hz. Adəmin yaradılışına nəzər salaq. Bəqərə surəsinin 30-cu ayəsində Allah-Təalanın mələklərə yer üzündə xəlifə yaradacağını bildirməsindən və mələklərin də yer üzündə qan tökəcək birini xəlifə təyin edəcəyini yadırğadıqlarından bəhs olunur. Həmin surənin 31-ci ayəsində isə belə buyurulur: “Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” – dedi”. Gördüyümüz kimi bəşəriyyətin atası Hz. Adəmin yaradılışında insanla bağlı ön plana çıxan ilk xüsus, Allah və insan arasındakı ilk münasibət məhz “öyrənmək” olmuşdur. Üstəlik bu “öyrənmək” insanın mələklərdən üstün qılınmasının və yer üzündə xəlifə təyin edilməsinin də əsas səbəblərindən biri olmuşdur. Qurani-Kərimin bir sıra ayələrində də həmçinin Allahın insana Quranı və bəyanı öyrətməsindən,[1] qələmlə yazmağı və bilmədiklərini öyrətməsindən[2], Ona qarşı təqva sahibi olanlara (kainatın sirlərini) öyrədəcəyindən[3] söz açılır. Bəşəriyyətə xoşbəxt gələcəyin, məsud həyatın yolunu göstərən Qurani-Kərimi oxuyanlar kainata gəliş hikmətimizin məhz bu “öyrənmə”, “tanıma” olduğunu daha dərindən dərk edərlər.
İlahi mesajı dərk edən insan dünyada var olduğu hər gün oxuyub öyrənməli olduğunun da fərqində olan insandır. Bəli, insan daim oxumalıdır. Özünü oxumalıdır, ona özünü və Rəbbini tanıdan Quranı oxumalıdır. Ətrafındakıları, həyatı, kainatı oxumalıdır. Sətirlərdə yazılanı oxumalıdır. Sətirlərdəkini oxuya-oxuya sadrlara, yəni sinədəki qəlblərə nəzər etməyin sirlərindən agah olmalıdır. Rəbbimiz Fussilət surəsinin 53-cü ayəsində belə buyurur: “Biz (varlığımızı və qüdrətimizi göstərən) dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik…” Görən gözlər, duyan qəlblər üçün insanın özü daxil bütün kainat bir ömür oxunacaq sirlər kitabıdır. Eynilə Sədi Şirazinin dediyi kimi: “İdrak sahibləri üçün hər bir ağaç yarpağı mərifətullah divanı, Allahı qəlbən tanıya bilmək yolunu göstərən müfəssəl bir kitabdır”.
Hər il sentyabr ayının 15-də təhsil ocaqlarının açılışı ilə yaşadığımız “Bilik Günü”ndə oxumağın, öyrənməyin əhəmiyyətindən bəhs edərkən çox mühüm bir xüsusa da diqqət çəkmək istəyirəm. Deyilənə görə, II Dünya Müharibəsindən sonra Almaniyada bir məktəb direktoru hər tədris ilinin başında müəllimlərinə belə bir məktub göndərirmiş:
“Mən faşistlərin əsir düşərgəsindən sağ çıxanlardan biriyəm. Bu gözlərimlə heç bir insanın görməməli olduğu dəhşətlərə şahid oldum. Çox yaxşı yetişdirilmiş, təhsilli mühəndislərin inşa etdiyi qaz kameraları, yaxşı yetişdirilmiş həkimlərin zəhərlədiyi uşaqlar, işini məharətlə yerinə yetirən tibb bacılarının vurduğu iynələrlə həyatını itirən körpələr, bir çox məktəb və universitet məzunları tərəfindən güllələnən, yandırılan insanlar, daha nələr, nələr…
Məhz ona görə təhsildən ehtiyat edirəm. Sizdən xahişim odur ki, şagirdlərinizin insan olması üçün əlinizdən gələni əsirgəməyəsiniz. Çalışmalarınız nəticəsində savadlı canilər və mütəxəssis canavarlar törəməsin. Unutmayın, təhsil uşaqlarınızın daha çox insan olmasına xidmət edirsə, yalnız o zaman əhəmiyyət daşıyır”.
Bəli, hər şeydən əvvəl insana öz vicdanını oxumağı öyrətməlidir müəllimlər. Çünki Adəmi Adəm edən daşıdığı vicdandır. Vicdanını oxuya bilməyənlər minlərlə kitab oxusa, nə fayda?!
[1] ər-Rahmən 2, 4
[2] əl-Ələq, 4, 5
[3] əl-Bəqərə, 282
ŞƏRHLƏR