“Hələ bitməyinə çox qalıb?”

“Hələ bitməyinə çox qalıb?”

Bir çoxumuzun kitab oxuma ilə bağlı mütləq problemlərimiz vardır. Bəzən başlanğıc mərhələsində, yəni kitabı əlimizə alıb başlayarkən çətinlik çəkirik. Bəzən də başladıqdan bir qədər sonra ya həzz almamağa başlayır, ya da ki, bir an əvvəl səhifə sayına baxaraq “hələ çox var?” deyərcəsinə tez bitməsini arzu edirik. Hansı ki, kitablar “bitməmək” üzrə oxunması üçün ələ alınmalıdır ki, ləzzətini dadaraq keyfli bir kitab oxuma yolçuluğuna çıxıla bilsin. Bu səviyyəyə yüksəlmək üçün nə etmək, necə etmək, nələri diqqətdə saxlamaq lazımdır?

Çoxumuz eyni şeydən şikayət edirik. “Oxuyuram, amma nə oxuduğumu soruşsan, inan ağlımda heç nə qalmır”, - deyə maraqlı bir cavab tökülür ağzımızdan. Belə şikayətlərin səbəblərindən biri oxuma üsullarını və metodlarını bilməməyimizdir. Çox kitab oxumaq lazımdır, əlbəttə. Ancaq üsuluna görə oxunmayan kitablar zaman itkisi, bütovcül bir bilgi ehtiva etməyən və bizə çox şey qazandırmayan içi boş bir yığından ibarət fəaliyyət kimi yadda qalır. “Yaxşı bir kitab keçmiş təcrübələrinizi gözdən keçirməniz və müəyyən hadisələrdən dərs almanız üçün ən gözəl yol göstəriciniz və bələdçinizdir” sözü yerində söylənmiş bir sözdür.

Oxumaq ciddi bir iş olmaqla yanaşı, göstərilən ciddiyyət nəticəsində insanı ruhi və zehni cəhətdən bir səviyyəyə yüksəldərək mənəvi rahatlığına, aram tapmasına da səbəb olacaq bir fəaliyyətdir ki, bunun daha sistemli və düzgün plan içərisində icra olunması daha verimli nəticələrin ortaya çıxmasına səbəb olar.

Oxumaq əslində keçmişimizə nəzər salaraq yaşadıqlarımızdan dərs çıxara bilməyimizə köməklik edən vasitədir ki, dolayısı ilə oxuma “keçmişimizi dəyişə bilmə” gücünə malikdir. Vacib olan daha çox kitab oxumaq deyil, oxuduğumuz kitablardan daha çox faydalanmaq, daha çox həyatımıza yansıması istiqamətində cəhd etməkdir.

Kitablar bir növ başqa bir yerdə olma arzusunda olan insanlar üçün nəzərdə tutulan vasitələrdir. Belə bir dərdi olmayan bir insanın məsafə qət etməsi necə düşünülə bilər ki?!

Hər şeydən əvvəl əlimizə aldığımız kitabın oxumağa dəyər bir kitab olub olmadığını anlamamız vacibdir. Bir şeyin oxumağa dəyər olub olmadığını başa düşmək uzun çəkən bir proses deyil. Oxunaqlı, başadüşülən bir kitab və ya yazı daşıdığı keyfiyyətli fikirləri dərhal özündə büruzə verməlidir. Və həmin o fikirlər siz oxumağı irəlilətdikcə kitabın dərinliklərinə doğru mütləq sizi sizdən alıb götürəcək. Keyfiyyət tez hiss edilən bir məfhumdur, əllə tutula bilən olsun və ya olmasın. Oxuduqlarımızın zehnimizdə böyük hərəkətlənmələr meydana gətirəcəyi qaçınılmazdır, ancaq onun əsas təsiri oxuduqlarımızı davamlı mütəhərrik bir vəziyyətdə analitik çalışmalara tabe tutduğumuz zaman özünü büruzə verməyə başlayacaq. Oxuduqlarımızın təhlil edilərək canlı tutulması keyfiyyətli oxumanın əsas sirlərindən biridir.

Ümumiyyətlə, problemlərin öhdəsindən gəlməyin ən doğru yolu bir mövzuda tək bir kitabın deyil, əksinə, bir neçə müxtəlif kitabların oxunmasıdır. Mövzuya müxtəlif cəhətlərdən baxan, təhlil edən, müxtəlif müəlliflərin hadisələrə baxışlarını əks etdirən kitablar bizi həmin baxışlar içərisindən doğru olduğuna inandığımız istiqamətdə aparacaqdır. Eyni zamanda həmin müəlliflərin həyat təcrübələrindən istifadə etməmiz üçün də geniş bir imkan tanımış olacaqdır.

Bir neçə kitabı eyni anda oxumağa başlaya bilərsiniz, ancaq ən qısa zamanda bir neçəsini ələyərək oxuma planınızdan çıxarmalı olacaqsınız. Çünki kitablar arasındakı keyfiyyət və axtarışında olduğunuz fikir və düşüncələr sizi bu qərarı verməyə vadar edəcək. Bir kitaba başladığınız ilk 10 dəqiqə içərisində qərarı verəcəksiniz. Oxuma siyahısından çıxaracağınız kitablara üzülməyin, çünki əlinizdə həvəslə oxuduğunuz kitabı bəlkə “itirilmiş” gözü ilə baxdığınız kitabların əvəzinə bir neçə dəfə oxumalı olacaqsınız. Onlar sizə çox şey qazandıracaq. Bu anı yaşayınca da daxildən səssiz bir həzzin verdiyi hiss ilə əhvalınızın dəyişdiyini fərq etməyə başlayacaqsınız. Bax beləcə kitablar insanı xoşbəxt edə bilir. Demək ki, əlimizdə çox geniş imkanlarımız olmasa da, xoşbəxt ola bilmək üçün kiçik kimi görünən, ancaq böyük duyğular yaşadan imkanlarımız var. Dəyərini bilənlər həqiqətən şanslı insanlardır.

Həyat, orta dərəcəli kitablara xərclənməyəcək qədər qısa, xərcləyəcəyimiz zamanın alternativ xərci isə daha çox yüksəkdir. “Həyat, hal-hazırda bildiyiniz ən yaxşı kitabı oxumamaq üçün çox qısadır” deyə bir söz var.

Oxumalarımızın faydalı olması üçün onları mütləq gözdən keçirməli oluruq.

Bir kitabda;

- Ana fikirlər nələrdir?

- Bu kitabdan bir fikri alıb tətbiq edəsi olsam, hansı olardı?

- Bu kitabı bir dostuma necə izah edərdim?

Bu sualların cavabının zehnimizdə tez zamanda yer ala bildiyi kitab, zehin inventarımızda daim yerini tutmuş bir kitab olacaq.

Oxumanın həddi-hüdudunun olmadığını dərk edərək dostu kitab olub yola çıxanlar hədəflərinə doğru iri addımlarla irəliləyənlərdir!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz