SUAL? - CAVAB!
Sual: Qurbanlıq heyvanlar hansı xüsusiyyətləri daşımalıdır?
Cavab: Qurbanlıq heyvanın sağlam, bütün üzvləri yerində və kök olması həm ibadət, həm də sağlamlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən çox xəstə olan, həddindən artıq zəif və arıq olan, bir və ya iki gözü kor olan, buynuzlarının biri və ya ikisi kökündən qırıq olan, dili, quyruğu, qulaqları və məmələrinin yarısı kəsilmiş olan, dişlərinin heç biri olmayan və ya əksəriyyəti tökülmüş olan heyvanlardan qurban olmaz. Ancaq heyvanın anadangəlmə buynuzsuz, çəp, topal, bir az xəstə, bir qulağı deşik və ya yırtılmış olması, məmələrinin bir qisminin olmaması qurban edilməsinə əngəl təşkil etmir. Vurğulamaq lazımdır ki, Şafei məzhəbinə görə, heyvanın ətinə, yağına və içalatına xələl gətirən qüsurlar qurbanın etibarlılığına əngəl təşkil edir.
Ümumiyyətlə, yuxarıda sadalanan qüsurlardan birinin olması bir heyvanın qurban edilməsinə əngəl törətməklə yanaşı, qotur xəstəliyi olan heyvanlarla yem yeməsinə mane olacaq dərəcədə dişlərinin bir hissəsi tökülmüş heyvanların da qurban edilməsi caiz deyil.
Bundan əlavə, qeyd edək ki, müxtəlif məqsədlərlə qısırlaşdırılmış və ya axtalanmış heyvanlar qurban edilə bilər. Bu hal qurban baxımından bir nöqsanlıq sayılmır. Həmçinin sağlam olaraq satın alınan qurbanlıq heyvanda kəsilmədən əvvəl qurban edilməyə mane olan bir qüsur meydana gələrsə, əgər satın alan şəxs varlıdırsa, təzəsini alıb kəsməlidir; əgər yoxsuldursa, bir daha almasına ehtiyac yoxdur, aldığı heyvanı qurban etməsi kifayətdir. Ancaq kəsilən zaman meydana gələn qüsurlar qurbanlığa əngəl təşkil etmir.
Sual: Qurbanlıq heyvanlarda qurban kəsilməsi üçün yaş həddi varmı?
Cavab: Qurbanlıq heyvanlarda yaş həddi var və bu məsələ Hz. Peyğəmbərin (s.ə.s) hədisi-şərifi ilə müəyyən edilmişdir (Əbu Davud, Dəhaya, 5; Nəsai, Dəhaya, 13). Belə ki, qurbanlıqlarda iri buynuzlu heyvanlarda 2 qəməri, qoyun və keçilərdə isə 1 qəməri ilin keçməsi şərtdir. Ancaq qoyunlarda 1 qəməri il keçməyib altı aylıq olan və 1 yaşındakı kimi kök görsənən heyvanlar da qurban kəsilə bilər. Qoyunlarda edilən sözügedən istisna şəxsən Hz. Peyğəmbər (s.ə.s) tərəfindən bildirilmişdir (Müslim, Ədahi, 13). Ona görə də, bu istisnanı başqa heyvanlara da tətbiq etmək düzgün hesab edilməmişdir.
Sual: Alınan bir qurbanlıq heyvan ölərsə, nə edilməlidir?
Cavab: Satın alınan bir qurbanlıq kəsilmədən əvvəl ölərsə, satın alanın imkanına görə fərqli hökmü var. Belə ki, əgər həmin şəxs imkanlıdırsa, yenidən qurbanlıq alıb kəsməlidir. Çünki ona vacib olan qurbanı kəsməmişdir. Lakin həmin şəxs yoxsuldursa, yenidən bir qurbanlıq almasına ehtiyac yoxdur. Çünki yoxsula qurban vacib deyil, o, satın almaqla özünə satın aldığı heyvanı kəsməyi vacib etmişdir. Aldığı heyvan öldüyü üçün də cavabdehlik aradan qalxmış olur və yenidən almağa ehtiyac qalmır. Həmçinin alınanda sağlam olan heyvan qurban edilmədən qüsur meydana gələrsə, əgər satın alan varlıdırsa, yeni bir qurbanlıq alıb kəsməlidir. Əgər yoxsul olarsa, aldığı heyvanı kəsməsi kifayətdir. Ancaq kəsən zaman meydana gələn qüsurlar qurbanlığa əngəl təşkil etmir.
Sual: Bir kimsə nisyə yolla qurbanlıq alıb kəsə bilərmi?
Cavab: Qurban ibadəti Uca Allaha yaxınlaşmaq niyyəti ilə yerinə yetirilən bir ibadətdir. Bu məqsəd də yalnız insanın öz mülkiyyətindəki heyvanı qurban etməsi ilə gerçəkləşir. Mülkiyyət heyvanı böyütmə, bağış və miras yolu ilə olmaqla yanaşı, satın alma yolu ilə də reallaşır. Nisyə alış-veriş caizdir. Bu alış-veriş borcun ödənməsinin müəyyən vaxta qədər təxirə salınmasıdır. Odur ki, nisyə satın alınan bir mala satın alan sahib olduğu üçün, bu yolla alınan bir heyvanın qurban edilməsində də hər hansı qəbahət yoxdur.
Sual: Qurbanlıq heyvan çəki ilə alına bilərmi?
Cavab: Qurbanlıq heyvan canlı olaraq çəkilmək surətilə alınıb satıla bilər. Əgər cəmiyyətdə hər hansı bir aldatma və mübahisəyə yol verməyən bir adət-ənənə varsa, ətin qiymətinin əvvəlcədən müəyyən etmək şərtilə kəsildikdən sonra əti çəkilərək pulunun ödənməsi ilə də satın alına bilər. Bunun etibarlı olması üçün kəsilmədən əvvəl tərəflər arasında ətin qiyməti müəyyən edilərək müqavilə tamamlanmalı və və kəsildikdən sonra da ətin miqdarındakı qeyri-müəyyənlik aldatma və mübahisəyə yol açmayacaq şəkildə dəqiqləşdirilməlidir. Bundan əlavə, qurbanın başı, ayaqları və içalatı kimi bəzi yerlərinin satıcıda qalması şərti də qoşulmamalıdır.
Sual: Boğaz olan heyvan qurban edilə bilərmi? Qurbanlıq heyvan qurban edilmədən əvvəl balası olarsa, nə edilməlidir?
Cavab: Qarnında balası olan heyvanların nə qurban, nə də ət kimi kəsilməsi düzgün deyil. Ancaq bilmədən kəsilmişsə, qurban ibadəti yerinə yetirilmiş olur. Əgər qurbanlıq heyvan qurban kəsilmədən balalayarsa, onun balasının ya özü, ya da onun dəyəri fağırlara sədəqə kimi verilməlidir.
Sual: Bir üzr səbəbilə vaxtında kəsilməyən qurbanların hökmü necədir?
Cavab: Qurban kəsmək üçün müəyyən edilən müddət ərzində (qurban bayramı günlərində) kəsilməyən qurbanları, əgər sahibi fağırdırsa və qurbanlıq niyyəti ilə satın almışsa, bunu yoxsullara verməlidir; yox, əgər varlıdırsa, istər qurbanılığı satın almış olsun, istərsə də olmasın bir qurbanlıq heyvanın dəyərini qoxsullara sədəqə olaraq verməlidir.
ŞƏRHLƏR