ƏDƏB İMANIN DİRİLİŞ NƏFƏSİDİR

ƏDƏB İMANIN DİRİLİŞ NƏFƏSİDİR

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, Sən böyük bir əxlaq üzərindəsən”. (əl-Qələm, 4)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Cəhalətin tüğyan etdiyi hər bir cəmiyyətin nəhayət Rəbbimizin təqdiri ilə əxlaqsızlıq və mənəviyyatsızlıq yaralarına misilsiz bir məlhəm olacaq yeni bir oyanışa və mənəvi yüksəliş mühitinə nə qədər möhtac olduğu danılmaz bir həqiqətdir. Tarix Allah Rəsulunun timsalında insanlığın bənzəri olmayan bir əxlaq səltənətinə doğuşuna şahidlik etmişdir. Bu şahidliyin əsrlərdir davam edən əks-sədası ədəbin cəhalət tərəfindən beşiyində boğulma cəhdlərinə qüvvətli qalxan olmuş və bu gün də bu şərəfli mübarizəsini davam etdirməkdədir.

Allah (c.c) və Rəsulunu (s.ə.s) razı edəcək bir fəaliyyətlə, yəni özünə, ailəsinə, millətinə, insanlığa və bütün yaradılmışlara faydalı olacaq bir insan, bir müəllim yetişdirməklə məşğul olan Abdulqadir əfəndinin sevimli tələbələrinə ümrə səfərində təqdim etdiyi əfsanəvi həya və ədəb dərsi, onu dinləyən hər bir şəxsin könül aləminə hidayət və əxlaq bərəkəti saçan nadir bir inci səviyyəsində idi. Uhud şəhidliyinə etdikləri ziyarət isə bu həya və kamillik dərsinin zirvə nöqtəsi oldu. Uhudun o möhtəşəm mənəvi cazibəsinə bütün varlığını təslim edən Abdulqadir əfəndi bu mübarək məkanın maddi və mənəvi qoxusunu ehtiramla içinə çəkməyə başladı. Bir müddət təfəkkürə varan ustad birdən tələbələrinə yönəldi:

 “Övladlarım! Oxçular təpəsini tərk edən səhabələrin isimlərini söyləyə bilərsinizmi?”  Elm fədailəri ustadlarını məmnun etmək üçün cidd-cəhdlə dərin düşüncə dəryasına baş vurdular. Lakin vaxtın uzanmasına baxmayaraq ağıllarına, heyrətlərinə rəğmən, heç bir isim gəlmədi. “Ustadım, maraqlı olsa da, bir isim belə ağlımıza gəlmədi”, - deyə çarəsizliklərini etiraf edərkən Abdulqadir əfəndi könlünü bürümüş olan Peyğəmbər və səhabə sevgisini belə dilə gətirdi: “Mən sizdən oxçular təpəsini tərk edən səhabələr kimdir, deyə soruşdum. Lakin, inanın ki, bu sualın cavabını mən özüm də bilmirəm. Əslində heç kimsə bunu bilməməkdədir. İslam tarixinə aid kitablarda bu barədə yazılara rast gəlmək mümkün deyil. Hətta o oxçuların kimlərdən ibarət olduğunu öz övladları belə bilməmişdir. İslamın ehtişamını əsrlərə yayan, Rəbbani əxlaqın və ədəbin zirvəsində olan bu qəhrəmanlar bu barədə kimsəyə bir söz belə söyləməmişlər. Nəfslərin bu şəkildə Haqqa boyun əymə səadətini əldə etməsi onlar kimi Allahdan gərəyi şəkildə qorxma həyəcanına bürünmə keyfiyyəti ilə mümkündür. Rəbbinə qovuşuncaya qədər dünyada da, ölümlə başlayan ağır və məşəqqətli axirət yolçuluğunda da qəlbləri parçalayan bu müdhiş Haqdan qorxu həyəcanından Allah ərləri bir an olsun ayrı qalmazlar. İrfan yolu ilə itaət ədəbinin haqqını vermə yarışında fədakarlıq dastanı yazan bu ərlərin Allah-Təalanı tanıma mərifəti və Ondan gərəyi ölçüdə qorxma əndişəsi o qədər şiddətlənər ki, sevgili Peyğəmbərimizin bu mübarək sünnəsini də yaşama haqqına sahib olarlar. Rəsulullah (s.ə.s) Haqdan qorxu halını mənliyində yaşadığı kimi bəyan etmiş və buyurmuşdur:

“Allaha (c.c) qarşı ən böyük irfan (həya və ədəb) duyğusunu daşıyıram, lakin bununla birlikdə Ondan çox qorxmaqdayam”. (Buxari, İman, 13)

 - Övladlarım! Rəsulullahın aləmləri heyran buraxan bu irfan və həya təlimi ilə zahiri və batini aləmlərində kök salmış cəhalət zəncirlərini ilahi iznlə qıran səhabə nəsli yeni bir qulluq ədəbi ilə cahana doğaraq batilə Haqqın sarsıdıcı zərbəsini ədəblə vurmağa müvəffəq oldular. Ağır imtahanlara tabe tutulmalarına baxmayaraq, misli olmayan bir ədəb və həya əxlaqına, Rəblərindən qorxma irfanına sahib olan bu mübarək nəsil illər sonra Cəməl və Siffin kimi hadisələrdə bir-birinə tərs düşdükləri vaxt: “Hə, sən zatən o vaxt da Uhud təpəsini tərk etmişdin”, – deyə bir-birini ayıblamadılar. Çünki ən çox qorxduqları şey hallarının pisliyə doğru çevrilməsi, xoş görülməyən (qeybətçi, həsədçi) əxlaqın onları istila etməsi idi. Bir anlıq qəfləti cəhənnəm atəşinə bərabər sayan bu igidlər üçün itaət həyatlarında qiyamət çoxdan qopmuşdur. Dünyada ikən nəfslərində qiyaməti yaşayaraq etmiş olduqları işlərin hər zərrəsindən özlərini hesaba çəkən, Rəblərinin hüzurunda ədəb və irfan duyğusu ilə boyun bükən bu igidlərin fədakarlığına insanlıq bu gün susamış durumdadır”.

 Ətrafı bir anlıq müdhiş bir sükut bürüdü. Lakin əsrlərdən süzülüb gələn dirilik nəfəsi ilə dolan ustad qəlbi bir anda coşdu:

 “Aman ya Rəbbim! Necə də möhtəşəm bir əxlaq, necə də mümtaz bir ədəb!.. Övladlarım, Uhud əslində məğlubiyyət yeri deyil, bir zəfər yurdudur. İnsanlığın yeni bir mənəviyyatla, yeni bir ədəblə imana və qulluğa doğulma diyarıdır”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz