BİR HƏDİS
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: لَا يَسْتَقِيمُ إِيمَانُ عَبْدٍ حَتَّى يَسْتَقِيمَ قَلْبُهُ، وَلَا يَسْتَقِيمُ قَلْبُهُ حَتَّى يَسْتَقِيمَ لِسَانُهُ، وَلَا يَدْخُلُ الْجَنَّةَ رَجُلٌ لَا يَأْمَنُ جَارُهُ بَوَائِقَهُ
Ənəs ibn Malikdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Qulun qəlbi düz olmadıqca imanı düz olmaz, dili düz olmadıqca qəlbi düz olmaz. Qonşusu pisliklərindən əmin olmayan kimsə cənnətə daxil ola bilməz”. (Müsnəd, XX, 343)
İslam dinində qəlb insan mənəviyyatının mərkəzi qəbul olunur. Belə ki, İslam ədəbiyyatında iman, ixlas, təfəkkür kimi bir çox mənəvi fəaliyyətin mənbəyinin qəlb olduğu qeyd olunur. Qeyd etdiyimiz hədisi-şərifdə Rəsulullah (s.ə.s) bu həqiqətə diqqət çəkərək imanın düzgünlüyünü qəlbin düzgünlüyünə, qəlbin düzgünlüyünü də dilin düzgünlüyünə bağlamışdır. Buradan belə anlaşılır ki, qəlbi və imanı qidalandıran mərkəz insanın dilidir. Elə bu səbəblədir ki, Hz. Peyğəmbər bir çox hədislərində insanın başına gələn problemlərin çoxunun dilindən qaynaqlandığını ifadə etmişdir. Dil qorunacağı təqdirdə insan həyat yolçuluğunda bir çox maneənin öhdəsindən gələrək axirətini qazanar. Əks təqdirdə həm dünyasını, həm də axirətini itirmiş olar. Bu həqiqətə işarə edərək Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim mənə iki çənəsi arasında olanı qorumağı söz verərsə, mən də ona cənnəti söz verərəm”. (Buxari, Riqaq, 23) Rəsulullah (s.ə.s) müsəlmanın tərifini verərkən də dilə diqqət çəkmiş və: “Müsəlman, dilindən və əlindən digər müsəlmanların əmin olduğu kəsdir”, - buyurmuşdur. (Əbu Davud, Cihad, 2)
Uca Allah Qurani-Kərimdə insanın bilmədiyi işlərin arxasınca düşməsinə diqqət çəkərək axirətdə qulaq, göz və qəlbin məsul olacaqlarını bəyan etmişdir. (əl-İsra, 17/36) Bu həqiqətə diqqət çəkən Rəsulullah (s.ə.s) boş danışmaqdansa susmağın daha faydalı olacağını açıqlamışdır. (Buxari, Ədəb, 31) Bu səbəblə də insan sərf etdiyi sözlərin faydalı olub-olmadığını ölçüb-biçməli, əvvəlcə düşünüb sonra danışmalı, dedikləri yaxşılığa vəsilə olmayacaqsa, susmalıdır.
Hədisin sonunda Allah Rəsulu (s.ə.s) qonşuluq münasibətlərinə diqqət çəkərək “qonşusu pisliklərindən əmin olmayan kəsin cənnətə girə bilməyəcəyini” buyurmuşdur. Qonşuluq haqqı İslamda çox əhəmiyyətli bir mövzudur. Hətta o qədər əhəmiyyətlidir ki, insanın axirətini qazanıb-qazanmayacağına birbaşa təsir göstərməkdədir. Çünki Rəsulullah (s.ə.s) qonşuluq haqqının imanla əlaqəsinin olduğunu açıqlamış (Buxari, Ədəb, 31) və: “Cəbrayıl mənə qonşuluq haqqında o qədər tövsiyələr etdi ki, hətta qonşunu qonşuya varis edəcəyini zənn etdim”, - buyurmuşdur. (Tirmizi, Birr, 28)
Nəticə olaraq, hədisdən fərd olaraq hər bir insanın öz mənəviyyatını inkişaf etdirməklə yanaşı, eyni zamanda ətrafındakı insanlarla da münasibətlərinə diqqət etməli olduğu anlaşılmaqdadır. Çünki İslam dini fərdiyyətçi deyil, ictimai bir dindir.
ŞƏRHLƏR