YAZININ TARİXİ
Yazı mədəniyyətin tarixini öyrənməyə kömək edir. Yazının tarixi çox qədimlərə gedib çıxır. Bəşəriyyətin başlanğıc dövrlərində ünsiyyət ilk öncə şifahi formada həyata keçirilirdi. Əlimizdəki ilk yazı nümunələrinin yaşı 7000 ildir. İstifadə etdiyimiz yazı o vaxtdan bu günə uzun inkişaf yolu keçərək indiki formaya gəlib çatmışdır.
Yazı nə səbəbə yarandı? Axı şifahi şəkildə ünsiyyət var idi. Niyə ikinci bir ünsiyyət formasına ehtiyac duyuldu? Çünki şifahi ünsiyyət hər zaman hər yerdə istifadə oluna bilmirdi. Məsələn, insanlar xeyli uzaqda olanda nə qədər çağırsalar da, bir-birini duymurdular. Beləliklə, bir-birilərinə fikirlərini bildirmək üçün yazıdan istifadə etməyə başladılar.
Bundan başqa, keçmiş dövrlərdə insanlar ayrı-ayrı qruplar, dəstələr şəklində yaşamışlar. Bu qruplar arasında münasibətlər çox zəif olmuşdur. Amma daha sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi və s. əlaqələr yarandı. Həmin bu tayfalar müəyyən məqsədlər üçün bir-biriləri ilə əlaqə saxlamalı oldular. Buna görə də ikinci köməkçi ünsiyyət vasitəsi olaraq yazı formalaşmağa başladı. Onun başlanğıc yolu heç bir xüsusi plan üzrə olmamış, tədricən yaranmışdır. Yəni ilkin yazı insanların şifahi şəkildə əlaqə qura bilmədiyi sahələrdə meydana gəlmişdir.
Onu da qeyd edim ki, yazının meydana gəlməsində bütün tayfalar və xalqlar iştirak etməmişdir. Bunun bariz nümunəsi müasir dövrdə öz yazısı olmayan xalqlardır. XIX əsrin axırlarına kimi Mərkəzi Afrikanın və Şimali Amerikanın bir çox xalqları hələ də yazı ilə tanış deyildilər.
Qədim zamanlarda bəzi xalqlar qarşılarındakı rəqiblərinə fikirlərini bildirmək üçün əşyalardan və canlı heyvanlardan istifadə edirdilər. Məsələn, 513-cü ildə İran şahı Dara Skiflərin özlərini məğlub olmuş kimi hiss etmələri üçün onlara torpaq və su göndərmişdir. Bir sıra alimlərin qeyd etdiyi kimi, bu, simvolik bir siqnaldır.
Qədim dövrdə insanların müəyyən məlumatı məkanla, ən əsas da zamanla əlaqədar olaraq uzaq ərazilərə çatdırmaq üçün kəndir və yaxud ipi düyünləmək vasitəsindən də istifadə etdikləri qeyd olunur.
Məqsəd və fikri düyünlər hesabına (Quipi) ifadə etmək farslar, türklər, çinlilər, meksikalılar və digər xalqlar arasında yayılmışdır. İpə düyün vurmaqla həm də say anlayışını ifadə edirdilər. Misal üçün: Farslar asılmış hər bir ip vasitəsilə say və yaxud müəyyən əşyanın miqdarını təyin edirdilər. Perulular və meksikalılar isə ipi düyünləməklə daha mürəkkəb anlayışları ifadə edə bilirdi. Meksikada bu vasitə o qədər geniş yayılmışdı ki, onlar bu yolla müqavilələri, bütöv əhvalatları belə ifadə etmək qabiliyyətinə malik idilər.
Zaman keçdikcə bu vasitələrin bəziləri yazının növləri kimi qələmə alındı. Tanınmış alman alimi İohan Fridrix əşyalarla fikir ifadə etməyi yazının primitiv başlanğıcı hesab edirdi.
Zaman keçdikcə insanlar yazını təkmilləşdirməyə başladılar. Onlar artıq müəyyən cizgilərlə fikirlərini ifadə edə bilirdilər. Onlar torpaq və ağacın üzərinə müxtəlif cizgilər çəkərək və ya ağac çapmaqla müəyyən məlumatları çatdırmağı bacarırdılar.
Dünyada olan ən qədim yazı nümunələrindən biri Heroqlif yazısıdır. Heroqlif yazının inkişafı nəticəsində heratik kursiv yazı növü formalaşmışdır. Eramızdan əvvəl VII-VIII əsrlərdə demotik kursiv yazı əmələ gəlmişdir.
Həmçinin dünyada olan ən qədim yazılardan biri Mixi yazılarıdır. Qədim dövrlərdə insanlar fikirlərini yazılar hesabına ifadə etməyə başlayarkən bunu palçıq və ya heyvan dərisi üzərinə qeyd edirdilər. Papiruslar üzərinə qeyd edilmiş yazı nümunələrinin bəziləri isə indinin özündə də qalmaqdadır.
Türk dünyasının mədəniyyətinin qədim təməllərindən olan Orxon-Yenisey abidələrində də yazılar mövcuddur. Azərbaycanın qədim yazı nümunələrinə isə Gəmiqaya təsvirlərini, Qobustan qayaları üzərində olan rəsmləri və s. misal göstərə bilərik.
İslam dini elmə, təhsilə böyük önəm verir. Onu da qeyd edim ki, Peyğəmbərimizin (s.ə.s) elm və irfan yolunda canını fəda edənləri şəhidlərə bərabər tutması onun bu sahəyə necə qiymət verdiyini göstərir. Dünyada ilk ali təhsil ocağı məhz İslam ölkəsində qurulmuşdur. Bu ali təhsil ocağı Mərakeşin Fəs şəhərində yaranan Qarauin (əl-Qaraviyyin) Universitetidir. Bu universitet 859-cu ildə Fatimə əl-Fihri tərəfindən inşa olunmuşdur (əsası qoyulmuşdur). İlk olaraq məscid kimi fəaliyyət göstərən bu təhsil ocağında 1957-ci ilə kimi təbiət elmləri tədris olunurdu və daha sonra fizika, riyaziyyat, kimya və xarici dillər kimi elmlər də əlavə edilərək tədris olunmağa başladı. Universitet fasiləsiz olaraq indiki dövrə kimi fəaliyyət göstərən ən qədim ali təhsil ocağı olaraq Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
ŞƏRHLƏR