İNSANLIĞIN YADDAŞI
Elmin, hikmətin qərar tutduğu və uzunömürlü yaşadığı məkanlar kitabxanalardır. Bütün dahilər, böyük düşüncə sahibləri məhz elmin dərin dəryalarına baş vurmaq üçün kitabxanalara üz tutmuş və heyrətamiz səbirlə oxuyaraq özlərini inkişaf etdirmişlər. Ən qədim və ən zəngin kitabxanalar arasında tarixdən izi silinməyən bir sıra kitabxanalar yer alır.
Aşşurbanipalın Kitabxanası
Deyilənə görə, eramızdan əvvəl VII əsrə aid mətn hissələrini özündə əks etdirən minlərlə gil parçalardan ibarət möhtəşəm Aşşurbanipal kitabxanası qurulur. Kitabxananın adı Assuriya imperiyasının sonuncu kralı Aşşurbanipalın adı ilə bağlıdır. Bu gil kitabələrin ən məşhuru Gilqamış dastanıdır. Qədim fars əfsanələrinə görə, Makedoniyalı İsgəndər Aşşurbanipalın Nineviyadakı kitabxanasını gördükdən sonra öz şəxsi kitabxanasını yaratmaq həvəsinə düşmüşdür. Aşşurbanipal müharibə zamanı əldə etdiyi qənimətlərə də kitabxanasını zənginləşdirmək vasitəsi kimi baxırdı. Kral kitabxanası təqribən 30 000 yazılmış lövhələrdən ibarət idi ki, onların da əksəriyyəti ciddi şəkildə müəyyən bölgü əsasında bölünərək nömrələnmişdi. Bu kitabxanada qorunan mətnlər Babil və Akkad dialektində, Akkad dilində, bəziləri də Şumer dilində yazılmışdı. Nineviya şəhərinin yanğını zamanı kitabxana ciddi zərər görmüş və kitabların böyük qismi yanaraq məhv olmuşdur.
İsgəndəriyyə Kitabxanası
Makedoniyalı İsgəndərin əmri ilə Aralıq dənizi sahilində bir şəhər salınır və bu şəhər İsgəndəriyyə adlanır. Şəhərdə böyük bir kitabxana - İsgəndəriyyə Kitabxanası qurulur. Kitabxana qədim tarixin ən böyük kitabxanalarından, ellinizm dövrünün mədəniyyət, tədris və fəlsəfə mərkəzinin böyük tərkib hissəsindən biri kimi tarixə həkk olunur. Kitabxananın tikilməsinin əsas məqsədi dövrünün bütün məlumatlarının bir yerə toplanması və papirus kağızlarına köçürülməsi yolu ilə orada qorunub saxlanması idi. Eramızdan əvvəl 332–ci ildə Böyük İsgəndər tərəfindən qurulan bu kitabxanada 900 min cild əlyazma qorunub saxlanılırdı. Əsərlərin qorunması isə rulonlar şəklində papirus üzərində yazılaraq həyata keçirilirdi.
Bergama Kitabxanası
Antik dövrün ən böyük kitabxanası Misirdəki İsgəndəriyyə kitabxanası sayılırdı. Ancaq özünü sənət və ədəbiyyatın qoruyucusu elan edən Bergama Kralı I Attalos və ondan sonra gələn oğlu Bergama da bir kitabxana qurmuşdur. Bununla da bu iki kitabxana arasında böyük rəqabət başlamış olur. Dövrün yeni kağız növü olan papirusu Misir istehsal edirdi. Deyilənə görə, Bergama kitabxanasının inkişaf etməyini istəməyən misirlilər Bergamaya kağız ixracını dayandırmışdı. Dövrün qiymətli əsərlərini özündə cəm edən bu kitabxana Sezarın ölmündən sonra Romada başlayan ara müharibələri nəticəsində məhv olaraq öz tarixi əhəmiyyətini itirir.
İslam dininin gəlməsindən etibarən elmə əhəmiyyət verən müsəlman aləminin də kitabxana tarixinə böyük töhfələri olmuşdur. Bu mənada Bağdadda, Buxarada, Qahirədə və bir çox mərkəzlərdə böyük kitabxanalar qurulmuşdur. Bunlar sırasında Kordova kitabxanası xüsusilə diqqət çəkir.
Kordova Kitabxanası
Kordovada, Əndəlüs Əməvilər dövlətinin (İspaniya) torpaqlarında müsəlmanlar tərəfindən qurulan bu kitabxana zənginliyi və böyüklüyü ilə digərlərindən seçilirdi. Orta əsrlərdə İslam dünyasının ən böyük elm və mədəniyyət mərkəzi olan kitabxana başqa ölkələrdən gətirilən kitablarla yanaşı, həm də əlyazmalarla zəngin idi. Kordova Kitabxanası haqqında tarixçilərdən biri yazır: “İspaniyada, demək olar ki, hər kəs yazıb oxumağı bacarırdı. Halbuki xristian Avropasında ruhaniləri çıxmaq şərti ilə, hətta ən yüksək təbəqəyə məxsus şəxslər belə oxuma-yazma yönündən savadsız idilər”.
Tarixdə olduğu kimi, bu gün də hər bir dövlətin yüksək intellektual səviyyəsində kitabxanaların əvəzedilməz rolu var. Bu baxımdan ölkəmizdə qurulan Milli Kitabxananın da mühüm rolu var.
Azərbaycan Milli Kitabxansı
Kitabxana tarixi əhəmiyyət və böyüklüyünə görə nəinki Qafqazda, hətta dünya miqyasında belə tanınan bir kitabxanadır. Kitabxananın əsası 1922–ci ildə qoyulmuş, 1923–cü ildə fəaliyyətə başlamışdır. Kitabxana yeni qurulmağına baxmayaraq sürətlə inkişaf edir və qiymətli kitablarla zənginləşirdi. Kitabxanaya 1939–cu ildə Mirzə Fətəli Axundovun adı verilir. İndi hər kəs oranı “Axundov Kitabxanası” kimi tanıyır. Milli Kitabxana biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz və beynəlxalq, ölkədaxili kitab mərkəzi funksiyasını yerinə yetirir. Şəhər əhalisi və qonaqların asudə vaxtını səmərəli keçirmələri üçün kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında fasiləsiz “Açıq kitabxana” fəaliyyət göstərir.
Bu gün də ölkəmizdə kitabxanalara böyük əhəmiyyət verilir və dövlət qayğısı ilə yeni-yeni kitabxanalar açılır. Buna nümunə kimi Bakı şəhərində yeni qurulmuş Bakı Kitab Mərkəzini göstərə bilərik. Kitab Mərkəzində Azərbaycan dilində və xarici dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitabları, musiqi kitabları və notlar, müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab növlərinə rast gəlmək mümkündür. Onu da qeyd edim ki, respublikamızda 12 000-ə yaxın kitabxana fəaliyyət göstərir.
ŞƏRHLƏR