SEHR VƏ CADU HARAMDIR
Dinimizdə haqlı ilə haqsız, zalımla məzlum, alimlə cahil, yaxşı ilə pis bir deyil. Bir olan yalnız tövhiddir, Allahın müqəddəs Zatıdır, bəndələrin Onun qarşısında şərtsiz təslimiyyətidir. Təqva isə yeganə meyardır ki, bəşər övladı onun sayəsində Allahın yanında dəyər qazanır və bu, Uca Yaradana qarşı edilən itaət, təzim və ibadət nisbətindədir.
Müqəddəs dinimiz bir kəsin başqasına ziyan verməsini, haqqını əlindən almasını heç bir vəchlə qəbul etmir. İslamda hər kəsin malı, canı müqəddəsdir və dinimiz öz hökmləri ilə bunları qoruyur. Lakin bu bir həqiqətdir ki, insanın canına və malına müxtəlif üsullarla zərər vermək mümkündür. Verilən ən böyük zərərlərdən biri də mahiyyət baxımından eyni olan sehr və ya cadudur. Buna görə də, bütün səmavi dinlərdə, xüsusilə də İslamda zərərli və hiyləgərlik simvolu olan sehr və ya cadu qəti olaraq qadağan edilmişdir. Çünki bu əməllə neçə-neçə insan ruhi böhran keçirmiş, sehrbaz və cadugərlərin tələsinə düşərək pərişan olmuşdur; neçə-neçə yalançı, hoqqabaz və şarlatan bu cür yüngül vasitələrlə qazanc əldə etmiş, haqsız sərvət toplamışdır. Qurani-Kərimin sehrdən bəhs edən ayələrindən birində buyurulur:
“İnsanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər”. (əl-Əraf, 116)
Qeyd edək ki, mübarək ayədə keçən “sehr” kəlməsi lüğətdə doğruluğun əksi olan “şarlatanlıq” və “hiyləgərlik” mənasına da gəlir. Sehr İslam dinində öyrənilməsi haram, istifadə edilməsi isə qəti qadağan edilən əməllərdəndir. Hətta bu əməlin günahı o qədər böyükdür ki, aşağıda qeyd edəcəyimiz hədisdən də göründüyü kimi, onunla məşğul olan şəxs mütləq bu əməlindən tövbə etməlidir. Çünki məhz sehr vasitəsilə sehrbazlar haqqı batil, batili haqq, həqiqəti xəyal, xəyalı isə həqiqət kimi göstərmişlər. Bu barədə başqa bir ayədə belə buyurulur:
“(Sehrbazlar əllərindəkiləri yerə atan kimi) Ona elə gəldi ki, onların kəndirləri və çomaqları sehrləri sayəsində hərəkətə gəlib sürünür”. (Taha, 66)
Bəzən sehrlə məşğul olanlar onu bir növ möcüzə kimi qələmə vermək istəyir və bir qisim düşüncəsiz insanlar da onlara uyurlar. Halbuki sehrlə möcüzə arasında ciddi fərqlər var. Həmin fərqlərdən biri budur ki, sehr öyrənməklə, möcüzə isə ilahi istəklə olur. Sehrin kökündə imansızlıq, əxlaqsızlıq və aldatmaq kimi pis əməllər durur.
Bəli, uca dinimiz İslam bu əməli haram etmişdir. Peyğəmbərimiz (s.ə.s) də hədislərində sehr və ya cadunun haramlığını xüsusilə vurğulamışdır:
“Allah Rəsulu (s.ə.s) buyurdu: “Yeddi həlakedici şeydən çəkinin!”. Soruşuldu: “Ey Allahın Rəsulu (s.ə.s), bunlar nələrdir?”. Peyğəmbərimiz (s.ə.s) belə cavab verdi: “Allaha şərik qoşmaq, sehrbazlıq etmək, Allahın haram etdiyi canı haqsız yerə öldürmək, sələm yemək, yetim malı yemək, döyüş meydanından qaçmaq, evli, namuslu qadınlara zina isnad etmək”. (Buxari, 5/393; Müslim 2/83)
Hədisdən bir daha aydın olur ki, sehrlə məşğul olmaq Uca Allaha qarşı şərik qoşmaq qədər günahı ağır olan əməldir və hər müsəlmanın bundan uzaq durması vacibdir.
Hazırda sehrlə, cadu ilə bu və ya digər formada məşğul olanlar qədim kahin və cadugərlər tərəfindən yazılan və istifadə edilən zərərli kitablara, onların qalıqlarına müraciət edirlər. Kahin və cadugərlər insanları inandırmaq üçün belə kitablara Qurani-Kərimdən ayələr və bəzi dualar da əlavə ediblər.
Sehr və ya cadunun qadağan olunmasının bu kimi səbəbləri var:
- Din hər şeyə gücü çatan Allah-Təalaya, cadu isə təbiətdəki hər hansı bir gizli qüvvəyə üz tutur;
- Dində günah anlayışı olduğu halda, caduda günah anlayışı, əxlaq, ibadət, dua kimi əsas ünsürlər yoxdur;
- Cadu ilahi qanun və qaydalardan uzaq olaraq ilahi qüdrəti gözardı etmək, ona inanmamaq, kənar qüvvələr vasitəsilə iş görmək və ya onu məcbur edərək məqsədini həyata keçirmək iddiasındadır;
- Cadunun başlıca məqsədi mənfəət olduğu üçün yeri gəldikdə dini və müqəddəs şeyləri istismar etməkdən çəkinmir. Caduda yalnız şəxsi, dində isə həm şəxsi, həm də ictimai məqsədlər var;
- Din insanın dünya və axirətinin qurtuluşu üçün çalışdığı halda, cadu kiçik mənfəətlərlə məşğuldur;
- Din cəmiyyəti bir-birinə möhkəm bağladığı halda, cadu cəmiyyətin fərdlərini bir-birinə qarşı bədgüman edir, ruhi və maddi sıxıntıya salaraq əsarətə alır və bununla da ictimai əlaqələri sarsıdır.
Nəticə olaraq, İslam sehrin həqiqətini inkar etməmiş, lakin tövhid inancına zərər verdiyi, onu idarə etmək çətin olduğu və çox vaxt pis məqsədlər üçün istifadə edildiyi üçün qadağan etmişdir. Sehr və ya cadu etmək haram olduğu kimi, belə işlərlə məşğul olanın yanına getmək, ondan kömək ummaq da o dərəcədə haram sayılmışdır.
ŞƏRHLƏR