SƏMİMİYYƏT TESTİ
Dini və dünyəvi əməllərin görünən və görünməyən iki üzü var. Görünən tərəfi necə və nə şəkildə edildiyi, yəni zahiri tərəfidir. Görünməyən isə nə üçün edildiyi, yəni batini tərəfidir. Bəzən insan dediyi sözdə, gördüyü işdə həqiqətən səmimidirmi deyə özünə suallar verir, öz-özünü hesaba çəkir. Çünki insan hər nə qədər başqalarına qarşı niyyətini gizlətməyə meyilli olsa da, özünü aldada bilmir. Heç kimin bilmədiyi, hətta mələklərin belə sirrindən agah olmadığı niyyətinin saflığını, davranışlarına əks etdirmədiyi duyğularının necəliyini sadəcə özü bilir. Səmimiyyət insan xarakterinin, bəlkə də, ən vacib keyfiyyətlərindən biridir. Üstəlik bu səmimiyyət bir müsəlmanda olduqda o mənən zərifləşir, ülviləşir, sahibinə təvazökarlıq, təmkin və vüqar gətirir.
İnsan səmimiyyətlə edilən hər bir əməlin və ya düşüncənin onu Rəbbinə yaxınlaşdırdığını, bunun necə dərin mənəvi zövq olduğunu dərk edir. Hissləri və nəfsi üzərində hakimiyyət qura bilənlər öz davranışlarını niyyətlərinə görə ayırd edə bilir, həssaslaşmış qəlb dükanında nəyin sevilən, nəyin qəbul olunmayan davranış olduğunu vicdanlarının həssas tərəziləri ilə ölçməyi bacarırlar. Bu dükanda davranışları iki tərəfli bir qəpiyə bənzətsək, necə ki, həmin pulun bir tərəfi olmadan heç yerdə qəbul olunmaz, ixlası olmayan bir əməl də haqq qatında dəyərsizdir, saxtadır.
Əgər bu dünya bir qazanc yeridirsə, dində səmimiyyət insan üçün ən böyük qazanc olan ilahi rizanı qazanmağa vəsilədir. Allah-Təalanın qullarından istədiyi, əməllərində göstərəcəkləri ixlas məhz səmimiyyətdir. Necə ki, ayeyi-kərimədə buyurulur: “(Ey Peyğəmbər!) Biz kitabı sənə haqq olaraq nazil etdik. Buna görə də sən dini Allaha məxsus edərək ixlasla ona ibadət et”. ( əz-Zümər, 2); “De: Mənə dini yalnız Allaha məxsus edərək Ona ibadət etməyim əmr olunmuşdur”. (əz-Zümər, 11)
Allah dostlarından Cüneyd Bağdadi səmimiyyəti belə tərif edir: “Səmimiyyət əməlləri bulanıqlıqdan qurtaran və saflaşdıran iksir kimidir”.
Bir qüdsi hədisdə isə belə buyurulur: “İxlas mənim sirlərimdən elə bir sirdir ki, onu sevdiyim qulun qəlbinə əmanət edərəm və bu, onunla mənim aramda bir sirdir. Bu sirri nə şeytan bilir ki pozsun, nə mələk bilir ki yazsın”. Ən əsası budur ki, Allah Rəsulunun (s.ə.s) sadə və açıq bir ifadə ilə dilə gətirdiyi “Din səmimiyyətdir” hədisini həyatımızın mərkəzinə qoyaraq dünya və axirət həyatında xoşbəxt olmanın yolunu bu mərkəzə yaxınlıq məsafəmizlə təyin edə bilərik.
Səmimiyyət hər qapı kilidinə uyğun gələn sehrli bir açar kimidir və səmimiyyətlə atılan toxum, edilən dua mütləq meyvəsini verir. Bunu Qurani-Kərim sahəsində dəyərli əsərləri olan Seyyid Kutubun həyatında da görə bilərik. O, qələmə aldığı təfsir kitabının müqəddiməsində yazır: “Əziz anam! Bu kitabı sənə ithaf edirəm. Ramazan ayında evimizə gözəl səsli hafizlər gələr, Qurani-Kərim tilavət edərdilər. Sən pərdə arxasından onlara qulaq asar, mən dəcəllik etdikcə də qaşlarını çatardın. Vaxt keçdikcə mən də Qurani-Kərimə qulaq asmağa başladım və anlamasam belə, ruhum musiqisindən doya-doya içməyə başladı. Tək duan hafiz olmam, Allahın bəxş etdiyi həlim səslə sənə Quran oxumam idi. Duanın bir qismi həyata keçib hafiz olduqdan sonra indi gördüyüm daha ciddi bir işə yönəldim. Əgər oğlun səsi gözəl deyil deyə Quran oxuya bilmirsə də, hər halda gözəl bir təfsir ortaya qoymaqdadır”.
Qurani-Kərimdə surə adları ya həmin surə başlanğıcındakı sözdən götürülüb, ya da surə içərisində keçən bir mövzu ilə əlaqəli kəlmədən. Lakin İxlas surəsində ixlasla əlaqəli kəlməyə rast gəlmirik. Hətta buna yaxın mənalı bir söz də yoxdur. Bəs bunun səbəbi nədir? Fəxrəddin Razi təfsirində bunu belə açıqlayır: “Bu surədə zikr edilən Allahın isim və sifətlərinə səmimiyyətlə iman edən kəsin cəhənnəmdən qurtulacağı rəvayət olunduğu üçün surəyə bu ad verilmişdir”.
Gündə dəfələrlə oxuduğumuz İxlas surəsini tilavət etdiyimiz zaman bir də bu yöndən təfəkkür edək. “Test” məfhumu ilə həyatımızda tez-tez qarşılaşdığımız bu günlərdə özümüzü bir də “səmimiyyət testinə” tabe tutaq: imanımızda və əməlimizdə nə qədər səmimiyik?
ŞƏRHLƏR