BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

ذَٰلِكَ بِأَنَّ اللهَ لَمْ يَكُ مُغَيِّرًا نِعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ وَأَنَّ اللهَ سَمِيعٌ عَلِيمٌ

“Bu ona görədir ki, bir qövm özlərində olanı (yaxşı xüsusiyyətləri pis xüsusiyyətlərlə) dəyişmədikcə Allah onlara verdiyi neməti dəyişən deyil. Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir”. (Ənfal, 8/53)

Uca Allah bəndələrinə saysız-hesabsız nemətlər bəxş etmişdir. Bu nemətləri verməsində və ya verməməsində ilahi ədalətə bağlı hikmət və səbəblər var. Allah-Təala bəndəsinə bəxş etdiyi neməti həmin bəndənin həyatında mənfi dəyişiklik olmadıqca əlindən almaz. İnsan oğlu Allahın ona verdiyi hər cür nemətin müqabilində Ona şükür etməz, nankorluq edər, həmin var-dövləti lazımi yerdə xərcləməzsə, Allah onun əlindəki var-dövləti geri alar və bunun əvəzində ona məşəqqət üz verər. Necə ki, Peyğəmbərimiz (s.ə.s) də əlimizdəki nemətin qədrini bilməklə əlaqədar olaraq belə buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bu nemətlərdən istifadə etməkdə aldanmışdır: Sağlamlıq və boş vaxt” (Buxari, “Riqaq”, 1).

Bu ayeyi-kərimə fərd və cəmiyyət həyatında xüsusilə mənfi istiqamətdə baş verən dəyişikliklərin, pozulmanın və əxlaqi tənəzzülün çox mühüm bir səbəbini bəyan edir. Belə ki, Allah-Təala insanlara təqdir etdiyi miqdarda nemətlər bəxş edər, bolluq-bərəkət, sağlamlıq və əmin-amanlıq verər. Əslində, bu nemətlərlə onları imtahan edər. Əgər onlar bu nemətlərin qədrini bilib layiqincə şükür edərlərsə, Allah-Təala onlara verdiyi nemətləri daha da artırar. Lakin bunun əksinə, nankorluq edər və bunları Allaha üsyan etmək yolunda xərcləyərlərsə, O da bu nemətləri əllərindən alar, bunun əvəzinə onları hər cür maddi-mənəvi sıxıntıya qərq edər.

Eləcə də ayədə Uca Allahın bəndələrinə qarşı daim ədalətli olduğu vurğulanır. İnsanlar niyyətlərini pozmadığı, davranışlarını dəyişdirmədiyi, öz mövqelərini tərk etmədikləri müddətcə Allah-Təala onlara bəxş etdiyi nemətləri geri almaz. Digər tərəfdən bu ayə insan oğluna verilən dəyəri göstərir. Uca Allah insanın qədərini onun hərəkətlərinə və əməllərinə görə təyin edir. Yəni Allah insanın qədərindəki dəyişiklikləri onun qəlbindəki niyyətinə, davranışlarına və özü üçün seçdiyi həyat tərzinə əsaslandırmışdır. Beləcə bütün məsuliyyət insana yüklənmişdir. Həmçinin ayədə insanın öz aqibəti və ətrafındakı hadisələrin aqibəti üzərində nə qədər təsiredici rol oynadığı bəyan edilir. Yəni bir baxıma hər şey bizdən asılıdır. Buna görə də mömin həm özünün, həm də ətrafındakıların dünya və axirət xoşbəxtliyini arzu edirsə, bunun üçün var gücü ilə çalışmalı, İslam cəmiyyəti olaraq müsbətə doğru dəyişməyə cəhd göstərməli və əlindəki nemətləri layiqincə dəyərləndirməlidir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz