HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 8

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR - YUNUS ƏMRƏ - 8

Yunus Əmrə həzrətləri buyurur:

Sənin “mən” deməkliyin,

Manidə[1] üsul deyil.

Biz qapı qullarına,

Şaşı baxmaq yol deyil…

Səhabədən Həzrət Cabir t belə deyir:

“Allah Rəsulunun qapısına getdim. Qapını döydüm.

- Kimdir? - dedi.

- Mən! - cavabını verdim.

Allah Rəsulu r “mən” deməyimdən razı qalmadı”. (Buxari, İstizan, 17)

Həzrət Mövlana bu hadisəni işari mənada belə şərh edir:

“Qəlbiyanıq aşiq yarın qapısını döydü. Lakin “Kimdir?” sualına “Mən!” dediyi üçün yar ona:

“Get! Sənin üçün içəri girmək vaxtı deyil! Belə mənəvi nemətlər olan yerdə xam ruhlara yer yoxdur!..” dedi.

Zavallı qapıdan qayıtdı. Bir illik səfərdən sonra yarın həsrəti ilə geri döndü. Yenə yarın evinə gəldi. Ağzından səhv bir söz çıxmasın deyə qorxu və ədəblə qapının toxmağını döydü.

Yarı:

- Qapıdakı kimdir? -  deyə səsləndi. O da:

- Ey könlümün sahibi, qapıdakı da sənsən, - dedi.

Bu zaman yar:

- Madam ki artıq sən də mənim kimisən, ey məndən ibarət olan, içəri keç! Bir evə iki mən sığmazdı, - dedi və əlavə etdi:

- Ey nəfsinə qalib gələn kəs, içəri gəl! Sən artıq bağçadakı tikanlar kimi gülün ziddi deyilsən. Artıq güllərə şah olansan, zahirdəki ikiliyi buraxıb “bir” olansan!”.

Həmçinin Mövlana həzrətləri buyurur:

“Hər kim Haqq qapısında “mən” və “biz” desə, o kəs “ لَا ” (yəni rədd) vadisində dolanıb durar. Belələri dost qapısından içəri alınmazlar”.

İp bir neçə lifin birləşməsindən meydana gəlir. Onun iynənin gözündən keçə bilməsi üçün liflərin birlik və bərabərliyi qoruması vacibdir. Hər lif ayrı-ayrı baş olarsa, ipin ucu haçalanar, birliyi / tövhidi pozular, iynənin gözündən keçə bilməz.

Bir mömin də öz iradəsini Allahın iradəsinə nə qədər ram edərsə, tövhid həqiqətlərindən o nisbətdə nəsib alar. Bütün varlığı ilə Allah-Təalaya təslim olub ilahi iradənin ziddi olan hər cür nəfsani arzuları dəf edən bəndə Rəbbində fani olar. Haqq-Təala onu dostluq qapısından qəbul edər. Artıq o, dostunun görən gözü, tutan əli, yeriyən ayağı olar.[2]

Məhz kamil tövhid də o zaman gerçəkləşər. “Sən çıxarsan aradan, qalar səni Yaradan” sirri təcəlli edər. Ayeyi-kərimədə buyurulan:

اَلَا اِنَّ اَوْلِيَاءَ اللهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

“Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”, (Yunus, 62) - müjdəsi bu qullara ehsan edilər.

Ona görə də əsas hədəflərindən biri kamil insan yetişdirmək olan təsəvvüfün üzərində durduğu əsas xüsus nəfsin təzkiyə, qəlbin təsfiyə edilməsidir. Yəni xarici aləmlə birlikdə daxili aləmi də Allahın sevmədiyi hər şeydən təmizləmək, sonra ilahi riza və məhəbbəti cəlb edəcək gözəlliklərlə bəzəməkdir. İnsan yalnız bu zaman Rəbbində fani olar, tövhid həqiqətlərindən nəsib alar.

Sakarya çayı Qara dənizə töküldüyü zaman artıq Qara dənizdə Sakaryadan əsər-əlamət qalmadığı kimi, mömin də nəfsinin iradəsini Allahın iradəsinə tamamilə ram edərək Onda fani olmalıdır.

Bu hala nail olmağın önündəki ən böyük əngəl nəfsdə özünə yer etmiş olan bayağı arzular, həva-həvəs və ehtiraslardır. Bunların başında təkəbbür, ücub, riyakarlıq, baş olma sevdası, mənlik davası, sərvət, şəhvət və şöhrətə olan düşkünlük gəlir.

Bəndə fani həzlərdən uzaqlaşmadığı müddətdə baqi ləzzətlərə qovuşa bilməz; eynilə körpə uşaqların süddən kəsilmədən fərqli qidalardan və ləzzətlərdən faydalana bilmədikləri kimi. Buna görə təsəvvüfi tərbiyədə ilk addım mənəvi tərəqqiyə ayaq bağı olan nəfsani maneələrdən qurtulmaqdır.

Haqq dostları

P Ömürləri boyu nəfsaniyyəti heçə çıxarmağa çalışmışlar.

“Bir adamda mənlikdən bir hərf qalıbsa, o, Allah dostu ola bilməz”, - demişlər.

P Dünyaya təkəbbür və lovğalıqla yaşayaraq “ərzi-əndam” etmək üçün deyil, əksinə, təvazökarlıqla qulluq edərək Allaha “ərzi-hal” etməyə gəldiyimizi təlqin etmişlər.  

P Allah-Təalanın qüdrət və əzəməti qarşısında insanın “heçlik”, “yoxluq” və “acizlik” şüuru içində yaşadığı təqdirdə dəyərli olduğunu təlim etmişlər. 

P Bütün gözəl əxlaqın təməlində “təvazö” və “heçlik” halının olduğunu bəyan etmişlər. Həqiqətən, mütəvazi insan ədəbli olar. Comərd, fədakar, xidmət əhli olar, xülasə, “insani-kamil” olar.   

Necə ki, Yunus Əmrə həzrətləri mənlik pərdəsini aradan qaldırmaq, bununla da təvazö və heçlik tacını geyinmək üçün başını Tapdıq Əmrənin dərgahının kandarına qoymuşdur. Daxili aləmindəki təlatümləri və nəfsani ehtirasları hər kəsin ayaq basdığı  yerdə tərk etdikdən sonra mürşidinin könül dərgahına qəbul edilmişdir.

 

Bəhaəddin Nəqşbənd həzrətləri varlıq və mənlik libasını çıxararaq nəfs əngəlini aşa bilmək üçün yaralı heyvanlara xidmət etmiş, yoldan keçən məxluqata hörmət duyğuları ilə yol vermiş, bir növ nəfsini onlarla bir tutmuşdur. Həmçinin insanların keçdiyi yolları təmizləmiş, fədakarlıq göstərərək xəstələrə xidmət etmişdir.

Aləm buğda, mən saman,

Hər kəs yaxşı, mən yaman! – deyərək yetişdiyi təvazö, heçlik və yoxluq hissini ifadə etmişdir.

Əziz Mahmud Hüdayi həzrətləri mənəvi tərbiyə üçün Üftadə həzrətlərinə intisab etdikdə, ondan da, əvvəlcə qəlbindəki varlıq və mənlik divarını yıxa bilməsi üçün dünyəvi və nəfsani dayaqlarını tərk etməsi istənmişdir. Qazılıq etdiyi Bursa bazarında bahalı kaftanı ilə ciyər satması əmr edilmişdir. Sonra da dərgahdakı ayaqyolu təmizliyi işi ona həvalə edilmişdir.

Hüdayi həzrətləri bu xidmətlər əsnasında nəfsinin etirazlarını susdurub mənliyindən sıyrıldıqdan sonra dünya padşahlarına yol göstərən ulduz şəxsiyyətlərdən biri olmuşdur.

Xalid Bağdadi həzrətləri də İslam aləmində yayılan şöhrətinə və elmdə “Günəşlər-Günəşi” adı ilə anılmasına baxmayaraq uzun yolçuluqdan sonra Abdullah Dəhləvi həzrətlərinin dərgahında qərar tutmuş, həzrətin önündə ədəblə diz çökmüşdür. Bütün qürur və təkəbbür duyğularını boğaraq ona həvalə edilən ayaqyolu təmizliyi vəzifəsini səmimiyyətlə yerinə yetirmişdir. Təvazö, yoxluq və heçlik tacını geyinərək aldığı mənəvi təhsil və tərbiyə nəticəsində könüllər sultanı olmuşdur. Ona bərəkəti günümüzə qədər davam edən irşad xidməti nəsib olmuşdur.

Xülasə, ən ağır iş mənliyi, yəni qürur, təkəbbür və eqo duyğularını dəf etməkdir. Çünki qürur və təkəbbür əlamətləri zahirən tərk edilsə də, nəfsin bunu həzm edib qəbul etməsi asan deyil. Ona görə də insan heç vaxt nəfsin hiylə və tələlərindən əmin ola bilməz. Çünki nəfs bəzən surəti-haqdan görünərək və mənəvi hallara bürünərək sahibini aldada bilər. Məsələn, zahirən təvazökarlıq kimi görünən lovğalıqla “əfəndim, mən aciz bəndə ancaq bu qədər xətm edə bilirəm, filan qədər tələbə yetişdirə bilirəm, yalnız bu qədər xeyriyyəçilik edə bildim...” deyərək və bunu fani insanlara yayaraq o əməllərin əcrini puç edə bilər. Yaxud da işlədiyi əməlləri gözündə böyüdərək özünü başqalarından üstün görə bilər. Nəfsin bu kimi hiylələrini tərk edə bilməsi yalnız qəlbin səviyyə qazanması ilə mümkündür. Təsəvvüfün qayəsi də qəlbə bu kamilliyi qazandıra bilməkdir.

Bu kamilliyi qazanan Haqq dostları təqva üzrə qulluq həyatı yaşayıb Allah yolundakı səylərin ən gözəlini göstərmələrinə baxmayaraq yenə də özlərini heç bir əməl işləməmiş kimi, aciz günahkar olaraq görmüşlər.

Mərhum Necip Fazılın dediyi kimi:

O ərlər ki, könül fəzasındalar,

Torpaqda sürünmə əzasındalar...

Ulduzları təsbeh-təsbeh çəkər də,

Namazda arxa səf hizasındalar...

Yunus Əmrə həzrətləri buyurur:

Nə elmim var, nə taətim,

Nə gücüm var, nə taqətim,

Məgər Sənin inayətin,

Edə üzüm ağ, Çalabım![3]

Yunus Əmrə həzrətləri bu ifadələri ilə bizə nəbəvi əxlaqdan sirayət edən mühüm bir “qulluq ədəbi”ni təlim edir. Bu isə dünyəvi və uxrəvi qurtuluşumuz üçün elmimizə, əməlimizə, səhhətimizə, gücümüzə, imkanlarımıza güvənməyib daim Haqq-Təalanın lütfünə sığınmağı tələb edir.

Necə ki, Rəsulullah r bir gün əshabına:

“Orta yolu tutun, dosdoğru olun! Bilin ki, heç biriniz əməli sayəsində qurtula bilməz”, - buyurdu.

Səhabələr:

“Siz də qurtula bilməzsiniz, ey Allahın Rəsulu?” – deyə heyrətlə soruşdular. Peyğəmbərimiz r:

“(Bəli) mən də qurtula bilmərəm. Ancaq Allah rəhmət və kərəmi ilə məni bağışlasa, o başqa!” - cavabını verdi. (Müslim, Münafiqin, 76, 78)[4]

Unutmayaq ki, dualarımız kimi bütün əməllərimiz də Allah-Təalanın qəbuluna möhtacdır. Haqq-Təalanın əfvi, məğfirəti, mərhəməti, lütf və yardımı təcəlli etməzsə, qulun nə qədər saleh əməli və xeyir işi olsa da, heç bir qiymət ifadə etməz. Çünki saleh əməllərin qayəsi də ilahi rəhməti cəlb edə bilməkdir.

Yunus u balığın qarnına düşəndə dərdli-dərdli Rəbbinə dua və istiğfar etmişdi. Lakin Allah-Təala onun bu yalvarışının da qəbula möhtac olduğunu ifadə edərək belə buyurmuşdur:

“Əgər Rəbbindən ona bir mərhəmət (nemət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı”. (əl-Qaləm, 49)

Deməli, Allahın lütf və yardımı yetişməzsə, qulun əməllərinin də heç bir faydası olmaz. Çünki Allah-Təalanın bizim heç bir əməlimizə ehtiyacı yoxdur. Lakin bizim o saleh əməllər vəsiləsi ilə Rəbbimizin əfvini, məğfirətini, riza və məhəbbətini diləməyə, Ona yaxınlaşmağa və Onun dostluğundan nəsib almağa ehtiyacımız sonsuzdur.

Ona görə qulluq vəzifələrimizi əlimizdən gəldikcə ən gözəl şəkildə əda etməyə çalışmalı, sonra da Allahın saysız-hesabsız nemətləri qarşısında bu əməllərimizi bir “heç” olaraq görməliyik. Aciz bir qul olduğumuzun şüur və idrakı içində Allahın mərhəmətinə sığınmalıyıq.

Böyük Allah dostlarından Xalid Bağdadi həzrətlərinin mənəvi övladlarına və qardaşlarına yazdığı məktubları bizə qulluq ədəbi xüsusunda gözəl dərs verir. O, yazdığı məktubda öz halını belə xülasə edir:

“...Allah-Təalaya and olsun ki, anam məni dünyaya gətirdiyi gündən bəri Allah qatında məqbul və mötəbər olan, hesabı soruşulmayacaq bircə dənə də olsun xeyir əməl işlədiyimə inanmıram”.

Xalid Bağdadi həzrətləri belə buyurduqdan sonra bu izahı verir:

“Əgər öz nəfsini bütün xeyir işlərdə iflas etmiş görmürsənsə, bu, cəhalətin ən son nöqtəsidir. Əgər nəfsini iflas etmiş görürsənsə, Allahın rəhmətindən ümidini kəsmə. Çünki Allah-Təalanın fəzl və kərəmi qul üçün insanların və cinlərin (bütün saleh) əməllərindən daha xeyirlidir. Allah-Təala belə buyurur:

“(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunus, 58)

Şeytanın ağılları ilə oynadığı kəslər kimi Allah-Təalanın fəzlinə güvənərək ibadətlər xüsusunda əsla səhlənkarlıq göstərmə! Zikri-qəlbi ilə müraqibəyə davam et! Yolda gedərkən belə ondan ayrılma...”[5]

Xülasə, Allah-Təalanın rizasına nail ola bilmək üçün iman, saleh əməl, gözəl əxlaq lazımdır, lakin bu, kafi deyil. Yəni bir bəndə əbədi qurtuluşu xüsusunda əsla özünü zəmanət altında hiss etməməlidir. Qorxu və ümid duyğuları arasında Allahın rəhmətini cəlb edən saleh əməllərə, gözəl əxlaqa sarılmalıdır. Başda “Rəhman” və “Rəhim” sifəti olmaq şərtilə Allah-Təalanın camal sifətlərindən nəsib almağa çalışmalıdır. Bu istiqamətdə əlindən gələn bütün cəhdləri səmimiyyətlə həyata keçirməlidir. Lakin öz əməllərinə güvənməyib: “Ya Rəbb, Sənin lütfünə sığınıram, rəhmətini ümid edirəm”, deməli, daima dua və yalvarış halında yaşamalıdır.

Yunus Əmrə həzrətləri buyurur:

Canını eşq yoluna

Verməyən aşiqmidir?

Cəhd eyləyib ol Dosta

Ərməyən aşiqmidir?

Nəfs arzusundan keçib,

Eşq qədəhindən içib,

Söhbətlərdə baş çatıb

Durmayan aşiqmidir?

Yunus imdi[6] ol Dostun

Cəfasına səbr eylə,

Ürəyinə eşq odun

Urmayan[7] aşiqmidir?

Müəllim, məktəb, kitab, dəftər, qələm və bu kimi varlıqlar zahiri elmdə vasitədir. Batini elmin vasitəsi isə məhəbbətdir. Məhəbbət də isbat istəyir, bir qarşılığı var. Məhəbbətin tərəzisi fədakarlıqdır. Fədakarlıqlarla isbatını tapmamış bir məhəbbətdə səmimiyyətdən söz gedə bilməz.

 

Yəni ki, “mən Allahı və Rəsulunu sevirəm” deməklə iş bitmir. Bu sevginin evimizə, işimizə, uşaqlarımızı tərbiyəmizə, ətrafımızdakılarla münasibətimizə, cəmiyyət içindəki seçimlərimizə, ibadət və əxlaqımıza, Allah üçün həyata keçirilən bütün səylərə fədakarlıq göstərməmizə, bir sözlə, həyatın bütün sahələrinə əks etməsi lazımdır.

Çünki əsl məhəbbətdə sevilənin xüsusiyyətləri sevənə sirayət edər. Allah və Rəsulunu seviriksə, Quran və Sünnə istiqamətində yaşamalıyıq. Allah və Rəsulunun sevdiklərini sevməli, qəzəb etdiklərinə qəzəb etməliyik.

Əgər dilimizə gətirdiyimiz Allah və Rəsulullah məhəbbətini hal və davranışlarımız təsdiq etmirsə, əksinə, təkzib edirsə, bunun nəticəsi əbədi fəlakət olar, Allah qorusun.

Nəxşəbi həzrətlərinin nəql etdiyi bu qissə sözünü etdiyimiz həqiqəti necə də gözəl ifadə edir:

Gənc bir oğlan padşahın qızına aşiq olduğunu söyləmək üçün onun qapısına gəlmişdi. Xəbəri alan padşah qızı qapıya gəlib o gəncə:

- Bu min dirhəmi götür, bir daha mənə və sənə zərəri toxunacaq bu sözü söyləmə! – dedi. Gənc sözündən dönmədi. Bu zaman padşahın qızı iki min dirhəm təklif etdi. Gənc isə hər səfərində təklif artsa da, fikrindən dönmədi. Az qala onun səmimiyyətinə inanan padşah qızının qəlbi tam da ona meyl edəcəkdi ki, sonuncu dəfə on min dirhəm təklif etdi. Bu məbləğ qarşısında özünü itirən gənc təklifi qəbul etdi. Buna məyus olan padşah qızı qəzəbləndi:

- Bu necə sevgidir ki, pul-para sevgisi ilə qamaşan gözün məni görməz oldu. Başqalarını mənə tərcih edənlərin cəzası nədir, bilirsənmi? – dedi və sevgisində səmimi olmayan gənci şiddətlə cəzalandırdı.

Bir Haqq dostu bu qissəni eşidib bayıldı. Özünə gələndən sonra belə dedi:

“Ey insanlar, dünyadakı saxta sevgilərin başına nə gəldiyini görürsünüz! Allahı sevdiyini iddia edib Ondan başqasına meyl edənlərin başına gör axirətdə nələr gələcək!..”

Bir sözlə, səmimi mömin Allah və Rəsulullah sevgisini bütün fani sevgilərdən üstün tutmalıdır. Eyni zamanda unutmamalıdır ki, eşq və məhəbbət ruhları kamilləşdirən ağır imtahanları özünə cəlb edər. Bu yolda qarşısına çıxacaq dünyəvi cəfaları səfa, zəhmətləri rəhmət, məşəqqətləri ləzzət bilməlidir. Sevgisi naminə zəhər qatılmış aşı üz-gözünü turşutmadan dilxoşluqla yeməlidir. Çilə və iztirablara səbir etməlidir.

Çünki həqiqi mənada sevən adam sevdiyinin yolunda fədakarlıq etməyi canına minnət bilməlidir. Əshabi-kiram bu eşq, vəcd və şövq ilə:

“Canım, malım, hər şeyim Sənə fəda olsun, ya Rəsulallah!” – dedi. Onlar Peyğəmbərimizin İslama dəvət məktublarını uzaq diyarlara iman vəcdi ilə daşıdılar. Başkəsən cəlladların qarşısında zərrəcə tərəddüd etmədən Allah Rəsulunun məktubunu krallara oxudular. Mədinədə xurma bağçalarının sərin kölgəliklərində oturmaq var ikən min bir məşəqqətə qatlanaraq Çinə, Səmərqəndə, Afrikaya yollandılar, İstanbula gəldilər. Allahın rizasını qazanmaq üçün heç bir fədakarlıqdan uzaq durmadılar, yorulmadılar. Beləliklə, Allah və Rəsuluna olan məhəbbətlərindəki səmimiyyətlərini isbat etdilər.

Bu halın ən gözəl misalı isə Həzrət Əbu Bəkr t-ın Hz. Peyğəmbərə olan misilsiz məhəbbət, sədaqət və təslimiyyətidir. Allah Rəsulu onun bu böyüklüyünü ifadə edərək bir dəfə:

“Əbu Bəkrin malından istifadə etdiyim qədər başqa heç kimin malından faydalanmadım...” - buyurmuşdur.

Əbu Bəkr t isə bu sözlər qarşısında duyğulanaraq göz yaşlarını saxlaya bilməmiş və:

“Mən də, malım da, hamısı sizə aid deyilmi, ya Rəsulallah?!” - deyə cavab vermişdi. (İbn Macə, Müqəddimə, 11; Əhməd, II, 253)

Beləliklə, özünü bütün varlığı ilə Peyğəmbərimizə həsr etdiyini, Onda fani olduğunu ifadə etdi.

Rəsulullah r hədisi-şəriflərin birində şəxsinə bəsləyəcəyimiz məhəbbətin dərəcəsini belə bəyan etmişdir:

“Nəfsim qüdrət əlində olan Allaha and olsun ki, sizdən biri məni özündən, ata-anasından, övladından və bütün insanlardan daha çox sevmədikcə həqiqi mənada iman etmiş olmaz”. (Buxari, İman, 8)

Bəli, Həzrət Peyğəmbərə belə bir eşq və məhəbbətlə bağlanmalıyıq. Onu könül taxtımızın sultanı və həyatımızın rəhbəri bilməliyik. Çünki Onu sevmək bizə fərz qılınmışdır. Bu barədə ayeyi-kərimədə belə buyurulur:

“(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!”. (ət-Tövbə, 24)

Bu mənada biz də öz halımızı gözdən keçirməliyik:

P Allahı və Rəsulunu seviriksə, bu yolda nə qədər fədakarlıq göstərə bilirik?

P Rəsulullah r -ə nə qədər bənzəməyə çalışırıq?

P Gördüyümüz hər işdə, hər əməlimizdə “indi Allah Rəsulu yanımda olsaydı, bu halıma təbəssüm edərdimi?” hissiyyatını daşıya bilirikmi?

P Əshabi-kiramın, Allah dostlarının halı ilə həmhal olmağa, əxlaqı ilə əxlaqlanmağa, həyata və hadisələrə onların könül gözü ilə baxa bilməyə, onlarla istiqamət bərabərliyi üzrə olmağa nə qədər cəhd göstəririk?

Rəbbimiz hər birimizə imanda sədaqət, ibadətdə ixlas, məhəbbətdə səmimiyyət ehsan etsin.

Amin!..


[1] Mani: Məna, bir şeyin iç üzü, həqiqəti.

[2] Bax. Buxari, Riqaq, 38.

[3] Çalab: Rəbb, Allah.

[4] Həmçinin bax. Buxari, Riqaq 18, Mərda 19.

[5] Məktubati-Mövlana Xalid, 28-ci məktub.

[6] İmdi: indi.

[7] Od urmaq: od vurmaq.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz