NƏSİHƏT

NƏSİHƏT

Bir gün insanlardan qaçıb tənha yaşayan qocadan soruşurlar.

- Həmişə yalnız qalmaqdan bezmirsinizmi?

- Qoca cavab verir:

- Görüləcək çox işim var. İki qartalı ram etməliyəm. Eynən iki şahini də. İki dovşanı sakitləşdirib, ilanı tərbiyə etməliyəm. Uzunqulağı həvəsləndirməli, aslanı isə əhilləşdirməliyəm.

- Amma sənin ətrafında heç heyvan görünmür. Hardadırlar?

- Onlar daxilimizdə yaşayan heyvanlardır. “İki şahin” gördüyü hər şeyə hücum edir. Pisi-yaxşını, zərəri-faydanı onlara öyrətməliyəm. Çünki onlar mənim “GÖZLƏRİMDİR”. “İki qartal” toxunduğu hər şeyi məhv edir, yaralayıb parçalayır. Onlara xidmət etməyi və zərər vermədən yardım etməyi öyrətməliyəm. Çünki onlar mənim “ƏLLƏRİMDİR”. “Dovşanlar” hər zaman qorxu ilə qaçıb gizlənirlər. Onları sakitləşdirib çətinliklərlə başa çıxmağı öyrətməliyəm. Çünki onlar mənim “AYAQLARIMDIR”. Ən çətini isə ilanın öhdəsindən gəlməkdir. Dar bir qəfəsdə qapalı saxlasam da hər zaman hücuma hazırdır, yanında olanları zəhərləməyə çalışır. Ona görə də onu daim nəzarətdə saxlayıb daha diqqətli olmalıyam. Çünki bu mənim “DİLİMDİR”. Uzunqulaq hər kəsin bildiyi kimi çox inadkardır. Heç vaxt öz işini görmək istəmir. Buna görə də ona şükür etməyi və həyata davam etməyi öyrətməliyəm. Çünki bu mənim “VÜCUDUMDUR”. Və sonda şah olub hər kəsə əmr etmək istəyən bir aslanı əhilləşdirmək istəyirəm. Qürurlu, təkəbbürlü və dünyanın ancaq onun ətrafında dönməyini istəyir. Bax mən o aslanı tərbiyə etməliyəm. Çünki bu mənim “NƏFSİMDİR”.

 

Şeytan

Şeytanın yolu bir kəndə düşür və kürəyini ağaca söykəyir. Buzovu ağaca bağlı olan bir inəyi sağan gənc qadını uzaqdan izləməyə başlayır. Şeytan qadını bir neçə saat izlədikdən sonra buzovun ipini bir az boşaldır. Buzov da anasının sağılmasını acqarına izləməyə daha çox dözə bilmir. Tərpəndikcə boynundakı ip bir az daha boşalır və sonunda ip açılır. Qaçaraq anasını əmməyə gedən buzov, süd qabına dəyir və bütün süd yerə tökülür. Sağdığı südün ziyan olduğunu görən qadın hirsindən əlinə keçirdiyi odunu var gücü ilə buzovun başına vurur. Balanın qan içində yerə yıxıldığını görən inək hücum edərək buynuzu ilə qadını öldürür.

Uzaqdan keçən qadının qayınatası, inəyin gəlinini öldürdüyünü görüb, əlindəki tüfənglə atəş açaraq inəyi öldürür. Silah səsini eşidən ər qaçaraq gəlir və arvadının yerdə cansız yatdığını, atasının isə əlində tüfəng olduğunu görür. Silahını çəkib atasını öldürür. Qısa bir müddət sonra həqiqəti öyrənən gənc, bu acıya dözə bilməyəcəyini düşünərək bir güllə də özunə vurur.

Bu zaman şeytan gülərək öz-özünə deyir: indi hər şeyin günahını məndə görəcəklər. Buzovun ipini boşaltmaqdan başqa nə etdim ki, mən?

 

Həyat və ölüm Allahın əlindədir

 

Cərrahın telefonu zəng çalır.

— Bəli, eşidirəm.

— Cənab Həkim, ağır xəstə var, tez özünüzü çatdırın.…

— Gəlirəm deyib Həkim tələsik yola düşür.

Xəstənin atası xəstəxananın girişində həkimi qınaqla qarşılayır:

— Mənim oğlum ölüm ayağındadır, nə üçün gecikirsiniz? Öz oğlunuz olsaydı belə edərdinizmi?

Cərrah gülümsəyir:

— Mənə xəbər çatan kimi tələsik gəlmişəm. Bir də unutmayın ki, həyat və ölüm Allahın əlindədir.

Cərrah əməliyyat otağına daxil olur. 2 saat çəkən əməliyyatdan sonra cərrah otaqdan çıxıb dəhlizdə gözləyən atanın yanından sakitcə ötüb keçir. Ardınca köməkçi həkim çıxıb ataya “Oğlunuz yaşayacaq”, - deyir.

Ata bir an sevinsə də yenidən qəzəblənib deyir:

— Cərrah çox pis adamdır. Çıxanda xoş xəbəri mənə özü versəydi nə olardı?

Köməkçi həkim cavab verir:

— Cərrah çox gözəl insandır. Onun oğlu da avtomobil qəzasında dünyasını dəyişib. Biz onu dəfn mərasimindən çağırdıq. Oğlunun dəfn mərasimi başa çatmamış sizin oğlunuzu xilas etmək üçün xəstəxanaya gəlmişdi...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz