NÜBÜVVƏT

NÜBÜVVƏT

İlk peyğəmbər Hz. Adəmdən son peyğəmbər Hz. Muhammədə qədər bütün peyğəmbərlər öz qövmlərini Allahın varlığı və birliyinə, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirətə, qədər və qəzaya inanmağa, Allaha saleh bəndə olmağa və əxlaqlı davranmağa çağırmışdır. Xüsusilə Allahı ibadət ediləcək yeganə ilah, sığınılacaq yeganə varlıq kimi tanımaq mənasına gələn tövhid əqidəsi, peyğəmbərlərin təkidlə üzərində dayandıqları bir əsas olmuşdur. Bəzən tövhid əqidəsindən uzaqlaşmalar olmuş, insanların müdaxilələri ilə ortaya çıxan pozulma və dəyişmələr yenə peyğəmbərlər tərəfindən ortadan qaldırılaraq tövhid əqidəsi yenidən canlandırılmışdır.

Peyğəmbərlər təməl əxlaqi əsaslarda və ibadətlərdə eyni qaydaları gətiriblər. Yalnız təfərrüatla və əməli məsələlərlə əlaqədar hökmlərdə dəyişiliklərə rast gəlmək mümkündür.

Peyğəmbərlərin bildirdikləri dəyişməyən əsas olan əqidəvi hökmlər zamana, məkana, fərd və cəmiyyətlərə görə müxtəliflik göstərməyən bir bütündir. Bir qisminə inanıb, bir qisminə inanmamaq əqidəyə tərsdir.

 

Quranda  adı çəkilən peyğəmbərlər           

Peyğəmbərlərin sayı barəsində Quranda hər hansı bir rəqəm verilməmişdir. İslam alimləri  ayədə yer alan “And olsun ki, səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlardan sənə hekayələrini bəhs etdyimiz kəslər də var. Vəziyyətlərini sənə bildirmədiyimiz kəslər də var”  (əl-Mumin, 78; ən-Nisa, 164) ifadəsini nəzərə alaraq peyğəmbərlərin sayı ilə əlaqədar bir rəqəm bildirilmədiyi üçün “Hz. Adəmdən (ə.s) Hz. Muhammədə (s.ə.s.) qədər göndərilmiş olan peyğəmbərlərin hamısına inandım, hamısının haqq və gerçək olduqlarını qəbul etdim” deyilməsinin daha düzgün olacağını söyləmişlər.

Quranda adı çəkilən 25 peyğəmbər bunlardır: Adəm, İdris, Nuh, Hud, Saleh Lut, İbrahim, İsmayıl, İshaq, Yaqub, Yusif, Şueyb, Harun, Musa, Davud, Süleyman, Əyyub, Zülkifl, Yunus, İlyas, Əlyəsa, Zəkəriyyə, Yəhya, İsa və Muhamməd səllallahu əleyhi və səlləm.  Bunlardan başqa Quranda üç şəxsin adı da çəkilir ki, onların peyğəmbər olub-olmadıqları  ixtilaflıdır. Bunlar Üzeyr, Loğman və Zülqərneyndir.

 

Hz. Muhamməd son peyğəmbərdir

Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.s) ən son peyğəmbərdir. Ondan sonra bir daha peyğəmbər gəlməyəcək. Qurani-Kərim ilahi mesaj zəncirinin, peyğəmbərlik və vəhy müəssisəsinin onunla sona çatdığını, onun “xatəmun-nəbiyyin” (nəbilərin sonuncusu) olduğunu qəti bir şəkildə bizə xəbər vermişdir:

“Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyil. Lakin O, Allahın Rəsulu və nəbilərin sonuncusudur...” (əl-Əhzab, 40)

Bəşəriyyət bu son peyğəmbərin gətirdiyi kitab və din ilə kamala çatmış, artıq yeni peyğəmbərlərə və vəhylərə ehtiyac qalmamışdır. Cəmiyyətin inkişafı və əxlaqən yüksələ bilməsi üçün ediləcək şey Hz. Peyğəmbərin (s.ə.s)  gətirdiyi kitabda hidayət axtarmaq, Qurana sarılmaq və İslama görə yaşamaqdır. Son peyğəmbər olan Hz. Muhammədi (s.ə.s)  digər peyğəmbərlərdən üstün edən xüsusiyyətləri bu şəkildə sıralaya bilərik:

  1. Hz. Peyğəmbər yaradılmışların ən üstünü və ən xeyirlisi, Allahın ən sevimli quludur. Bir ayədə “Siz insanların yaxşılığı üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz...” (Ali-İmran, 110) buyurulmuşdur. Bir ümmətin ən xeyirli ümmət olması, o ümmətin tabe olduğu peyğəmbərin də ən üstün olması deməkdir.
  2. Onun peyğəmbərliyi bütün insanlığı əhatə edir. Halbuki o biri peyğəmbərlər müəyyən qövm və bölgələr üçün göndərilmişdilər. Bir ayədə belə buyurulur: “Biz səni bütün insanlara ancaq müjdələyici və xəbərdar edici olaraq göndərdik...” (əs-Səbə, 28)
  3. Hz. Muhammədin peyğəmbərliyi qiyamətə qədər sürəcək. Halbuki əvvəlki peyğəmbərlərin nübüvvəti müəyyən zamanla məhdud idi.
  4. O, son peyğəmbərdir. Ondan başqa peyğəmbər gəlməyəcək.
  5. O, son peyğəmbər olduğu üçün gətirdiyi dinin də ən son və ən mükəmməl din olması təbiidir. İslamiyyət əvvəlki dinlərin hökmünü qaldırmışdır. Qiyamətə qədər ən son və ən mükəmməl din olaraq davam edəcək. Bir ayədə belə buyurulur: “Bu gün dininizi kamala çatdırdım. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim...” (əl-Maidə, 3)

Gətirmiş olduğu dinin ən son və ən mükəmməl din olması, peyğəmbərliyinin beynəlmiləl olması, ümmətinin seçilmişliyi, mesajının qiyamətə qədər davam etməsi Peyğəmbərimizi (s.ə.s) digər peyğəmbərlərdən üstün qılmışdır. Bir hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur: “Mənə, məndən əvvəl heç kimə veriməyən beş xüsus verildi: Bir aylıq məsafədən (düşməni) qorxutmaqla yardım aldım. Yer üzü mənə məscid və təmiz qılındı, bu səbəblə ümmətimdən hər hansı bir kimsə namaz vaxtı harada gəlirsə-gəlsin orada qılsın. Məndən əvvəl heç kimə halal olmayan qənimət, mənə halal edildi. Mənə şəfaət haqqı verildi. Hər hansı bir peyğəmbər yalnız öz millətinə göndərildiyi halda, mən bütün insanlara göndərildim. (Buxari, Təyəmmum 1, Salət 56; Müslim, Məsacid 3(521)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz