SAĞLAM FƏRD = SAĞLAM CƏMİYYƏT
Vücudumuzdakı ən kiçik canlı orqanizm hüceyrə sayılır. Gözlə görülmədiyi üçün mikroorqanizm adlandırdığımız hüceyrələr birləşərək toxumanı, toxumalar orqanı, orqanlar isə orqanizm sistemini meydana gətirir. Yəni hər nə qədər kiçik olsa da və biz onu görə bilməsək də bir varlıq kimi formalaşmamızda ən xırda parçamız olan hər bir hüceyrəyə ehtiyacımız var. Kənardan baxdıqda gördüyümüz hər bir insan profili məhz öz varlığındakı hüceyrə və toxumaların müvafiq şəkildə birləşməsindən və bu sistemin bütünündən ibarətdir. Bəzən bu hüceyrələrdən birinin zəifləməsi, yaxud pozularaq öz fəaliyyətini düzgün davam etdirə bilməməsi qonşu hüceyrələri də sıradan çıxardaraq toxumalarımızda, onun da nəticəsində orqanlarımızda müəyyən fəsadlara yol aça bilir. Düzgün qidalanma, düzgün həyat tərzi insan həyatı üçün mühüm rol oynayır. Bəzən fərqində olmasaq da həyat fəaliyyətimizə dair hər gün etdiyimiz davranışlar orqanlar sistemimizi meydana gətirən hüceyrələri bəsləməkdən ibarətdir. Əlbəttə ki, zərərli vərdiş və davranışlarımızla da sözügedən sistemə ciddi ziyan vururuq. Orta məktəb illərindən bizə tanış olan orqanizm sistemini qısa xülasə etdikdən sonra dəyərli oxucumu Hz. Peyğəmbərin “Möminlər bir-birini sevmək, mərhəmət etmək və bir-birilərini qorumaq xüsusunda bir vücada bənzəyirlər. Vücudun bir üzvü xəstə olduqda digər üzvlər də bu səbəblə yuxusuzluq və qızdırmadan əziyyət çəkər”. (Buxari, Ədəb, 27; Müslim, Birr, 66) hədisi-şərifinə bu pəncərədən baxmağa dəvət edirəm.
Gəlin bu hədis üzərində ciddi-ciddi təfəkkür edək. Yaşadığımız cəmiyyət və onu meydana gətirən ünsürlər eynilə orqanizm sisteminə bənzəyir. Cəmiyyətin ən kiçik hissəsi olan fərdlər bu sistemin hüceyrələri kimidir. Hər bir fərdin dünyaya gəliş qayəsi və həyata keçirməli olduğu öz funksiyası var. Və təbii ki, fərdlərin bir araya gəlməsi ilə yaranan ailələr cəmiyyətin toxumalarını formalaşdırır. Tez-tez eşitdiyimiz “ailə cəmiyyətin kiçik modelidir” sözü ailənin cəmiyyət üçün nə qədər mühüm rol oynadığından xəbər verir. İslam dini bizdən sağlam və güclü cəmiyyət qurmağı tələb edir. Dinimizin dəyişməz qaydalarına baxdıqda, Allah və Rəsulunun əmr və yasaqları üzərində təfəkkür etdikdə əslində bütün bunların güclü fərd və cəmiyyət formalaşdırmağa xidmət etdiyini görürük. Əgər sağlam cəmiyyət qurmaq istəyiriksə, əlbəttə ki, hər şeydən əvvəl fərd olaraq üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməli və ailəmizdə, ətrafımızda yetişən fərdləri düzgün istiqamətləndirməliyik.
Fərdlərin maddi və mənəvi cəhətdən sağlam, güclü olması üçün onun doğru tərbiyə görməsi şərtdir. Bu tərbiyə hər şeydən əvvəl ailədən başlayır. Elə isə ailəmizi Qurani-Kərimdə bizə bildirilən ailə modelinə görə formalaşdırmalıyıq. Ailədən sonra ən mühüm tərbiyə ocağı sayılan məktəblərimiz əxlaq normativlərinə, milli və mənəvi dəyərlərə cavab verəcək xüsusiyyəti daşımalıdır. Çevrə amilini nəzərə alaraq ailə fərdlərimizin ətrafını, dost-tanışını gözdən keçirməliyik ki, evdəki hesab bazardakı ilə düz gəlsin. Oxuduqlarımız, izlədiklərimiz, dinlədiklərimiz və ağzımızdan çıxan hər bir söz əslində qədərimizi formalaşdıran mühüm amillərdir. Elə isə həyat tərzimizi, ətrafımızda baş verənlər qarşısında göstərdiyimiz reaksiyamızı yaxşı-yaxşı götür-qoy etməliyik.
Əxlaqlı, xoşbəxt bir cəmiyyətdə yaşamaq istəyiriksə, sadəcə maddi cəhətdən deyil, mənəvi cəhətdən də güclü bir cəmiyyət arzu ediriksə, bu quruluşda fərdlərin rolunu gözardı edə bilmərik. Xüsusilə son dövrdə insanlığa sığmayan azğınlıqlar qarşısında bizə edilən “hər kəs istədiyi kimi yaşamaq haqqına sahibdir”, “hər kəsin seçiminə hörmətlə yanaşmaq lazımdır” təlqinlərinin əslində yaşadığımız cəmiyyətin təməlinə qoyulan partlayıcı olduğunu unutmamalıyıq. Hansı ki, partlayacağı zaman bütün fərdlərin zərər görəcəyi dəhşətli nəticələrlə üzləşmək məcburiyyətində qalacağıq. Unutmayaq ki, eynilə canlı orqanizminə bənzəyən cəmiyyət düzənimiz bu sistemin ən kiçik parçası olan fərdlərin hal və hərəkətindən müsbət və ya mənfi mənada təsirlənir. Bu gün bəlkə də hansısa qaranlıq dalanlarda nə işlə məşğul olduğunu bilmədiyimiz fərdlər sabah cəmiyyətimizin kabusuna çevrilə bilər. Ona görə də bu gün rastlaşdığımız hansısa neqativ bir hadisə qarşısında “bir nəfərdir, istədiyini etsin”, deyib səhlənkar davrana bilmərik. Axı insan orqanizmində də ən qorxulu xəstəliklər bəzən bir hüceyrənin bədxassəli xəstəliyə yoluxması ilə başlayır. Bəzən bir virus dağ boyda adamı yerə sərə bilir. Elə isə Hz. Peyğəmbərin hədisi-şərifinə qulaq verərək xəstə hüceyrələrimizin dərdinə əlac axtarmalıyıq. Hər gün müxtəlif yollarla bizə, yəni cəmiyyətimizin ayrı-ayrı fərdlərinə təlqin olunan mənfiliklərə qarşı qoruma mexanizmimizi hərəkətə keçirməliyik. Əxlaqi dəyərlərdən uzaqlaşan dünya qonşularımıza qarşı laqeyd və səssiz qalmamalıyıq ki, qonşuda çıxan yanğının qığılcımları bizim də evimizə sıçramasın. “Cəmiyyəti fərdlər formalaşdırır” deyirik. Bu gün yaşadığımız cəmiyyətdə əksəriyyəti milli-mənəvi dəyərlərinə bağlı, əxlaqlı, namuslu fərdlər təşkil edirsə, bundan arxayın olmamalı, bu nisbətin sabah əleyhimizə dəyişməməsi üçün indidən lazımi tədbirləri görməliyik. Əks təqdirdə, Allah qorusun, azğın qövm içərisində əziyyət çəkən Lut (ə.s) və ailəsi kimi cəmiyyətdən təcrid olunmaq təhlükəsi ilə qarşılaşmaq ehtimalımız var.
ŞƏRHLƏR