Müsahibə - AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli:
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli:
“Əlyazmalarımız tariximiz, milli köklərimiz, mənəvi xəzinəmizdir”.
İrfan: Kitab bizim sərvətimizdir. Əcdadımızın qələmə aldıqları bizim milli-mənəvi mirasımızdır. Bu gün həmin mirasın saxlandığı yer məhz Əlyazmalar İnstitutudur. Rəhbəri olduğunuz Əlyazmalar İnstitutu bu gün tarixi mirasımıza sahib çıxmaq üçün nə kimi fəaliyyətlər həyata keçirir?
T.Kərimli: İnstitutumuz əlyazmaların yığılması və saxlanması sahəsində mühüm bir vəzifəni icra edir. Bizim bərpa laboratoriyamız var, çox mühüm işlər görür. Əlyazmaların bərpası, gələcək nəsillərə çatdırılması vacib məsələdir. İnsan cəmiyyəti yazı inqilabından sonra, yazı kəşf olunduqdan sonra irəliyə doğru çox nəhəng bir addım atdı. Ona qədər insan cəmiyyəti instinktlərlə yaşayır, yaddaşlarda olan təcrübəni sonrakı nəsillərə ötürməklə kifayətlənirdi. Bəzən o təcrübə yaddan çıxa da bilirdi. Amma yazı kəşf olunandan sonra artıq insan təcrübəsi, insan intellekti, insan ağlı öz sabit formasını tapdı. Artıq o sabit formanı gələcək nəsillərə ötürmək çox asan oldu. Onu zənginləşdirmək də asan oldu. Yazı kəşf olunana qədər bu təsadüfi xarakter daşıyırdısa, artıq burada qanunauyğunluq əmələ gəldi. Yəni intellekt sahibi, oxumuş, alim bir adam özünə qədərki təcrübəni oxudu, özününkünü də əlavə elədi, gələcək nəsillərə ötürdü. İnsan cəmiyyəti bu cür inkişaf etdi.
Xüsusilə mən deyərdim ki, bizim Şərqdə insanın və cəmiyyətin mədəni-mənəvi inkişafı bilavasitə kitablarla, əlyazmalarla, yəni keçmiş nəsillərin öz həyat təcrübəsini, fikirlərini, ideyalarını gələcəyə çatdırması ilə bağlıdır. Bu baxımdan, əlbəttə ki, əlyazmalar toplanmalıdır, həmişə öyrənilməlidir. Bizim böyük şairimiz, XII əsrin dahi şairi Nizami Gəncəvi deyirdi ki:
O şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır.
Bizim əlyazmalar çox vaxt gizli xəzinə mahiyyətində olur. Çünki ildən-ilə mütəxəssislərimiz azalır, əlyazma oxuya bilənlərimiz azalır, əlyazmanın mənasına, oradakı simvollara girə bilənlər azalır. Buna görə də xəzinənin inciləri həmişə gizli qalır. Məhz buna görə də biz əlyazmaları qorumalıyıq, bərpa eləməliyik, gələcək nəsillərə çatdırmalıyıq. Ola bilər ki, hər hansı bir əlyazmada bizim heç ağlımıza da gəlməyən elə bir fikir, elə bir ideya olar ki, o təkcə bir insan üçün, bir xalq üçün, bir region üçün yox, bütün bəşəriyyət üçün gərəkli olar. Buna görə də biz, Əlyazmalar İnstitutu olaraq hər daim əlyazmalar üstündə əsir, qorumağa çalışırıq. Fondumuzda əlyazmaların saxlanması üçün standartlara uyğun xüsusi şərait düzəltmişik. Dahilər demiş, “hər şey məhv olur, hər şey şəklini dəyişir”. Ayağı dəryadan, başı buluddan nəm çəkən necə qədim saraylar var idi ki, padşahlar deyirdilər ki, bu, əbədi qalacaq. Yox, məhv oldu getdi. Mədainin xərabələri qalıb, Qədim Yunanıstanın xərabələri qalıb, İsgəndər fatehdən geriyə viranələr qalıb. Əlyazmalar da bu cürdür. Əsasən də kağız üstündə yer alan əlyazmalar daha həssasdır. Kağız zərif bir materialdır. Rahatlıqla məhv ola bilər, müxtəlif həşəratların təsirinə məruz qala bilər. Zaman özü, atmosfer şəraiti ona təsir göstərir. Biz bacardığımız qədər xüsusi şərait düzəltmişik, mikroiqlim əmələ gətirmişik. Müntəzəm olaraq həşəratlara qarşı dərmanlama aparılır, stabil temperatur qorunur. Bundan başqa, deyək ki, kimdəsə bu şərait olmayıb, əlyazmanı atıb evinin bir küncündə saxlayıb, zərər görüb. Belə əlyazmaları biz götürürük, laboratoriyamızda bacarıqlı bərpaçımız var – Zaur müəllim, Azərbaycanda yeganə mütəxəssislərdən biridir, onun köməyi ilə bərpa edirik və yenə xalqımızın istifadəsinə təqdim edirik.
- Bəs xalqın əlyazmalara tələbatı nə qədərdir?
- Bu özü də başqa bir məsələdir ki, xalq özü bu əlyazmaya tələbat duyur, ya yox? Bilirsiniz, XVII əsrdən sonra ingilis iqtisadçısı Adam Smitin elan elədiyi kimi, bəşəriyyət istehlak dövrünə qədəm qoydu. Yəni insan yeməlidir, istirahət eləməlidir, yatmalıdır, qazanmalıdır... Bu istehlak cəmiyyətində mənəviyyata o qədər də fikir verilməməyə başlandı. Təəssüf ki, gənclərimiz çox zaman bu istehlak cəmiyyətinin yaxşı tərəflərini deyil, pis tərəflərini götürür. Yəni əgər on beş – on altı yaşına çatmısansa, həddi-büluğ dövründəsənsə, artıq özün pul qazanmalısan, iş qurmalısan, öz biznesin olmalıdır... və burada kitaba yer qalmır.
Bəzən qarşıma gənclər çıxır, ingilis dilini bilir, xaricdə oxuyub gəlib, mütəxəssisdir. Soruşuram: “Sən ki ingilis dilini ana dilin kimi bilirsən, Şekspiri oxumusanmı?” Deyir, “yox, oxumamışam”. “Niyə?”. “Şekspirin dili qəlizdir, onu başa düşmək olmur”. Yəni bu adam, tutaq ki, iqtisadiyyatla məşğul olur, öz sahəsində ona lazım olacaq söz ehtiyatı 1500-2000 kəlmədir, çox da geniş deyil. Amma Şekspirin dilində onun bilmədiyi minlərlə söz var. İngilis dilini öyrənib Şekspiri oxumayan adam dünya ədəbiyyatını bilmir, necə ki, Nizamini oxumayan adam dünya ədəbiyyatını bilmir. Dünya ədəbiyyatı ona görə lazımlıdır ki, insan mənəviyyatı istehlak səviyyəsinə düşməsin, mənəviyyat həmişə yüksək olsun. Qədim Romada bir söz var idi: “Şərqdən işıq gəlir”. Şərqdən gələn işıq bizim işığımızdır. Bu işıq müsəlmançılıqdan əsrlər, min illər əvvəl də var idi, İslam o işığı daha da gücləndirdi, ürəklərə ötürdü. Biz gərək o işığı sönməyə qoymayaq. Bunun yolu da əlyazmalardan keçir. Bu fəaliyyət təkcə öz xalqımıza deyil, bütün dünyaya xidmət edir.
- İşlərinizdə hansısa çətinliklər, çatışmazlıqlar varmı?
- Əlbəttə, bu yöndə işlərimizdə çatışmazlıqlar da olur. Çox vaxt bu, maliyyə ilə bağlı olur. Məsələn, biz indi əlyazmalarımızın elektron kitabxanasını hazırlayırıq. İşlərimizin sürətlənməsi üçün bizə müasir tipli on surət çıxartma maşını lazımdır. Fondumuzdakı on iki mindən artıq əlyazmanın surətini çıxartmaq və xüsusi disklərdə saxlamaq üçün bu vacibdir. Çünki əlyazmaların mümkün mərtəbə ələ verilməsinin qarşısını almaq istəyirik. Hər dəfə əlyazma ələ verilib qayıtdıqca zərər görür, mexaniki təsirə məruz qalır. Bütün dünyada artıq bu təcrübə var ki, əlyazmanın elektron versiyasından istifadə edilir. Hazırda surət çıxartmaq üçün üç aparatımız var. Halbuki bizə on beş – iyirmi aparat lazımdır. Müasir aparatların qiyməti xeyli yüksək olduğu üçün bunları istədiyimiz miqdarda təmin etmək zaman tələb edir. Yenə də var qüvvəmizlə əlimizdəki imkanlardan istifadə edərək surətlərin çıxardılması prosesini davam etdiririk.
- Fondunuzdakı məlumatları artırmaq, zənginləşdirmək üçün nə kimi fəaliyyətlər görülür?
- Bayaq dediyim kimi, bölgələrdən aşkarlanan, təhvil verilən əlyazmalar olur. Bundan başqa, müxtəlif ölkələrin kitabxanaları, əlyazma fondları, arxivləri ilə əlaqələrimiz var. Onlar üçün maraqlı olan əlyazmaları biz onlara göndəririk, onlar da bizim üçün maraqlı olanları bizə göndərirlər. Bu mənada Ərəbistan, İran, Türkiyə kimi ölkələrlə yaxın əlaqələrimiz var. Avropada, məsələn, İngiltərədə Kembric universitetində İslami əlyazmalar assosiasiyası var, biz onun üzvüyük. Qarşılıqlı əlyazma göndəririk. Əlbəttə, bu işləri bir az daha yüksək səviyyədə qurmaq lazımdır. Xüsusilə indiki dövrdə ki, ölkələr arasında əlaqələr, gediş-gəliş olduqca zəifləmiş haldadır, bizim ümidimiz ona qalır ki, kataloqların surətlərini alıb baxaq, görək orada Azərbaycanla bağlı hansı əlyazmalar var. Bir neçə il bundan əvvəl Nizami Gəncəvinin yubileyini, 870 illiyini keçirmək üçün Hindistana getmişdik. Orada hind alimləri dedilər ki, Hindistanın kitabxanalarında Azərbaycanla bağlı minlərlə əlyazmalar var ki, heç kataloqa düşməyib. Yəni bunları kataloqla tapmaq olmaz, gedib yerində axtarmaq, oxuyub aşkara çıxarmaq lazımdır. Orada XVII əsrdə fars dilində yazılan əsərlərin hind üslubunu ortaya qoymaq şəklində bir cərəyan var idi, başçısı azərbaycanlı şair Saib Təbrizi olub. Saib Təbrizinin özünün təzkirəsi, 20000 səhifədən ibarət antologiyası olub. Bu antologiya bizdə yoxdur, Hindistanda var. Bunun kimi yüzlərlə, minlərlə belə mənbələr var ki, onlarla hələ tanış deyilik. Bunları müstəqillik dövrünün verdiyi perspektivlərlə əldə edib institutumuzun fonduna qazandırmalıyıq.
- İnsanlarımızın əlyazmalara sahib çıxması, rəğbət göstərmələri və oxumaları üçün, əcdadımızın əsərlərinə maraq oyatmaq üçün nələr edə bilərik? Niyə insanımız bu gün keçmişdən gələnlərə belə laqeyd yanaşır?
- Mirzə Ələkbər Sabir bundan yüz il əvvəl deyirdi ki:
Neçin məktəbə rəğbətim olmayır?
Cibim dolmayır, dolmayır, dolmayır!
Hazırki istehlak cəmiyyətinin tələbləri insanı buna sövq edir. Nizami də deyir ki:
Yeməyi, yatmağı bu dünyada sən,
Atda, öküzdə də görə bilərsən.
Təbiət qurarkən xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi.
Yəni insan insan olduğunu anladıqdan sonra düşünür ki, yeməyi at da yeyir, yatıb dincəlir, səhər yenə işinə başlayır; bəs insan kimi mən necə fərqlənməliyəm?! İnsan kitab oxuya bilər, özünü zənginləşdirə bilər, kamilləşə bilər. Bizim bütün klassik ədəbiyyatımız bunun üzərində qurulub ki, insan ömrü boyu oxuyub öyrənməklə özünü kamilləşdirməlidir. Nəsiminin, Nizaminin, Füzulinin bütün yaradıcılığı kamil insan uğrunda mübarizədir. Füzuli deyir:
Necə bir nəfs təmənnası ilə,
Yeməkü-içmək ola dilxahın.
Eyləyib zöhdü-vəradan nifrət,
Taəti həqdən ola ikrahın.
Məbədin mətbəx ola, şamu-səhər,
Müstərah ola ziyarətgahın.
Bunun üçünmü olmusan məxluq,
Bumudur əmri sənə Allahın?..
Yəni Allahın əmrini unutduqdan sonra insan kitabı atacaq bir tərəfə, bütün fikri mətbəxlə, könlünün arzuladığı (dilxah) cürbəcür təamlarla bağlı olacaq, bu zövqləri ibadətlərini əvəz edəcək, ömrü ayaqyolu ilə mətbəx arasında keçəcək. İnsan bu deyil. Allah insanı başqa cür yaradıb, ona başqa vəzifələr verib. Təəssüf ki, biz bunları çox tez unuduruq. İnsanın yaddaşı çox qısadır. Sabahı üçün mənəvi ruzi hazırlamağı unudur. Əgər ata-ana üç-beş yaşından uşağını öyrədirsə ki, al bu pulu, sən özün də pul qazanarsan, dondurma alarsan... O uşaq necə inkişaf eləməlidir?! Ailə tərbiyəsi çox böyük amildir. Media tərbiyəsinin də rolu böyükdür. Televiziyalarda səhərdən axşama kimi ancaq şou proqramları göstərilərsə, şou əhlinin şəxsi həyatına həvəs oyandırılarsa, dedi-qodulara maraq göstərilərsə, mənəvi tərbiyə məsələlərinə ayrılan yer bir faiz qədər az olarsa, bununla gənc nəsil necə inkişaf edə bilər, kitaba necə məhəbbət yarana bilər?! Milli mentaliteti necə formalaşar?! Öz keçmişi ilə, böyük şəxsiyyətləri ilə necə qürur duya bilər? Bütün bunlar problemdir və bu, bir adamın işi deyil, bir nazirliyin işi deyil. Burada kütləvilik lazımdır. Bütün xalq bu işə qoşulmasa, istədiyimiz nəticəni əldə edə bilmərik. Məsələn, bu gün virusa qarşı aparılan mübarizə də belədir, hər kəs eyni mübarizəyə qoşulmasa nəticə əldə olunmaz. Hər insanın başına bir polis qoymaq olmaz ki; insanların özlərində şüurlu davranış olmalıdır. İnsan xisləti su kimidir. Çay axır, özü üçün yataq tapır. Qarşısına daş çıxanda yönünü dəyişir. İnsan da təhlükəni öz şəxsində yaşamadıqca onun nə olduğunu bilmir. Mənəvi tərbiyə də belədir. Klassikləri unutmağın, əlyazmaları heçə saymağın, milli-mənəvi tərbiyədən kənar qalmağın fəlakəti insanın başına gəlmədikcə bunu düşünmür. Halbuki bu, hamımızın işidir, hər bir şəxs buna görə məsuliyyət daşıyır.
- Təşəkkür edirik, Teymur müəllim.
- Mən də təşəkkür edir, uğurlar arzulayıram.
ŞƏRHLƏR