HAMIMIZ QARĞAYIQ
Əliabadın sərhədə yaxın olması səbəbi ilə Azərbaycandan Türkiyəyə gedərkən həmişə yerüstü nəqliyyatdan istifadə edirdim, hava yolu yaddan çıxırdı. Qazax və qırğız ellərində isə bunun tam tərsi oldu. İndi hava yolu yeganə alternativdir.
Beş saatı aşan hava səfərində kiçik bir çantada yatmaq üçün göz bantı, səsə mane olmaq üçün qulaq tıxacı və geyinməyə corab verirlər. İllərdir istifadə etmədiyim bu çantaları ya götürmədim, ya da götürüb uşaqlara verdim, oynasınlar. Çantalar yaşlılara, içindəkilər isə uşaqlara yaradı. Bir gün heç bir zaman işlətmədiyim və işlətməyi də düşünmədiyim göz bantını pərdələrin çöldən gələn işığı kəsmək üçün kifayət etmədiyi, haradasa kitab oxuna biləcək dərəcədə aydınlıq bir gecədə “sınamağın zərəri yoxdur, görək bu necə şeydir?” deyərək gözlərimə taxdım. Gördüyümüz, eşitdiyimiz və yanında olduğumuz əşya və insanların dəyişdirmə gücü var; etmərəm, demərəm, düşünmərəm deyilən hər işə sövq edə bilərlər. Görülənlərə, eşidilənlərə və yanında olanlara diqqət etmək lazımdır. “Sadiqlərlə birlikdə olun” əmri boş yerə deyilməyib.
Görəsən, ölümü təfəkkür edərkən bu göz bantını taxsam necə olar? İynə ucu qədər də işıq keçirmir. Qəbir aləmindəki kimi hiss etdirir. Çox taxsam, vahiməyə salar.
Göz bantının qaranlığında küfrün və kafirin qaranlığı aşkara çıxdı. Qaranlıq içində daha qatı bir qaranlıq (zülmət) göründü. Çöldə işıq var, amma göz ondan istifadə edə bilmir. Kafir də Nuru inkar edərək öz gözlərinə pərdə çəkir və qaranlıqda yaşamağı azadlıq olaraq görür. Həbsxananın içində yaşayan qarışqalar, əlbəttə, özlərinin azad olduğunu düşünər, “istədiyim kimi gedib-gəlirəm, mənə qadağa yoxdur” deyər. Ona mavi səmanın dərinliklərində qanad çırpmağı necə başa salacaqsan?
Göz bantının qaranlığında ekranlaşmış xatirələr, düşüncələr keçid alır. Qaranlığı oxumaq, onu hiss etmək yaxşıdır. “İqra (oxu)” əmrinin endiyi Nur dağının Hira mağarasında, on əmrin verildiyi Tur dağında nə qədər aydınlıq var idi? Led lampaların işığında nə qədər kitab oxuya bilirik? Bir dərsdə küfr və kafiri başa salarkən “mənim babalarım kafirdir, atam şəhərə gələnə kimi kafir idi, kafirlik yaxşı şeydir” demiş, “kimin ata-babası kafirdir, siz də kafirlik edirsiniz?” deyə soruşmuşdum. Tələbələrin gözləri bərəlmişdi. Ürəklərində “deyəsən, ağlını itirdi” demiş olarlar. Onlara küfr sözünün örtmək, gizlətmək, bildirməmək mənasına gəldiyini dedim. Kafir isə örtən, gizlədən, göstərməyən deməkdir.
Ərəb dilində gecə hər şeyi örtüb gizlətdiyi üçün “kafir” adlandırılır. Kəndli və əkinçi də toxumları torpağa səpib üstünü örtər. Toxumları görünməz hala gətirdikləri üçün onlara da kafir deyilir. Fəth surəsinin 29-cu ayəsində “əkinçi” mənasında “küffar: kafirlər” ifadəsi işlədilmişdir. Qadınlara da həyəcana səbəb olaraq ağlı örtdükləri, sevən kişini məcnuna çevirib ağlını görünməz hala saldıqları üçün “kafirə” deyilmişdir. Həzrət Yusufun ağlı belə Züleyxanın cazibəsi qarşısında bir anlıq tutulmuş, sonra açılmışdır. Qadının, gecənin, əkinçinin kafir/kafirə deyə ifadə olunması lüğəvi mənadadır, etiqadi deyil. Gündəlik həyatda insanları çaşbaş salan iti zəkalı çoxbilmişlərə də “kafir” deyilir.
İslam dinində isə küfr və kafir - dinin həqiqətlərini örtmək, gizlətmək, arxa çevirmək, Quranın və Rəsulullahın işığının gözə və könüllərə düşməsinə mane olmaq deməkdir. Ey qaranlıqlar içində yaşayan kafir qardaşım! (Hz. Adəmdən hamımız qardaşıq) Hörümçəyin, qarışqanın, qurbağanın da xəbərdar olduğu sonsuzluq işığına necə arxa çevirə bildin? Qaranlıqlar içində özünə necə bir dünya qurdun? Hədər etdin ömrünü. Qurani-Kərimdə kafirlərin gözlərində həqiqəti görmələrinə mane olan pərdə olduğu (əl-Bəqərə, 7; Yasin, 9; əl-Casiyə, 23) bildirilir.
Qaranlıq zindanlarda yaşayan insanın halı acınacaqlıdır. 1453-cü ildə, aylar ötməsinə baxmayaraq, İstanbulun mühasirəsi nəticə vermirdi. Akşəmsəddin həzrətləri nəhayət səbəbini tapır: Cibali baba adında məczub bir zat var imiş. Fatehin toplarından çıxan güllələri havada ikən tutur, dənizə atırmış. “Allahım, o qeyri-müsəlman bəndələrini də qoru!” – deyə dua edirmiş. Nə vaxt ki, Cibali baba vəfat edir, o zaman fəth gerçəkləşir.
Cibali babanın rəhmindən və acımasından Bizans da nəsiblənir. Niyə müsəlman qardaşlarımız mərhəmət və nəzakətimizdən faydalanmırlar? Könlümüzdəki hansı dosyelər xarab olub? Niyə müsəlmanların ətini rahatlıqla yeyə bilirik (qeybət), insan diksinməzmi?! Yoxsa biz qarğalaşdıqmı? Qarğa qoyunun belinə qonub uzun müddət özünü daşıtdırır. Əlindən heç nə gəlməyən qoyun gileylənərək: “İtin belinə qonsaydın, dişlərinin dadını bilərdin!” – deyir. Qarğa isə: “Haqlısan, mən zəifə xor baxır, güclüdən qorxuram. Kimə zorbalıq edəcəyimi, kimə ehtiram göstərəcəyimi yaxşı bilirəm. Buna görə də çox yaşayıram”, - deyir və qoyunun belinə minməyə davam edir. “Hepimiz kardeşiz” deyə mahnı var idi, mən bunu “hepimiz karqayız” deyə oxuyacağam. Qarğalıq etdiyimiz üçün üzr istəyir, peşmanlıq çəkir, halallıq istəyirik. “Mən qarğa deyiləm” deyənlərin əllərindən öpür, dualarını gözləyirəm.
“İnsan görmək istəmədiyi qədər kor, eşitmək istəmədiyi qədər kardır”.
ŞƏRHLƏR