BİR YOLA ÇIXDIQ, HƏDƏF DƏ BİR, AMAL DA BİR!

BİR YOLA ÇIXDIQ, HƏDƏF DƏ BİR, AMAL DA BİR!

Qardaşlıq ifadəsi həqiqi mənada bir bətndən doğulanların bir-biri ilə olan münasibətini ifadə edən məfhumdur. Elə bir münasibət ki, eyni soy və nəslin davamçısı olduğuna görə aradakı bağ və əlaqə son dərəcə misilsiz bir yerə və dəyərə malik olduğunu göstərmək baxımından son dərəcə əhəmiyyət kəsb edər.

Doğma qardaşına ətrafdan bir kəs kəm gözlə baxınca qeyri-ixtiyari olaraq daxildə bir duyğu sizi “kontrolsuz” şəkildə hərəkətə keçirər və o anda gözünüzü qırpmadan həmin kəm gözün öhdəsindən gəlmək üçün hər addımı atarsınız. Belə bir duyğu, belə bir müdafiə sistemidir qardaşlıq.

Türkiyə-Azərbaycan yan-yana yazılınca, səslənincə hissiyat bizi bir anda tərifəsığmaz zirvəyə yüksəldər. Gözünüzün yaşarması an məsələsi, ürək döyüntülərinizin sürətlənməsi qaçınılmaz və uğruna can vermək üçün düşünüb qərar vermənizə belə gərək qalmadan dərhal alovun içinə dimdik yürüyərsiniz...

Bəli, necə ki, elə də oldu... Tarixən də elə oldu... Günümüzdə də olmağa davam edərkən, bundan sonra belə olması qaçınılmaz olacaq.

Mərhum şairimiz Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeirində bu gerçək o qədər açıq bir şəkildə öz əksini tapmışdır ki, eyni anda sevinci, hüznü, qüruru, ulululuğu hiss edirik.

Hər bir yönümüz bir, yolumuz bir, niyyətimiz bir...

Bizi bu yola çıxaran niyyətimizin birliyidir möhkəm qılan, diri qılan,

Tariximizin bütün səhifələrində daim qardaşlığımızın təzahürlərini görmək mümkündür və bu nümunələr saymaqla bitməz.

Daha keçən əsrin əvvəllərində ölkəmizin sıxıntılı dönəmlərində, özbaşınalıqların baş aldığı, mənfur qonşularmızın törətdiyi soyqırımın yaşandığı bir dövrdə məhz Anadolu türk qardaşlarımızın imdada yetişərək gavur güclərə qarşı mücadilə verməsi, canlarından keçmələri sıradan bir hadisə deyildi. Birinci dünya savaşının sonlarında Avropa cəhbəsində mübarizə aparan Osmanlı ordusu tərkibindəki Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu savaşın bitməsinə baxmayaraq öz evlərinə, yurdlarına dönəcəkləri halda bundan imtina edərək azərbaycanlı soydaşlarının soyqırıma məruz qalmaları xəbərini duyunca o cəhbədən bu cəbhəyə imdada yetişmişdi. Dünya xalqlarının heç birinin tarxində buna bənzər fədakarlıq nümunələrini görmək mümkün deyil.

On minlərlə Azərbaycan türkünün Çanaqqala savaşında Anadolu türk qardaşları ilə çiyin-çiyinə mübarizə aparmalarının və bu yolda şəhadət mərtəbəsinə yüksəlmələrinin bir təsadüf olduğunumu düşünürsünüz? Əsla...

Bu fədakarlığı meydana çıxaran, onu bütöv bir cismə bürüyən məhz həmin o qardaşlıq bağlarının titrəşim kimi bir-birini hərəkətə keçirməsidir.

“Qardaş Köməyi” deyib keçməmək və onun sadəcə bir dərgi və ya təşkilat olduğunu unutmamaq lazımdır. Çox çətin zamanlarda göstərilən mənəvi dəstək mahiyyəti daşıyan fəaliyyətlərin necə böyük maddi dəstək fəaliyyətlərindən daha dəyərli və bərəkətli olduğu da ayrı məsələdir.

Bütün bu yaşadıqlarımızın fonunda mərhum türk şairi Abdurrahim Karakoçun ölkəmizdə, Qarabağ savaşının davam etdiyi 1992-ci illərdə qələmə aldığı “Qarabağa Məktub” şeirini xatırlamaq yerinə düşərdi. Şair göz yaşı içində:    

“Alovlar sizdə isə, közü bizdədir,

Sizdəki yaranın özü bizdədir”, deyərək ürək yanğısını dilə gətirirdi.

Dünyanı pəncəsinə alan pandemiya dönəmində dünya toplumlarının məyusluq içində çarəsizcə qıvrandığı vaxtda ana yurdumuzun illərdən bəri qanayan yarası, alovlar içində qalan Qarabağımızın 44 günlük qısa bir dönəmdə ordusunun, millətinin, vətəndaşının gücü, mətanəti və Allahın da yardımını arxasına alaraq düşmən pəncəsindən xilas etməsində ən böyük dəstəyi məhz Can Türkiyəmizdən gördük. Bütün platformalarda... Həm siyasi, həm hərbi, həm mənəvi və əsl qardaşlıq nümunəsi çərçivəsində. Türkün gücünün bir olunca nələrə qadir olacağını göstərdik bütün dünyaya. O zaman gördük ki, həqiqətin alovun közü hardadır, yaranın özü hardadır.

“Alovun közü” deyincə son günlərdə Türkiyənin müxtəlif vilayətlərində çıxan meşə yanğınlarında yaşanan acı mənzərəyə səssiz qalmayan Azərbaycan türkünün fədakarlığı gəlir gözümüzün önünə. “Nə üçün”, niyə”lərinsə tək cavabı vardı: “borcumuzdur”. Necə ki, yüzlərlə şəhidi mədfundur ana yurdumun torpağı altında türk qardaşımın. “Borcumuzdur” deyə gəlmişdilər. “Bizi gözləyirlər” deyə gəlmişdilər. Süngüdəki körpənin naləsi idi yanan evin içindəki qardaşmın naləsi. İnsan qürur hissini fərqli ölçüdə keçirir bu mənzərə qarşısında. Qürur hissi isə səni daha nə qədər dərin kökə malik bir xalqın mənsubu olduğunu bir daha xatırlatmağa vəsilə olur.

Ən çətin anlarda göstərir “borcumuzdur” deyib özünü “alovun” içinə ata bilmə şücaəti. “Bir millət, iki dövlət” ola bilmənin, tərəddüdsüz qucaqlaşa bilmənin təzahürüdür.

Öhdəsindən gələ bilməyəcəyimiz heç bir sıxıntının olmacayağını gördük bir olunca, qucaqlaşınca. Bundan sonra da görəcəyik.  

Yetər ki, bir olaq, iri olaq, diri olaq bir gün. Əsl “dirilişin” gərçəkləşəyi gündür məhz o gün.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz