QORXUNUN MƏNBƏYİ NƏDİR?

QORXUNUN MƏNBƏYİ NƏDİR?

            Qorxu Allahın insanlara bəxş etdiyi ən önəmli nemətlərdən biridir. Çünki qorxu məsuliyət şüurunu artırır. Məsuliyyət şüuru da insanı digər canlılardan fərqləndirən ən mühüm xüsusdur. Bəs, qorxunun mənbəyi nədir? İnsan nədən, kimdən, nə zaman və niyə qorxur? İnsan öncəliklə bildiyi şeydən qorxur. Məsələn, insan ilandan zəhərli olduğu, ona zərər verə biləcəyini bildiyi üçün qorxur. İlanın zəhərli olduğunu bilməsə onu soxulcan kimi görər, ən dəhşətlisi onun öldürücü zəhərə malik olduğunu bilmədiyi üçün ona qarşı tədbirsiz davranmaqla öz ölümünə səbəb olan tərzdə hərəkəti edər. Halbuki ilan haqqında məlumatlı insan ondan ehtiyat edərək, yəni qorxaraq ona qarşı heç bir zaman tədbiri əldən verməz. Demək ki, qorxunun mənbəyi bilgidir.

Burdan başqa bir sual ortaya çıxa bilər. Bütün bilgilər insanda qorxu yaradır? Axı, məlumat sahibi olduğumuz hər şeydən ilan kimi ehtiyat etməmiz lazım gəlmir. Məsələn,  qarpızın hansı iqlim şəraitində daha yaxşı yetişdiyini bilmək, ya da maldarlıqla məşğul olan bir fermer yaşadığı bölgənin iqliminə uyğun hansı cins heyvanların daha məhsuldar olduğunu bilməsi kimi. Bu misalları daha da artırtmaq olar. Hətta riyaziyyat, kimya, biologiya və ya tarix, coğrafiya elmlərinə yiyələnməyi də bunlara əlavə etmək mümkündür.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, hər bir sahəni bilmək bu haqda məlumatsızlığın nəyə gətirib çıxara biləcəyini də insana öyrədir. Bir mühəndis tikdirəcəyi binada riyazi bir səhvin aqibətindən qorxar. Yaxud bir təsərrüfatçı düzgün analiz etmədən istədiyi yerdə qarpız əkəcəyi zaman məhsuldarlığın zəif olacağından ehtiyat edər. Bütün bunlar onu göstərir ki, hər öyrənilən şey insana məsuliyyətli, diqqətli və ehtiyatlı olmağı öyrədir.

            Bilmək iman və imansızlığa müvafiq olaraq insanlarda iki fərqli xüsusiyyət meydana gətirir. Bunlardan biri təkəbbür, ikincisi təvazökarlıqdır.

            İman sahibi olmayan hansısa sahədə ixtisaslaşmış bir alim etdiyi kəşflərlə qürur hissi keçirir. Elmi artdıqca digər insanlardan daha çox bildiyini düşünür, özünü onlardan üstün görür və nəticədə istər fərqində olsun, istər olmasın təbii olaraq insanlardan uzaqlaşmağa başlayır. Çünki o öyrəndikcə, elmi artdıqca ətrafındakı insanlardan onu anlaya bilənlərin sayı da azalmağa başlayır.

            İman sahibi bir alimin digərindən fərqi ondadır ki, tədqiqat apardığı hər bir obyektin yaradıcısının olduğunun fərqinə varır. Məsələn, suyun iki hidrogen, bir oksigendən əmələ gəldiyini bilməklə yanaşı bunun canlılar üçün həyat mənbəyi kimi Allah-Təalanın yaratdığını bilir. Əks təqdirdə bitkiləri tanımaq, onların hansının zərərli və ya zərərsiz olduğunu bilmək bir alim üçün kifayət edərmi? Göydə uçan quşlar da ona lazım olan qidanı tanıyır və onunla qidalanır, onlar da zərərli qidaları bilib ondan uzaq dururlar. Demək ki, hansısa  sahədə elm sahibi olmaq, suyun iki hidrogen bir oksigendən əmələ gəldiyini və ya qızıl metalı ilə civənin reaksiyaya girməsi ilə amalqamın əmələ gəldiyini bilmək və s. kimi təbiətin sirlərini öyrənmək, tarixi hadisələri bilmək insanı sadəcə insanlar arasında alim edər, Allah qatında deyil. Nə zaman ki, tarixdə həlak olmuş qövmlərin həlak olma səbəblərini öyrənib, ondan dərs çıxarsaq və ya külək vasitəsilə çiçəklərin tozlanmasının pərdə arxasında Allahın insanlara bir ikramı olduğunu bilsək, o zaman Allahın tanıyıb qəbul etdiyi alimlərdən ola bilərik. Beləliklə istənilən sahədə əldə etdiyimiz hər bir bilik bizə Allahın qüdrətinin əzəmətini daha da dərk etməmizə xidmət edəcək. Bu da öz növbəsində bütün bu nemətlərdən ötrü həm Allahı daha çox sevəcək, həm də bu nemətin şükrünü yerinə yetirmək üçün məsuliyyətimizi artıracaq. Buna görədir ki, Fatir surəsinin 28-ci ayəsində: “Allahdan qulları arasında yalnız alimlər layiqincə qorxarlar…” - buyurulur. Həmin alimlər ki, əldə etdiyi hər bir məlumat ona Allahın elmindən nə qədər az şey bildiyini öyrədir. Eyni zamanda Allahın təbiətə qoyduğu elmdə dərinləşdikçə Allahın qüdrətini daha da yaxından hiss sedir, onun qarşısında öz zəifliyini daha dərindən dərk edir. Nəticədə öyrəndiyi hər bir bilgi bu səfər o alimin öncə Allaha, sonra insanlara, canlılara və cansızlara qarşı məsuliyyətini daha da artırır. Bu da ona mütəvazilik vərdişini yiyələndirir. Mütəvazi birinin ətrafındakılar isə nəinki azalar, hətta çoxalmağa başlayar.

            Bunu da qeyd etmək lazımdır ki, bilik insana daha diqqətli olmağı öyrətdiyi kimi, Allaha qarşı da eyni dərəcədə məsuliyyətli olmağı öyrətməlidir. Əks təqdirdə Qurani-Kərimdə qeyd olunan alimlərin cərgəsinə daxil olmaq imkansızdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz