Yalnızlığın psixologiyası

Yalnızlığın psixologiyası

Yalnızlığın ən pisi səni anlamayanların arasında qalmaqdır.

Müasir dünyanın ən böyük psixoloji problemlərindən biridir yalnızlıq. Şəhərlər böyüyür, yüksək mərtəbəli binalar çoxalır, evlər bir-birinə yaxınlaşır, insanlar isə buna paralel olaraq bir-birinə yadlaşmağa və bir-birindən uzaqlaşmağa davam edir. Ətrafındakı insanlar çoxaldıqca insanlar özlərini daha çox tənha hiss etməyə başlayırlar. Həddindən artıq seçim qarşısında qalan beyin tənhalığı müdafiə predmeti kimi görür və insan yalnızlığı həyatda qalmaq üçün yeganə çıxış yolu olaraq qəbul edir. İnsanlar arasındakı güvənsizlik və etibarsızlıq fərdin özünə qapanmasına və tənhalığa boyun əyməsinə səbəb olur.

Gün keçdikcə qida paketləri, evlər və mətbəxlər kiçilir, marketlərdə satılan meyvələr belə tək adamlıq dilimlər şəklində satılır. Qoyun otarmaq cahillik və geridəqalmışlıq kimi göstərildiyi halda yalnızlaşan insanların itləri, pişikləri ilə vaxt keçirmələri müasirliyin tələbi kimi göstərilir. Boşanmaların sayı sürətlə artır və belə ailələrdə böyüyən uşaqlar kiçik yaşlarından etibarən tənha qalmış valideynini örnək olaraq qəbul edir. Tənhalıq uşaqlıq yaşlarından fərdin həyat tərzinə çevrilir.

Elmi tədqiqatların nəticələri onu göstərir ki, dünyada 27% insan özünü tənha hiss edir. Son 20 ildə isə ortalama olaraq tənhalıq faizi 3-7% nisbətində artmışdır.

İnsan beyni sosial münasibətlər zəminində daha aktiv çalışdığı üçün onun uzun müddətli yalnızlaşdırılması təhlükəlidir. Aparılan tədqiqatlar uzun müddət sosial mühitdən izolyasiya edilmiş fərdlərin zehni qabiliyyətlərinin zəiflədiyini ortaya qoyur. Hətta fərqli dövrlərdə və fərqli ölkələrdə fərdin insanlardan uzaqlaşdırılmasından bir işgəncə metodu olaraq istifadə edilmişdir və indiyə qədər də edilir. Bu mənada bir çox insan tənha qaldığı zaman daxili intizam prosesini düzgün kontrol edə bilmir və yaradıcılıq qabiliyyəti sıfıra enir. Başqaları tərəfindən bəyənilmə ehtiyacı qarşılanmadığı üçün yalnızlıq içərisində sahib olduğu kimliyini itirir.

Tənha qalan insanların fiziki olaraq immunitet sistemi zəifləyir və istənilən xəstəliyə daha tez düçar olurlar. İnsan hər zaman sevib dəyər verdiyi insanların toxunuşlarına və fiziki təmaslarına ehtiyac duyur. Bu toxunuşlar onun psixoloji harmoniyasının nizamlanmasına xidmət edir. Tənha yaşayan insanlarda isə bu kimi ehtiyaclar qarşılanmadığı üçün psixoloji gərginlik halları daha çox müşahidə olunur. Tənha insanlar həm fərdi gigiyenalarına, həm də gündəlik qidalanmalarına ciddi nəzarət edə bilmir və fiziki sağlamlıqlarına qeyri-ciddi yanaşırlar. Yalnızlığın psixoloji təsirləri isə aşağıdakı kimi özünü göstərir:

Motivasiya və enerjiyə mənfi təsir edir: İnsan özünü tənha hiss etdikdə gündəlik işlərini görmək üçün enerji və həvəsi bərpa edə bilmir. Şəxsin sosial mühitdən təcrid olunması onun motivasiyasına mənfi təsir göstərir.

Anksiyete pozğunluqlarına səbəb ola bilir: Yalnızlıq hissi kortizol hormonunu, yəni stress hormonunu artırdığı üçün insanın stress yaşamasına səbəb olur. İnsanın tək qalanda hiss etdiyi güvənsizlik hissi onun narahatlığını artırır və mübarizə qabiliyyətini azaldır.

 Depressiyaya səbəb olur: Depressiv əhvali-ruhiyyədə olan insan başqa insanlarla çox ünsiyyət qurmaq istəmir və bu, fərdi daha çox tənhalığa aparır. Yalnızlığın yaratdığı narahatlıq, ümidsizlik, həyatın mənasını itirmək kimi hisslər insanı bədbinliyə sövq edir.

Cəmiyyətdən təcrid edir: Fərd özünü tənha hiss etməyə başladığı andan sosial mühitində insanlar tərəfindən istənilmədiyinə dair qeyri-real və qeyri-funksional bir düşüncəyə sahib olur. Bu düşüncələr insanın özünü qeyri-adekvat hiss etməsinə və özünü arzuolunmaz bir insan kimi görməsinə səbəb olur. Beləliklə, fərd tədricən özünü cəmiyyətdən təcrid etməyə başlayır.

Sosial bacarıqları azaldır: Yalnızlığı sevən insanlar daha az insanla ünsiyyət qurduqları üçün ünsiyyət bacarıqları bir müddət sonra zəifləməyə başlayır. Halbuki insan sosial varlıqdır və yaşamaq üçün başqa insanlara ehtiyacı var. Ancaq ünsiyyətdən qaçdıqları üçün sosial bacarıqları tədricən azalır.

Yalnızlıqdan qurtulmaq üçün bu metodlardan istifadə edilə bilər:

- Pozitiv olmağa çalışmaq və hər zaman ən yaxşısının olacağını düşünmək.

- Sosial münasibətlərdən çəkinməmək və özünə güvən duyğusunu artırmaq.

- Oxşar maraqları olan insanlar arasında olmaq və həmin qruplarda vaxt keçirmək.

- Davamlı olaraq gələcəklə bağlı planlar qurmaq.

- Bir çox insanın sizi sevməyəcəyini və sevməsinin lazım olmadığını qəbul etmək.

Son olaraq, unutmayaq ki, dini inancı olan insan heç bir zaman özünü tənha hiss edə bilməz.  Çünki “Allah həmişə bizimlədir”. Çünki “Allah bizə şah damarımızdan da yaxındır”.

Allah var, qorxu yoxdur. Qədər var, kədər yoxdur. Allah var, ümidsizlik yoxdur.

Bir gün özümüzü yalnız hiss etsək də, çalışaq yanlış olmayaq...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz