BİR AYƏ
بسم الله الرحمن الرحيم
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْاَرْضِ مَرَحًا اِنَّ اللّٰهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ
“Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz”. (Loğman, 31/18)
Qurani-Kərimin əsas qayələrindən biri insan oğluna nəsihət verməkdir. Bu ayədə Loğman əleyhissalamın oğluna verdiyi nəsihətlərdən bir qismi yer alır. Vəzifəsi, mal-mülkü və zahiri görünüşündən asılı olmayaraq insanlar Allah qarşısında bərabərdirlər. Qurani-Kərimin ifadəsi ilə: “Allah yanında sizin ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır”. (əl-Hücürat, 49/13) Belə olan halda bir mömin əsla başqasına qarşı təkəbbür göstərməməli və ona xor baxmamalıdır. “Təkəbbürlə insanlardan üzünü çevirmə!” ifadəsi məhz buna işarə edir. Digər tərəfdən, başqalarına yuxarıdan baxıb onları xor görmək Uca Allahın yer üzündəki bölgüsünə və təqdirinə razı olmamaqdır. İmtahan dünyasında Allah-Təala insanları zəngin, kasıb, gözəl, çirkin, sağlam və ya xəstə olaraq xəlq etmişdir. Nəzərgahi-ilahi qəlbdir. Uca Allah insan oğlunun qəlbindəki niyyətə və ixlaslı əməlinə görə ona dəyər verər. Digər bir ayeyi-kərimədə: “Göylərdə və yerdə böyüklük (ululuq) yalnız Ona məxsusdur”, (əl-Casiyə, 45/37) - buyurularaq Allahdan başqa heç kimin ululuq və təkəbbür iddiası ilə çıxış edə bilməyəcəyi bəyan edilir.
İnsan bir işi görməzdən əvvəl onun qəlbində buna dair bir fikir formalaşar və əməl həmin fikir və niyyətin nəticəsi olaraq ortaya çıxar. Ayənin davamında “yer üzündə lovğalanaraq gəzmə!” buyurularaq qəlbdə meydana gələn təkəbbür hissinin nəticələrindən birinin də məhz lovğa-lovğa gəzmək olduğuna işarə edilir. Bu ayəni günümüz etibarilə dəyərləndirəsi olsaq, deyə bilərik ki, bu gün müəyyən minik vasitəsini özündən razı şəkildə sürmək, ev, geyim və yeyib-içdiyi qidalarla özünü reklam etmək kimi hərəkətlər lovğalanmağın və təkəbbürün müasir təzahürlərindəndir.
“Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz” ifadəsi ilə Uca Allah bu kimi hərəkətləri xoş qarşılamadığını vurğulayır. Təkəbbür insanı Allahdan uzaqlaşdırar, təvazökarlıq isə Uca Yaradana yaxınlaşdırar. Ona görə də Allah-Təala: “Səcdə et və (Rəbbinə) yaxınlaş!” (əl-Ələq, 96/19) - buyuraraq insanın Allah qarşısında ən müti olduğu halının Ona ən yaxın olduğu hal olduğuna işarə edir. Namazda ən üst orqanı olan alnını ən alt orqanı olan ayaqları ilə eyni səviyyəyə gətirməklə özünü hər cür təkəbbür və üstünlükdən uzaq tutan insan oğlu bu zaman Allah yanında çox dəyərli bir mərtəbəyə yüksələr. Mömin namazda hiss etdiyi təvazökarlığı sosial həyatına da əks etdirməlidir ki, Allahın sevdiyi bəndələri arasına daxil ola bilsin.
ŞƏRHLƏR