KİTABLARIN SÖHBƏTİ

KİTABLARIN SÖHBƏTİ

Ev sahibi təmizliklə məşğul idi. Növbə kitab rəfinin silinməsinə gəldi. Bir az səliqəsiz halda yan-yana düzülən kitablar bir-bir götürülüb üstü silindikdən sonra pəncərə kənarına düzülməyə başlandı. Sahib tez-tez əlindəki aləti sıxır, siləcəyi yerlərə təmizləyici maddə püskürdürdü. Hər dəfə o fısıltı eşidiləndə ətrafa valehedici gözəl qoxu yayılırdı. Gözəl qoxunu duyan təkcə otaqdakı canlılar deyildi. Kitablar da bu gözəllikdən təsirlənib xoşhallanmışdı. Aralarında bir çoxuna nisbətən zəif görünən, lakin boyu çoxundan uzun olan Kimya dilə gəlib özündənrazı halda danışmağa başladı:

– Yenə mənim sayəmdə rahat nəfəs aldınız. Sonra da tərtəmiz yerinizə qoyulacaqsınız. Bu təmizləyici maddələr olmasaydı, insanlar nə edərdi? Siz heç insanı kimyasız təsəvvür edə bilirsiniz? Fikirləşin; boyanmamış evlər, dərmanlanmamış meyvələr, yanacaqsız maşınlar, partlayıcı maddəsi olmayan roketlər və s. Bunlar olmadan insanı təsəvvür edə bilirsiniz?

Kimyanın bu qədər təkəbbürlə özünü tərifləməsi Biologiyanın xoşuna gəlmədi. Dərhal mövzuya müdaxilə etdi:

- İnsanlığı məhv edən, təbiəti pozan səbəblər elə sənin bu dediklərin deyilmi?

- Bəli, elədir, - Kimya dedi, - lakin insan bunlar olmadan dayana bilməz ki! İnsan hələ min illər əvvəl mənim ulu babam olan “Simya” elmi ilə qızıl əldə etməyə çalışırdı. Onun gözündə bu hərislik, doymaq bilməyən tamah olduğu müddətcə mən onun üçün ən qiymətli elm sahəsiyəm.

- Düz demirsən, - Coğrafiya da etiraz edərək mübahisəyə qoşuldu. - Təbiətdə mənim sahəmə daxil olan elementlər olmasa, onu necə kəşf edib sənin sərəncamına verərlər? Sənin başlanğıcın mənə bağlıdır. İnsanlar hər şeydən əvvəl təbiəti öyrənməyə başlayıblar. Biologiya və mən insan üçün səndən daha əhəmiyyətliyik. Nəyi yemək olar, nəyi olmaz, nə harada bitir, necə yetişdirilir, yerin harasında nə var, nə yox, bütün bunları insanlar sənin gübrələrin, kimyəvi preparatların olmadan əvvəl kəşf ediblər. Odur ki, “Simya” deyib qürrələnmə. Sənin başlanğıcın mənim keçmişimə söykənir.

Danışmağı çox da xoşlamayan fizika eləcə söz atdı:

– Özünüzü yormayın, hər şey fiziki qanunlara bağlıdır. Məsələn, elektrik olmasaydı, bu gün heç biriniz burada olmazdınız.

Riyaziyyat danışılanlara daha çox dözə bilmədi, hiddətlənərək səsini yüksəltdi:

– Əgər qayda-qanun deyirsinizsə, dəqiq elmlərin açarı mənəm. Bütün kainat dəqiqlik üstündə qurulub. İnsanlar bu dünyada ən mükəmməl hesablamaları aparmaq üçün məndən faydalanırlar. Bütün planlamaların içində mən yer alıram. Mən insanlıq üçün ən lazımlı elm sayılıram.

– Bu nə səs-küydür, uşaqlar, belə olmaz axı! – Qoca Tarix dilləndi. Hər kəs susduqdan sonra Tarix təmkinlə danışmağa davam etdi. - Əgər keçmişdən dəm vurursunuzsa, onu bilin ki, bütün sirlər məndə gizlidir. İlk insanın yaranmasından ta bu günümüzə qədər nələr baş verdi, niyə belə oldu, bundan necə dərs çıxartmaq lazımdır, bütün bu həqiqətlər mənim səhifələrimdə yer alır. Məni düzgün oxuyan insan gələcəyini düzgün qurur və həmçinin sizə də düzgün qiymət verməyi bacarır.

- Nə oldu? – hamıdan daha cavan, daha sağlam görünən İnformatika rişxəndlə sözə başladı. – Görürəm, qoca babanın nağılları sizi tamam susdurdu. Keçmişin kimə nə xeyri var?! Siz əsl bu günə baxın, insanlar nə ilə məşğuldur, nədən xoşlanır?.. Düzdür, əslində, məni oxumaq istəmirlər. Amma əllərindəki əşyaların hamısı mənim əsasımda proqramlanır. Bir uşaqlara baxın; əllərindəki telefonları yerə qoymaq istəmirlər, amma mənim adım çəkiləndə o dərsdən qaçmağa yer axtarırlar. Bu vəfasızlar üçün özünüzü bir belə yormağa dəyməz. Yaxında sizin də üzünüzə baxan olmayacaq, toz basıb qalacaqsınız.

Bu pessimist danışıq heç birinin xoşuna gəlmədi.  Qısamüddətli bir sükut çökdü. Bu sükut sanki Romanın yuxusunu qaçırtdı. O, dərin bir yuxudan yenicə oyanmış kimi, asta, məlahətli səslə dilləndi:

– Eh, kitablar, kitablar... – Roman əsnədikdən sonra sözünə davam etdi. - Siz həqiqətən elə bilirsiniz ki, insanlar elminizin qədrini bilir? Sizin tərəfdaşlarınız iki-üç nəfər oxuyan adamdırsa, mənim minlərlə pərəstişkarım var. Siz insanın xoşbəxtliyindən, səadətindən, gələcəyindən danışırsınız, amma dünyadan xəbəriniz yoxdur; bilmirsiniz, bu gün insanlar nəyin dalınca düşüblər. Fantastika, detektiv, keçmiş, gələcək, səadət, hüzn və s. bütün xəyallar məndə cəmlənir. Mən onlar üçün hər dərdi unutduran bihuşedici səadət şərbəti kimiyəm.

Ədəbiyyat romanın danışığını alqışlamaq istəyirdi ki, onlara yaxınlaşan ev sahibinin ayaq səslərini eşidib vərəq saxladı. Sahib bir-bir onları götürüb rəfə yerləşdirdi. Roman və onun yaxınları (bir neçə roman, hekayə və şeir kitabları) ən üst rəfə qoyuldu.

Digər kitablar Romana qarşı həsəd aparsa da, əslində, Roman özü də başqa birinə həsəd aparırdı; Onlardan daha yuxarıda, divara vurulmuş bir mıxçada bərbəzəkli torbaya qoyulub asılmış olan Kitaba.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz