UŞAQLAR VƏ KİTABLAR

UŞAQLAR VƏ KİTABLAR

Kitab oxumaq bir vərdişdir və bu vərdiş əksər hallarda uşaq vaxtı yaranır. Hər bir valideyn uşağın gələcəyinə təsir edən bu faktoru bilməli və ona bu istiqamətdə dəstək olmalıdır. Bu bir həqiqətdir ki, müasir dövrdə cəmiyyətin digər fərdləri kimi uşaqlar da telefon və televiziyanın əsiri olmuşdur. Artıq, demək olar ki, telefonlar uşaqların oyuncağı yerinə keçib. Onlar hər dəfə ağladıqda valideynləri onları sakitləşdirmək üçün rahatlıqla bu vasitəyə əl atırlar.

Uşaqların kitab oxuma məsələsi çox dərin və geniş bir problemə çevrilmişdir. Belə ki, birinci növbədə uşaqların kitab oxumamaq problemi ortaya çıxmaqdadır. Onlara kitablara necə aşina olmağın öyrədilməsi, kitab oxumaq vərdişinin necə qazandırılması kimi məsələlər hər bir valideyn və müəllimi narahat edir. İkinci mərhələdə, əgər uşaqda belə bir vərdiş - kitab oxuma vərdişi yaranıbsa, bu dəfə də qarşımıza başqa bir problem çıxır: Bəs uşaqlara nə oxudaq, nəyi oxusunlar və necə oxusunlar?

Psixoloqların fikrinə görə, uşağı kitaba öyrəşdirməyin yaşı yoxdur. Başqa bir ifadə ilə desək, “oxumağın yaşı yoxdur”. Bu ifadə böyüklər üçün deyilmiş olsa da, uşaqlar üçün də keçərlidir.

Körpə ikən kitabla tanış olmaq uşağın dil qabiliyyətinin inkişafına səbəb olur. Yaş artdıqca uşaqda kitaba qarşı doğmalıq daha da artır.

Psixoloqların müşahidəsinə əsasən, kitab oxumaq təkcə beyini inkişaf etdirmir, uşağın əşya tutmaq, onunla rəftar etmək, səhifələri çevirmək, üz qabığı ilə içərisindəki vərəqlərin fərqini kəşf etmək kimi qabiliyyətlərini də inkişaf etdirir. Çox kiçik yaşlı uşaqlar belə kitablardakı şəkillərə baxaraq həmin şəkildəki heyvanların, əşyaların və s. səslərini çıxarmağa çalışırlar.

          Hələ kitab oxumağı bilməyən uşaqlara valideynlərin yatmazdan əvvəl kitab oxumaları onların gələcəkdə kitab oxuma vərdişi qazanmalarına kömək edəcəkdir. Valideynlərin mütaliə etdiyini görən uşaqlarda kitab oxuma həvəsi yaranır. Hətta pedaqoqlar deyir ki, uşaqlar oyuncaqları ilə oynayanda onların yanında eşidəcəkləri səslə kitab oxuyun. Hər nə qədər onlar oyun oynasalar da, qulaqları sizi eşidir.

          Sağlam düşüncəli, məntiqli, təfəkkürlü və intellektual səviyyəsi yüksək bir cəmiyyət istəyiriksə, kitab oxuyan nəsillər yetişdirməliyik. Bəli, oxuyan və eyni zamanda nə oxuduğunu bilən bir nəsil.

          Oxumaq qədər nə oxuduğunu bilmək də əhəmiyyətlidir. Çünki oxunan hər şey fayda vermir. Hətta zərərli oxumalar həm uşaqların, həm də gənclərin əxlaq və psixologiyalarına mənfi təsir göstərir. Bəs uşaqlar nə oxusun, mütaliələrini hansı istiqamətdə etsinlər?

          Uşaqların oxumalı olduğu kitablarda diqqət yetirilməsi gərəkən başlıca amil kitabın əsas sütununu təşkil edən süjet xətti, oxucuya ötürmək istədiyi əsas fikirdir. Çünki bəzən oxuduqları kitablardakı əhvalat və hadisələrdən daha çox bu kitabın onların şüuraltına verdiyi mesajlar yadda qalmaqda və onlara təsir etməkdədir. Necə ki, bu gün bəzi cizgi filmlərinin süjet xətti uşaqların şüuraltına pis təsir göstərir, bəzi kitablar da uşaqların şüuraltına pis təsir göstərməkdədir. Ona görə də deyə bilərik ki, hər cizgi filmi məsum olmadığı kimi, hər uşaq kitabı da məsum deyil. Uşaqlarda şüuraltı və onun işləmə mexanizmi ilə bağlı “Uşaqlara Allahı və namazı sevdirmək kitabını valideynlərə tövsiyə edə bilərik.

          Uşaqlara kitab oxudarkən onların yaş psixologiyaları da nəzərə alınmalıdır. “Bu uşaq çox istedadlıdır” deyərək akademik dərəcəli kitablarla uşaqları yükləməmək lazımdır. Bu, gələcəkdə uşaqlarda geri dönüşü mümkün olmayan təsirlər meydana gətirə bilər. Bir neçə ay əvvəl mediadan Türkiyədə Atakan adlı çox kitab oxuyan uşaq haqqında, yəqin ki, eşitməyənimiz yoxdur. Hətta biz özümüz də bu uşaqla müqayisədə çox az kitab oxuduğumuz üçün təəssüflənmişdik. Ancaq tezliklə vəziyyətin heç də nümunəvi bir hal olmadığı, uşaq üçün öz yaş səviyyəsini aşan bu cür oxumaların zərərli olduğu psixoloqlar tərəfindən ortaya qoyuldu.

          Hazırki dövrdə bəzi kitabların cəlbedici üz qapaqları və sosial şəbəkələrdə aparılan yanlış təbliğatlar uşaqlarda kitab seçimində tərəddüdlərə, hətta bəzən yanlışlara da yol açmaqdadır. Burada da əsas iş yenə valideynin və müəllimin üzərinə düşür.

          Əvvəllər təkcə oxumamağın fəsadları görüldüyü halda, indi lazımsız oxumaların da fəsadları diqqət cəlb etməkdədir. Oxumaq insanda müəyyən dəyərlərin yaranmasına yol açır. Əgər bu oxuma insani dəyərlərə bağlılığı canlandırırsa, bu, faydalı oxu sayılır. Uşaqları və gəncləri milli və mənəvi dəyərlərindən uzaqlaşdıran, hətta dəyərlərinə qarşı biganə qalmalarına səbəb olan oxumalar isə zərərlidir. Bu yerdə, oxumağın da özünəməxsus ədəbləri var desək, yanılmarıq.

          Ona görə də uşaqları sadəcə kitab oxuyan, mütaliəsi güclü olan biri deyil, bununla birgə, faydalı, gərəkli və öz yaş səviyyəsinə uyğun kitab oxuyan uşaq olaraq yetişdirmək lazımdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz