Libasını çıxardın!

Libasını çıxardın!

Günlərin birində yaralı bir quş Hz. Süleymanın yanına gələrək, qanadını qıran dərvişdən şikayət edir.

Hz. Süleyman dərhal dərvişi hüzuruna çağırtdırıb soruşur:

- Bu quş səndən şikayətçidir, nə üçün qanadını qırmısan?

Dərviş özünü müdafiə edir:

- Əlahəzrət, mən bu quşu ovlamaq istəyirdim. Uzaqdan gəldiyimi görüb qaçmadı, sonra yanına qədər getdim, yenə qaçmadı. Mən də özünü mənə təslim edəcəyini düşünərək üstünə atladım. Tam tutacaqdım ki,  qaçmağa çalıştı, o əsnada da qanadı qırıldı.

Bu cavabı aldıqdan sonra Hz. Süleyman üzünü quşa tutub belə deyir:

- Bu adam da haqlıdır. Sən niyə qaçmamısan? Axı o sənə gizlincə yaxınlaşmayıb. Sən haqqını müdafiə edə bilərdin. İndi gəlib qol-qanadının qırılmasından şikayət edirsən?

Quş söz alıb deyir:

- Mən onu dərviş libasında gördüyüm üçün qaçmadım. Ovçu olsaydı dərhal qaçardım. Dərviş olandan mənə zərər gəlməz, bunların qəlbində Allah qorxusu olar deyə qaçmadım.

Hz. Süleyman quşun özünü müdafiəsini doğru qəbul edir və qisas hökmümün icra olunmasını əmr edir.

- Quş haqlıdır, dərhal dərvişin qolunu qırın, deyə əmr verir.

Bu zaman quş:

- Əsla belə etməyin, deyərək etirazını bildirir. Hz. Süleyman təəccüblə:

- Nə üçün? deyə soruşur.

Quş bu cavabı verir:

- Dərvişin qolunu qırsanız, sağalandan sonra yenə eyni şeyi edəcək. Yaxşısı budur, əynindəki dərviş libasını çıxardın… Çıxardın ki, mənim kimilər bundan sonra aldanmasın.

 

 

Quran dəniz suyu kimidir

Yaşlı adam hər gün Quran oxuyur, ancaq heç cür əzbərləyə bilmirdi. Bir gün kiçik oğlu dayana bilmir və atasından əzbərləyə bilmədiyi halda niyə hər gün özünə əziyyət verib bu qədər oxuduğunu soruşur. Atası isə oğluna  hər gün kömür daşıdıqları səbəti göstərərək; Bu səbətlə mənə dənizdən su gətirdikdən sonra hikmətini açıqlayacağam deyir. Oğlu isə səbəti götürüb dənizdən nə qədər su gətirməyə çalışsa da bacarmır ki bacarmır. Axırda naəlac qalıb atasının yanına gəlir və bacara bilmədiyini, belə bir şeyin imkansız olduğunu deyir. Atası isə səbəti göstərərək: “yaxşı, bəs sən bu səbətdə nə isə bir yenilik gördünmü?” - deyə soruşur.  Hər zaman kömür daşıdıqları səbət artıq tərtəmiz olmuşdu. Oğlu cavab verir: “Bəli, atacan, səbət tərtəmiz olub. Bu zaman ata müdrikcəsinə deyir:

“Bəli, oğlum! Quran dəniz suyu kimidir. Yadımda saxlaya bilməsəm də dünyanın pislikləri ilə kirlənən qəlbimi təmizləyir”.

 

Bazarın böyüyü var

Bəhlul Danəndə Harun Rəşidin yanına gedib ondan vəzifə istəyir. Harun Rəşid də onu bazara nəzarətçi təyin edir. Bəhlul dərhal işə başlayır. İlk olaraq bir təndirin yanına gəlir. Bir neçə çörəyi tərəziyə qoyub çəkir. Çörəklər standart çəkidən əskik gəlir. Çörəkbişirəndən soruşur:

- Həyatından razısan, dolanışığın, ailə vəziyyətin necədir?

Çörəkbişirən bütün bu suallara mənfi cavab verir. Sanki həyatında razı olduğu heç nə yoxdur. Bəhlul heç bir söz demədən oradan uzaqlaşır. Digər bir təndirin yanına gəlir. Orada da bir neçə çörəyi tərəziyə qoyur.

Çörəklər standart çəkidən bir az artıq gəlir. Eyni sualları həmin təndirin sahibinə də verir. Sualların hamısına müsbət cavab alır. 

Bundan sonra heç bir yerə getmədən birbaşa Harunun yanına gəlir və yeni vəzifə istəyir. Harun Rəşid:

- Bəhlul, hələ yeni vəzifənə indi başladın, nə tez yoruldun? - dedikdə, Bəhlul bu cavabı verir:

- Əlahəzrət, bazarın öz böyüyü var. Məndən əvvəl çörəkləri də çəkib, vicdanları da. Buna görə də hər kəs hesabını görür. Artıq mənə ehtiyac yoxdur. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz