SOSİAL TƏCRİDİN PSİXOLOJİ TƏSİRLƏRİ

SOSİAL TƏCRİDİN PSİXOLOJİ TƏSİRLƏRİ

Sosial təcrid yuxu rejiminin pozulması, bu müddət ərzində yuxuda kabusların görülməsi və yalnızlığın fonunda motivasiyanın aşağı düşməsi kimi bir çox psixoloji problemlərlə xarakterizə edilir.

Bu günlərdə fiziki uzaqlaşma və özünü təcrid etmək təcrübələri koronavirusun yayılmasını azaltmaq üçün planın vacib hissəsi olmaqla yanaşı, insanların daha az zərər görməsində mühüm rol oynayır.

Bu tədbirləri yerinə yetirmək nə qədər vacibdirsə, insan psixologiyasına olan təsirlərini də bilmək və diqqət mərkəzində saxlamaq o qədər zəruridir.

Ümumi mənada qəbul etməliyik ki, insanlar sosial varlıqlardır. Bütün sosial varlıqlar kimi, min illər boyu öz həmcinsimiz olan insanlarla qarşılıqlı mürəkkəb sosial əlaqələrə etibar etmək üçün inkişaf etmişik. Bu, sosial təkamülümüzün vacib bir hissəsi olmuş və əksər cəmiyyətlərin əsasını təşkil etmişdir.

Getdikcə daha sərt sosial məhdudiyyətlərin qoyulduğu bir vaxtda  psixi sağlamlıq mütəxəssisləri bu vacib sosial əlaqələri itirməyin yüksək psixoloji problemlər zəminində insanlığa baha başa gələcəyi barədə xəbərdarlıq edirlər. Belə vəziyyətlərdə insanlar sosial təcridin fonunda tənhalıq hissinə qapılır və psixoloji problemlərlə qarşı-qarşıya qalır.

Sosial təcrid vəziyyəti ilə tənhalıq duyğusunu isə bir-birinə qarışdırmamaq lazımdır. Sosial cəhətdən təcrid olunmaq ilə tənha olmaq arasında fərq ondan ibarətdir ki,  sosial təcriddə digər insanlardan obyektiv fiziki ayrılma,  tənhalıqda isə subyektiv sıxıntı hissi özünü büruzə verir. İnsanın könüllü şəkildə özünü başqa insanlardan sosial olaraq təcrid etməsi mümkündür. Bunu istənilən halda müəyyən yaradıcılıqla və zehni işlərlə məşğul olan insanlar edir və bu təcrübə onların həyat tərzlərinin bir hissəsi olur. Məcburi sosial təcrid isə insanın yaradılış fəlsəfəsinə zidd olduğu üçün onda tənhalıq hissi yaradır.

  Biz özümüz də  digər insanlar arasında normal vaxt və vəziyyətlərdə  belə özümüzü təcrid edib  tək qala bilərik, ancaq bu zaman özümüzü tənha hiss etmirik. Çünki təklik sadəcə bir hiss deyil, o eyni zamanda digər insanları axtarmaq üçün bədənimizdən gələn bioloji bir xəbərdarlıqdır. İnsanlar arasındakı  əlaqələr yaşamaq və inkişaf etmək üçün vacibdir və bədənimiz bunu bilir. Koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün tətbiq olunan fiziki uzaqlaşdırma və özünü təcridetmə tədbirləri tənhalıq hissinə qapılan insanların sayının artmasına səbəb olur.

Koronavirusdan əvvəl də yalnızlığın, xüsusən də sağlamlıq baxımından, bir sıra mənfi nəticələrinin olduğunu bilirdik. Bunları aşağıdakı kimi xülasə edə bilərik:

Kabuslar

Koronavirusun yaratdığı stress nəticəsində insanların kabus və ya qorxulu  yuxu görmələri barədə bir çox şikayətlər var. Bu da əslində təəccüblü bir vəziyyət deyil.  Bu fenomenə dair araşdırmalara görə, narahatlığa və ya stressə səbəb ola biləcək hər şey kabuslarla qarşılaşma riskini artırır. Travma və üzücü hadisələr də yuxu və xəyallarınıza oxşar təsiri göstərə bilər.

Yalnızlıq hissi

Yaşlı insanlar sosial təcrid zamanı xüsusilə daha həssas qruplara aiddir. Tədqiqatlar yaşlılarda sosial təcrid və tənhalığın müxtəlif fiziki və zehni vəziyyətlərə, habelə idrakın azalmasına, Alzheimer xəstəliyinə və ölüm riski ilə qarşı-qarşıya qalmalarına səbəb olduğunu göstərir. Çünki bu qrupa aid olan insanların ümumi mənada fiziki aktivliyi digər yaş qruplarına aid insanlardan daha zəifdir. Bütün bu faktorlar da Alzheimer demansının artmasına səbəb ola biləcək əhəmiyyətli zehni stressə səbəb olur.

Sosial təcridin təsirləri yaşlılarla məhdudlaşmır. Pandemiya zamanı insanlar salamlaşmaq və görüşmək kimi adət etdikləri davranışlardan uzaqlaşaraq psixoloji sağlamlıqları üçün zəruri olan toxunma vərdişini tərk edirlər. Belə ki, insan toxunuşu bədəndə oksitosin hormonu ifraz edir. Ana və körpə arasındakı bağı möhkəmləndirən də məhz oksitosin hormonudur. Aparılan tədqiqatlar göstərir ki, oksitosin hormonunun aşağı səviyyədə olması stress və narahatlıq səviyyəsinin daha yüksək olmasına səbəb olur.

Pandemiya zamanı özünü təcrid edənlər arasında depressiya və narahatlıq kimi psixi pozuntuların ortaya çıxması da mümkündür.

Bundan əlavə, normal gündəlik fəaliyyətlərin məhdudlaşdırılması, yalnız işə getmək deyil, başqaları ilə normal sosial qarşılıqlı əlaqələrin zəifləməsi belə zehni sağlamlıq problemlərinin yaranmasına səbəb olur və bu problemlərlə mübarizə aparmaq fiziki sağlamlığı zəiflədir.

Nəticə olaraq deyə bilərik ki, insanların psixoloji sağlamlıqları onların gündəlik fəaliyyətlərindən asılıdır. Buraya işə getmək, uşaqları məktəbə aparmaq, camaatla birlikdə ibadətlə məşğul olmaq kimi fəaliyyətlər daxil ola bilər.

Gündəlik vərdiş etdiyimiz adətləri tərk edib bütün bu fəaliyyətlərdən təcrid vəziyyətinə düşmək insanı virusdan ciddi şəkildə xəstələnməkdən qorusa da, onun psixi sağlamlığını real təhlükə ilə qarşı-qarşıya qoyur.

Odur ki, zehni və ruhi sağlamlığımızın qeydinə qalmalıyıq. Unutmayaq ki, psixologiyamızın sağlamlığı üçün fiziki sağlamlıq, fiziki sağlamlığımız üçün də psixoloji sağlamlığımız mühümdür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz