OXUMAĞI NECƏ SEVDİRƏ BİLƏRİK?

OXUMAĞI NECƏ SEVDİRƏ BİLƏRİK?

Oxumaq həyatdır. Oxumaq insanın düşüncə üfüqünü açır. Kitab oxumaq insanın yaradıcılıq düşüncəsini inkişaf etdirir. Kitab oxumaq fərqli dünyalara açılan qapılardan boylanmağın ən yaxşı və maraqlı yoludur. Heç görə bilməyəcəyimiz yerləri görmək, şahid ola bilməyəcəyimiz hekayələrin içərisində yaşamaq, ən doğru məlumatlara nail olmaq üçün atıla biləcək ən gözəl addımdır kitab oxumaq.

Kitab oxumaq boş vaxtı qiymətləndirmək deyil, əslində kitab oxumaq öyrənmək vasitəsidir. Düzdür, ən yaxşı öyrənmə yolu təcrübə edərək öyrənməkdir. Lakin həyatda hər şeyi təcrübə edərək öyrənmək mümkün deyil. Kitablar isə bizə nəyin təcrübə edilib-edilməyəcəyini  öyrədir.

Bu gün hər kəs oxuma səviyyəsinin aşağı olduğundan şikayət edir. Tez-tez “uşaqlar oxumur” cümləsi ilə qarşılaşırıq. Bəs onlara oxumağı necə sevdirə bilərik?

Uşaqlar oxumağı və yazmağı orta məktəbin ibtidai sinfində öyrənsələr də, əsasən üçüncü sinifdən yetkin bir oxucuya çevrilə bilərlər. Qeyd etmək lazımdır ki, dili ən çox inkişaf etdirən fəaliyyətlər oxumaq, dinləmək və danışmaqdır. Yəni oxuyan uşağın anlama və özünü ifadə etmə bacarığı daha sürətli inkişaf edər. Özünü rahat ifadə edən uşaq daha xoşbəxt, davranışlarında daha intizamlı olar.

Uşaq oxuma vərdişini əvvəlcə ailədə, sonra məktəbdə qazanır. Hər şeydən əvvəl, valideyn kitaba dəyər verirsə, oxuyursa, bu uşaqğın oxuması üçün nümunə olur. Əlbəttə ki, uşaq təbii olaraq valideynin oxuduğu kitabları görür, ilkin tanışlıq kimi maraqlanmağa və vərəqləməyə başlayır. Uşaqlarda ilk kitab sevgisi də məhz həmin andan başlamış olur.

Bəzən uşağın marağı olmasa da valideyn zamanla diqqətini çəkəcək kitablar alıb rəfə yerləşdirə bilıər. Bu da bir metoddur.

Kitab oxuma vərdişini qazandırmağın ən təsirli vasitələrindən biri də “birlikdə oxumaqdır”. Çünki hər bir uşağın ən böyük ehtiyacı valideynlə vaxt keçirməkdir. Xüsusilə körpələr və kiçik yaşdakı uşaqlar üçün yuxudan əvvəl valideynləri ilə kitab oxumaq bəlkə də günlərinin ən gözəl saatıdır. Bu səbəblə də kiçik yaşlardan etibarən kitab oxumağı sevdikləri insanla etdikləri sevimli bir fəaliyyət olaraq yaddaşlarına həkk edə bilsək, onlarda kitaba qarşı müsbət duyğular formalaşdırmağa nail olarıq.

Ən əsas məsələlərdən biri texnologiyanın kitabın yerini tutmasına icazə verməməkdir. Bu da bir həqiqətdir ki, uşaq kitab oxumağı nə qədər sevirsə sevsin, qarşısında televizor, planşet, kompüter və telefon oyunları çıxdıqda, kitab ikinci plana düşür. Nə üçün? Çünki oyunlar və müxtəlif proqramlar beyinin iş mexanizmini idarə edərək asılılıq yaradacaq şəkildə dizayn edilir. Uşaqların özlərinə nəzarət etməsi mümkün olmur. Ona görə bu vasitələrin valideynlər olaraq bizim idarəmizdə olması və şüurlu istifadə edilməsi lazımdır.

Əlbəttə, texnologiyadan da istifadə olunmalıdır. Onun da bir sıra faydalı cəhətləri var. Ancaq uşaqların məhdud və ölçülü istifadəsi bu faydanı daha da artırır. Axşam yatmazdan əvvəl telefon və planşetin yerinə kitabla ünsiyyət qurmaq daha məqsədə müvafiqdir.

Kitab oxumağı əyləncəyə çevirməyin yollarını tapmaq lazımdır. Hər uşaq individualdır, ona görə bu xüsusda lazım gələrsə psixoloq məsləhətinə müraciət etmək müsbət nəticə verə bilər. Unutmamaq lazımdır ki, kitab oxumağı məcburiyyət, məktəb tapşırığı kimi, yaxud cəza kimi görən uşaqla oxumaq arasında artıq nifrət divarı hörülmüşdür.

Azyaşlıları kitab mağazasına aparıb birlikdə kitab seçmək də (uşağın öz marağını çəkəcək kitabları seçməsinə imkan vermək) uşağa kitab oxumağı sevdirmə yollarından biridir.

Əslində uşaqlar doğuşdan maraqlı və öyrənməyə meyillidirlər. Ətraflarında çox sayda kitab, kitab oxuyan və kitabı sevən insan olduqda, üstəlik onların kitab oxuma həvəsini söndürəcək texnoloji vasitələr olmadığı zaman, oxuma istəkləri daha da güclənəcəkdir.

Araşdırmalar göstərir ki, hər hansı bir davranışın vərdişə çevrilməsi üçün 21 günlük vaxt lazımdır. Ən azı 21 gün boyunca nizamlı olaraq edilən hərəkətlər vərdişə çevrilir. Hər gün müəyyən bir müddət, amma heç axsatmadan kitab oxumaq zamanla vərdişə çevriləcək. Məsələn, 15 dəqiqə ilə başlayıb sonrakı zamanlarda yavaş-yavaş müddəti artırmaq kitab oxuma vərdişini qazanmaq və oxumağı sevmək üçün faydalı bir addımdır. Bunun üçün qərarlı olmaq ən əhəmiyyətli pillədir. Heç bir səbəblə vərdiş pozulmamalı, oxuma tərk edilməməli və kitab oxumaq üçün mütləq vaxt ayırılmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz