İÇKİNİN FƏSADLARI
İslamdan əvvəl spirtli içkilərin içilməsi gündəlik həyatın bir hissəsinə çevrilmişdi. İçki içməyə adi hal kimi baxılırdı. Çünki o dövrdə insanlar həm mənəviyyatdan və dini həyat tərzindən uzaqlaşmış, həm də içkinin törədə biləcəyi xəstəliklərdən o qədər də xəbərdar deyildilər. Tədqiqatlardan da məlum olur ki, şərab ilk dəfə İslamda qadağan olunmuşdur.
Fransız tarixçisi Rhenan yazırdı: “İslam dini öz ardıcıllarını bir çox təhlükədən, o cümlədən donuz, itin artığı və şərabdan xilas etmişdir”.
Spirtli içkilərin zərərləri çoxdur. Zatən diqqətlə tədqiq edildikdə görə bilərik ki, İslam dininin istifadəsini qadağan etdiyi qidaların, içkilərin və bəzi hərəkətlərin, demək olar ki, hamısının insan orqanizması, ailə həyatı və cəmiyyət üçün bir çox zərərləri vardır. Bunlar arasında sərxoş edici içkilər təkcə onu qəbul edən şəxsə deyil, eyni zamanda ətrafındakılara da verdiyi ağır zərərlə xüsusi diqqət çəkir. Bu aludəliyə düçar olan neçə-neçə insan sağlamlığını itirmiş, kimisinin ailəsi dağılmış, kimiləri cinayətkar olmuş, bir çox insan da avtomobil qəzasında dünyasını dəyişmişdir. İçkinin insan oğlunun həyatında törədə biləcəyi fəlakətləri sezən Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “İçki bütün pisliklərin anasıdır”. (Nəsai, Əşribə,44) İnsan spirtli içki qəbul etmədiyi zaman ağılla, məntiqlə düşünə bildiyi halda, içki qəbul etdikdən sonra ağılın önü qapanır, beyin öz funksiyasını itirir və normal düşüncə ilə hərəkət edə bilmir. Bunun nəticəsi də acı olur. Spirtli içki qəbul edənlərdə yaranan (sərxoş ikən) yırtıcılıq əhvali-ruhiyyəsinin təsiri ilə belələri hər bir cinayəti törətməyə hazır vəziyyətdə olurlar. Statistik məlumatlara görə, spirtli içki qəbul edənlərin cinayət əməlləri olduqca çoxdur. Qətllərin, oğurluq hallarının, təcavüzlərin, bıçaqlanma hadisələrinin əksəriyyəti də yenə sərxoşluğun payına düşür.
Spirtli içki qəbul etməyin dövlətin iqtisadiyyatına da mənfi təsiri olduğu açıqdır. Alimlərdən biri belə yazır: “Əgər hakimiyyətdə olanlar spirtli içki istehsalını qadağan etməyə zəmanət versələr, mən də xəstəxana və dəlixanaların yarısına ehtiyac olmayacağına zəmanət verərəm”. Həqiqətən, spirtli içkilərin istehsalından dövlətin xəzinəsinə gələn gəlirdən daha çox, onun törətdiyi fəsadları aradan qaldırmaq üçün büdcə ayrılmaqdadır.
Alkoqolizmin tibbi zərərləri də xeyli çoxdur. Spirtli içki qəbul edildikdə (ağız, mədə və ağciyər selikli toxumaları vasitəsi ilə) asanlıqla qana sorularaq mərkəzi sinir sistemində bir sıra pozğunluqlar törədir. Əgər hamilə qadın alkoqol qəbul edərsə, onun müəyyən hissəsi bətndəki uşağa ötürülər və birbaşa beyin hüceyrələrinə təsir göstərər. Alkoqolizm qan-damar sistemində distrofik dəyişikliklərə, hipertoniya xəstəliyinin sürətlənməsinə, qaraciyər və böyrəklərin funksiyasının pozulmasına, ağır psixi və somatik pozğunluqlara və s. səbəb olur. Xroniki alkoqolizm ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzi hallarda da alkoqol psixozları ilə nəticələnə bilər.
Spirtli içkinin insanın mənəviyyatına vurduğu zərərlər daha böyükdür. Sərxoş adam cəmiyyətdə davranış qaydalarına riayət edə bilmir. Ailədə narazılıq törədir və uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Spirtli içki aludəçisi olan insanlarda övlad qayğısı və sevgisi son həddə enir. Bir çox hallarda bu kateqoriyadakı insanların öz övladlarına belə qəsd etdikləri müşahidə olunmuşdur. Uca Allah yuxarıda sadaladığımız bütün bu mənfi təsirlərdən fərdləri, ailələri və toplum həyatımızı qorumaq üçün spirtli içkilərin istehsalını, satışını və istifadəsini qadağan etmişdir. Qeyd edək ki, toplum psixologiyasını çox yaxşı bilən Rəbbimiz spirtli içkinin qəbulunu dörd ayə ilə mərhələli şəkildə qadağan etmişdir. Sonuncu mərhələdə enən ayədə Uca Allah içkini tamamilə qadağan etmiş və bizləri bu pis vərdişdən qətiyyətlə çəkindirmişdir. Həmin ayədə Rəbbimiz belə buyurur: “Ey iman gətirənlər! Həqiqətən, içki, qumar, bütlər və fal oxları şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq bunlara son qoyacaqsınızmı?!” (əl-Maidə, 90-91)
Bu ayə nazil olduqda əlində şərab camı olanlar yerə atdılar, evində şərab küpü olanlar götürüb çölə tulladılar. Allahın bu açıq əmri ilə bütün müsəlmanlar bir anda içkini tərk etdilər. Cəmiyyət yekdilliklə şəriətin hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri, Allah Rəsuluna (s.ə.s) olan itaətin və inamın təzahürü idi. Ümid edirik ki, biz də fərd və toplum olaraq Allaha və Onun Rəsuluna itaət etsək, pis vərdişlərdən tamamilə çəkinər və qorxunc nəticələri ilə heç vaxt qarşılaşmarıq.
ŞƏRHLƏR