DABBƏTÜL-ƏRZ

DABBƏTÜL-ƏRZ

Dini mənbələrə görə, “Dabbətül-ərz” deyə adlandırılan bir varlıq yerin altından çıxacaq və o, qiyamətin böyük əlamətlərindən biri olacaq. Bu ifadənin kökünü təşkil edən “dabb” və “dabib” kəlmələri ərəb dilində “vurnuxma” mənasına gəlir. Bu ifadə heyvanlar və çox vaxt da həşəratlar üçün işlədilir. İçkinin bədənə yayılması və bir çürüklüyün ətrafa yayılması kimi gözlə görünməyən yayılmalar üçün də bu kəlmədən istifadə edilir. “Dabbə” isə “vurnuxan”, “hərəkət edən” deməkdir. Qurani-Kərimdə bu kəlmədən “heyvan – canlı” mənasında istifadə edilmişdir:

“Allah hər heyvanı (dabbəni –canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!”. (ən-Nur, 45)  Bu ayədən də aydın olduğu kimi, hər bir heyvana dabbə deyilir.

“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin” (Hud, 6) ayəsində də canlılar “dabbə” kəlməsi ilə ifadə edilmişdir.

Qiyamətin əlaməti olaraq dini mənbələrdə keçən “dabbə” haqqında isə Qurani-Kərimdə belə buyurulur:

“Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan (dabbə) çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər”. (ən-Nəml, 82)

Bu ayədən aydın olur ki, dabbə danışan, canlı heyvandır. (M. H. Yazır, “Haqq Dini Quran Dili”, V, 3701)

Rağib əl-İsfahani yuxarıdakı ayəni əsas götürərək belə demişdir: “Dabbə bildiyimiz heyvanlara bənzəməyən bir heyvandır. Ortaya çıxması qiyamətə yaxın bir dövrdə olacaq. Bu ifadə haqqında belə də deyilmişdir ki: Bununla, cahiliyyədə heyvan mərtəbəsində olan pis insanlar nəzərdə tutulmuşdur”. (Rağib əl-İsfahani, “Müfrədat”, “Dabb” maddəsi)

Abdullah ibn Ömərə (r.anhuma) görə, dabbənin çıxma hadisəsi dünyada yaxşılığı əmr edən və pislikdən çəkindirən heç bir fərd qalmadığı zaman baş verəcək. İbn Mərdiyənin Əbu Səid əl-Xudridən (r.a) rəvayət etdiyi bir hədisə görə, eyni şeyi şəxsən Hz. Peyğəmbərdən (s.ə.s) Əbu Səid də eşitmişdir. Bu da insanların başqalarını yaxşılıq etməyə təşviq və pislikdən çəkindirmə (əmr bil-məruf, nəhy anil-münkər) vəzifəsini tərk etdiyi zaman Allahın, qiyamətdən əvvəl, son xəbərdarlıq vəzifəsini görmək üçün bir dabbə meydana çıxaracağını göstərir. Bununla birlikdə onun tək bir heyvan, yoxsa bütün yer üzünü tutacaq bir heyvan növü olduğu açıq deyil. (Mövdudi, “Təfhim”, IV, 128)

Əqaid kitablarında qiyamətin əlamətlərindən biri olaraq göstərilən “dabbətül-ərz” haqqında Peyğəmbərimizdən (s.ə.s) belə rəvayət edilir:

“İlk çıxacaq qiyamət əlaməti günəşin batdığı yerdən doğması və gündüz vaxtı insanların qarşısına dabbənin çıxmasıdır. Bu əlamətlərdən hansı əvvəl meydana çıxsa, o birisi qısa zamanda ondan sonra baş verəcəkdir”. (Müslim, Fitən, 118; İbn Hənbəl, Müsnəd, II, 201)

“Üç şey var ki, bunlar çıxdığı zaman əvvəldən iman etməyən heç bir kimsəyə (o günkü) imanı fayda verməz: Günəşin Qərbdən çıxması, Dəccal və Dabbətül-ərz”. (Müslim, İman, 249; Tirmizi, Təfsir, surə 6 )

“Dabbə, yanında Hz. Musanın (ə.s) əsası və Hz. Süleymanın (ə.s) möhürü olduğu halda çıxacaq. Möminin üzünü əsa ilə parıldadacaq, kafirin burnunu da möhürlə möhürləyəcək. O dövrdə yaşayan insanlar bir yerə toplaşacaqlar və möminlə kafir müəyyən olunacaq”.  (Əhməd ibn Hənbəl, II, 491; Tirmizi, Təfsir, 27; İbn Macə, Fitən, 31)

Dabbətül-ərz yerdən çıxacaq bir canlıdır. Amma bunun necə bir canlı varlıq olduğunu bilmirik. QİÇS (AİDS) mikrobu ortaya çıxdığı zaman bəzi təvilçilər o mikrobun dabbətül-ərz olduğunu iddia etmişdilər. Bu gün də dünyanı vəlvələyə salan virusun (COVİD-19) dabbətül-ərz  olduğunu söyləyənlər oldu. Bəli, virus canlıdır (dabbə), amma dabbətül-ərz deyildir.  İslamın sarsılmaz əqidəsi belə iddialara müsbət cavab vermir.

Bu mövzu ilə bağlı rəvayətlər çoxdur. Yəni qiyamətin bu əlamətinin dini mənbələrdə danılmaz yeri var. Lakin məsələnin incə təfərrüatları tam olaraq aydın deyil. Nəticə olaraq bu, gələcək ilə əlaqəli verilən xəbərlərdəndir ki, bunun vaxtını və əsil mənasını ancaq Uca Allah bilir. Bunun üçün  dabbətül-ərzlə əlaqəli Qurani-Kərimdə  və  hədisi-şəriflərdə  bildirilən məlumatlarla kifayətlənmək, işin həqiqi mahiyyətini Allaha həvalə edib, dabbətül-ərzin qiyamətə yaxın zühur edəcəyinə iman etmək ən doğru yoldur.

“Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir...”.  (əl-Ənam, 59)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz