VƏFA BORCUMUZ

VƏFA BORCUMUZ

Təxminən iki ay əvvəl idi. Rayondan gələn qonaqlarımı gəzdirmək üçün Bakının ən əziz yerinə - Şəhidlər xiyabanına getmişdim. Xiyabanın girişində dayanıb şəhidlərin ruhuna fatihə oxuduq. Sonra bu müqəddəs məkanın tarixini bildiyim qədərilə anlada-anlada ağır addımlarla irəlilədik. Sönməyən azadlıq eşqimizi tərənnüm edən Əbədi Məşəl abidəsinə gəlib çatanda şəhərin gözəl mənzərəsini seyr etməyə və oradan görünən tanınmış məkanlar və binalar haqda qonaqlarıma məlumat verməyə başladım. Bu zaman məbədin kölgəsində dayanan iki “turist” diqqətimi çəkdi; birinin qıvırcıq qara saçları, bir-birinə qarışmış saç-saqqalı və qarabuğdayı siması onun ərəb olduğu, digərinin isə çəkik gözləri və Uzaq Şərq insanını xatırladan siması çinli olduğu qənaətinə gəlməyimə səbəb oldu. Onların diqqətli nəzərlərinin təsirində qalmamağa çalışaraq qonaqlarıma Bakı haqqında bildiklərimi danışmağa davam edirdim. Hava isti olduğu üçün çox uzatmadan danışdıqlarımla kifayətlənmək qərarına gəldim. Qısa müddətli sükutu fürsət bilən “turist”lər bizə yaxınlaşdılar və qıyıq gözlü olanı türkcə sual verdi:

- Abi, müsade varmı?

- Buyurun, - dedim, təəccüblə.

- Bize Şehidler hıyabanını anlata bilirmisiniz? – dedi.

Qeyri-ixtiyari haralı olduğunu soruşdum. Qırğızıstanlı olduğunu, Türkiyədə aspirantura təhsili aldığını dedi. Yanındakı dostunun - əslində, qarşılaşmanın əsl qəhrəmanı o idi - türkiyəli olduğunu öyrənəndə daha çox çaşqınlıq yaşadım (çünki onun ərəb olduğunu düşünmüşdüm), amma bunu hiss etdirməməyə çalışdım. Adının Mehmet olduğunu deyib tanışlıq verdi.

Növbəti sualım bu oldu: “Qısa danışım, yoxsa təfərrüatlı?”. “Geniş-geniş anlat”, - dedilər və qıvrımsaç oğlan əlindəki balaca kameranı söykəndiyim divarın üstünə qoyaraq bundan məmnun qalacağını bildirdi.

Söhbətimə Birinci Dünya müharibəsində bölgədəki ağır vəziyyəti xatırladaraq başladım. Rusiyanın hakimiyyəti altında olmasına baxmayaraq Azərbaycandan Çanaqqala döyüşü üçün yığılan yardımlardan, döyüşə yollanan həmvətənlərimizdən, əsgərlərə kömək edən “Qardaş köməyi” təşkilatından bəhs etdim.

Arxasınca Çar Rusiyasındakı inqilablardan və əldəki ilk fürsətdə elan olunan müstəqillikdən danışdım. Bolşevik təhdidi və erməni təhlükəsi ilə üz-üzə qalan cümhuriyyətimizin qardaş Osmanlıya müraciətinin səbəblərini və Ənvər paşanın öz qardaşı Nuru paşa rəhbərliyində göndərdiyi Qafqaz İslam Ordusunu bildiyim ən xırda detalları ilə izah etməyə çalışdım.

29 yaşlı gənc paşanın at belində İstanbuldan Mosula, oradan Təbrizə, oradan da Gəncəyə gəlməsini, arxasınca başlayan döyüşlərlə Gəncənin, Göyçayın, Ağsunun, Kürdəmirin, Şamaxının və 40 gün davam edən döyüşlərdən sonra sentyabrın 15-də Bakının azad edilməsini, bu yolda ac-susuz keçilən yolları, avqust ayının qızmar istisinə baxmayaraq davam edən qanlı mübarizəni danışdıqca qarşımda dayanan Mehmetin “abi bunu bilmiyordum”, “abi Enver paşa neler yapmış ya”, “abi tüylerim diken-diken oldu” kimi cümlələrini eşidir, daha da həvəslənib hərarətlə anlatmağa davam edirdim...

1918-ci ildə Bakının azad edilməsindən sonra şəhidlərimizin burada dəfn edildiyini, ta o zamandan buranın şəhidlər təpəsi olduğunu, Sovet dövründə qəbiristanlıq parka çevrilərək tariximizin unutdurulmağa çalışıldığını, 1990-cı il 20 Yanvar hadisələrini və azadlıq uğrundakı növbəti şəhidlərimizin də burada dəfn edildiyini danışdım. Söhbətimiz Birinci Qarabağ döyüşləri və zəfərlə taclanan İkinci Qarabağ döyüşləri ilə yekunlaşdı.

Bir həftə sonra bir iş yoldaşım mənə mesajla link göndərdi, altına da “gözəl danışmısan” yazdı. Baxdım ki, danışdıqlarımı (yer-yer kəsərək qısaltmışdılar) youtube kanalında paylaşıblar. Sən demə qıvrımsaç qara oğlan - Mehmet “Değişik yollarda” adlı video kanalını idarə edən vayner imiş. Hansı ki, belində yol çantası ilə ölkələri gəzib – daha çox avtostop yoluyla və piyada gəzərək – oraların məşhur yerlərini, yeməklərini və bu yolda qarşılaşdığı maraqlı hadisələri internet kanalında paylaşmağı həyat tərzinə çevirib. Gözəl bir təsadüf, gözəl bir təşəbbüs deyərək Mehmetə təşəkkür etdim.

Əslində, mən danışdıqca ağlamsınan Mehmet məni də xeyli duyğulandırmışdı. Dediyi kimi, onlarla ölkədə gözünü qırpmadan döyüşə yollanan, öz yurduna bir daha qayıda bilməyən, ailəsinin cənazəsini belə görə bilmədiyi, dəfnində iştirak edə bilmədiyi saysız qəhrəmanlarımız var. Bu torpaqlar onların fəda etdiyi əziz canlar və axıtdıqları mübarək qanlar hesabına vətən olaraq bizə əmanət edilib. Bunu da qeyd edim ki, 1918-ci ildə köməyə gələn Qafqaz İslam Ordusu bu torpaqlarda 1130 şəhid vermişdir. Cümhuriyyəti quranların və bu yolda şəhid olan atalarımızın əziz xatirəsini minnətlə yad etdiyimiz kimi, o çətin dövrdə yurdumuzun düşmən işğalından təmizlənməsi üçün “qardaş köməyi”ni əsirgəməyən Qafqaz İslam Ordusunun hər bir şəhidini, hər bir nəfərini də böyük ehtiramla yad etmək ən azından vəfa borcumuzdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz