Keçmişimizi gələcəyə bağlayan FOLKLOR
Hər bir xalqın genafonunda onun tarixi irsini formalaşdıran və nəsillər boyu daşıyan mühüm məlumatlar, inanclar və özünəxas davranış qaydaları yer alır. Bu tarixi irsin daşınmasında, yaşadılıb inkişaf etdirilməsində əvəzedilməz yaddaş xəzinəsi sayılan xalq ədəbiyyatının mühüm yeri vardır. Yazılı mənbələrlə yanaşı, dildən-dilə, qulaqdan-qulağa, könüldən-könülə aşılanan bu məlumatlar əsrləri, qərinələri aşdıqca qismən dəyişilsə də (bu dəyişiklik daha çox inkişafla, əlavələrlə bağlı olur) əsasən öz kökünü, əsas mahiyyətini saxlamağa müvəffəq olur. Burada yük təkcə şair və ədiblərin, aşıq və el ağsaqqallarının deyil, həmçinin böyük ölçüdə ailə böyüklərinin – nənə, baba, ata, ana kimi yaşda və təcrübədə böyük ailə üzvlərinin çiyinlərinə düşür.
Şifahi xalq ədəbiyyatına “xalq pedaqogikası” deyilir. Çünki bir çox tərbiyə məsələləri, insana hörmət, düzgün düşüncə, zəhəmətkeşlik, qanun-qayda, adət və ənənə kimi məsələlər adətən bu folklor yolu ilə gələcək nəsillərə ötürülür. Odur ki, bu müraciətlərin xalqın tələblərini ödəməsi üçün lazımi dolğunluğu, doğruluğu, şirinliyi və təsiri özündə əks etdirməsi zəruridir.
Gələcəyin insanını dil və dünyaya baxış bucağı olaraq bəsləyən, boya-başa çatdıran, onu kamal nöqtəsinə yetişdirmək üçün pillə-pillə yüksəldən bu üsul və vasitələrin başında nənələrin, anaların, bibilərin, xalaların dilləndirdiyi şirin mahnılar – laylalar gəlir. Körpənin şüuraltında ona rahatca yuxuya getməsi üçün güvən aşılayan laylalar eyni zamanda onun gələcək həyatı üçün də - fərqində olmasa belə - məhək daşı rolunu oynayır. Körpənin mərd, ürəyitəmiz, vicdanlı böyüməsi yolunda el sözünün gördüyü işi sonrakı illərdə qarşılaşacağı təlim-tədris ocaqları, tərbiyə müəssisələri həyata keçirə bilmir. Körpənin saf yaddaşına işlənən o ifadələr bir ömür boyu məsləhətçi kimi, yol göstərən kimi onunla birlikdə yaşayacaq, sanki həyat bələdçisi olacaqdır.
Bundan sonrakı dövrlərdə oxşamalar, dilaçmalar, tapmacalar, yanıltmaclar və dil hünərlərini aşılayan bir çox ədəbiyyat nümunləri eyni zamanda uşaqların gələcəyini də formalaşdırmağa davam edir.
Yazılı ədəbiyyatımızda Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Nəsimidən etibarən bir çox dahimizin əsərlərində uşaqlara məsləhətlər, xalq uşaq oyunlarından nümunələr, sehrli aləmlə, danışan heyvanlarla anladılan ibrətli təmsillər yer alsa da, tarix boyu oxucu kütlə ilə dinləyici kütlə arasında böyük fərq olmuşdur. Odur ki, el məsəllərinin, atalar sözlərinin, xalq deyimlərinin təsiri poema, dastan, təmsil kimi bu nəhəng əsərlərin təsirindən hər zaman daha ağır gəlmişdir. Məsələn, haqqında kitablar yazılan bəzi həqiqətləri iki-üç kəlmə ilə yığcam halda təqdim edən atalar sözlərinə bir-iki misal verim:
“Uşaq gördüyünü götürər, eşitdiyini deyər”, - burada uşağını necə böyütmək istəyirsənsə, onun gələcəkdə necə davranmağını istəyirsənsə, sənin də nümunə olaraq əvvəla özünün o şəkildə davranmalı olduğun heç bir əlavə izaha, məntiqi əsaslanmalara getmədən çox sadə dillə ifadə edilir.
“Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar”, - atalar sözü isə həm insan psixologiyasının iç üzünü açaraq bunun təməllərinin uşaqlıqdan etibarən formalaşdığını açıqlayır, həm də uşaqlara böyük bir öyüd verir ki, gələcəkdə etibarlı şəxs olmaq istəyirsənsə, bu gündən etimad qazanmağa başlamalısan. Bu atalar sözünə əsaslanaraq deyə bilərik ki, bəzi hallarda laqeyd valideynlərin “hələ uşaqdır, heç nə olmaz, qoy istədiyini desin” tərzindəki yanlış və təhlükəli təlqinləri əcdadımızın təlim-tərbiyə üslubu ilə uzlaşmır.
Şifahi ədəbiyyatın gələcək nəsilləri formalaşdıran güclü vasitələrindən biri də nağıllardır. Nağıl epik folklorun ən iri həcmli janrı sayılır. Burada hər bir xalqın mədəniyyətini, dünyagörüşünü və məişətini görə bilirik. Məsələn, nağıllarda adətən “kiçik qardaş” haqsızlığa məruz qalır, nağılın sonunda isə qalib gələn elə həmin qardaşdır. Burada aşılanan əsas fikir budur ki, zəif, köməksiz olsan da, heç bir zaman təslim olma, öz haqqının arxasınca get və əvvəl-axır haqq öz yerini tapacaq, layiq olduğun mükafata qovuşacaqsan. (Sovet dövründə kiçik qardaş daha çox kasıb təbəqənin motivi kimi əsaslandırılırdı.) Və ya qəhrəmanın bir zamanlar kömək etdiyi heyvanlar, bitkilər daha sonra onun köməyinə yetişir. Bütün bunlar uşaqlara xeyirxahlığın heç bir zaman əvəzsiz qalmayacağı şüurunu aşılayır.
Narahatlıq doğuran bir məqama toxunmadan keçə bilməyəcəyəm. Bu da bir çox nağıllarımızda “dərviş” adı ilə mənfi xarakterlərin işlənməsi mövzusudur. Ola bilsin ki, tarixi İslam dinindən əvvələ dayanan nağıllarımızda bu mənfi xarakter hansısa cadugər, hoqqabaz, gözdən pərdə asan yalançı mövhumatçı olmuşdur. “Tanrı” inancının “Allah” inancı ilə əvəzlənməsindən sonra bir çox terminlər də islami terminlərlə əvəz olunarkən belə bir bənzətmə edərək, yaxud Sovet dövründəki qərəzli müdaxilələrlə “dərviş” mənfi rola büründürülmüş ola bilər. Lakin şüurlu valideyn bilməlidir ki, “dərviş” - İslamın ən dərin incəliklərinə qədər yaşanması üçün seçilən tərkidünya həyat tərzinin adıdır. Tarix boyu, əlbəttə ki, bu adı sui-istifadə edənlər olmuş ola bilər. Amma bu, bütünlüklə “dərviş” adının mənfi bir obraz kimi təqdim edilməsinə əsla haqq qazandırmır. Bu kimi məsələlərdə valideynin açıqlayıcı və yönləndirici mövqe seçməsi mühümdür.
ŞƏRHLƏR