QARABAĞIN BAĞRI YANIQ
Tarix hər millətin ayrılmaz parçasıdır. Bu ayrılmaz parça çox vaxt bir çox millətin ortaq qədəri olmuşdur. Bu parçanın əsasını torpaq təşkil edir. Torpaq münaqişələrinin də çox vaxt əsas səbəbi o toprağın kimə aid olduğudur. Bu münaqişələrin ən böyüklərindən biri, heç şübhəsiz, Qarabağ məsələsidir. Tarixi yüz illərə yox, min illərə uzanan böyük torpaq ərazisi...
Qarabağın tarixi, böyük ehtimalla, bizdən 250–300 min il əvvələ qədər uzanır. Çünki 1968-ci ildə Məhəmmədəli Hüseynovun Azıx mağarasında tapdığı alt çənə sümüyünün bizə verdiyi tarix belədir. Qarabağ kəlməsi “qara” və “bağ” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Əlavə olaraq, “qara” sözünün rəng mənası xaricində türk dillərində “sıx”, “qalın”, “böyük” kimi fərqli mənaları da vardır.
Bu gün ermənilərin (hayların) Qarabağı özününküləşdirmək üçün dedikləri ad “Artsak”dır. Lakin bu adın tarixçəsinə baxıldıqda öz şəkildə türk tayfası olan saklarla (sakalarla) bağlı olduğu aşkardır. Arsak adından yaranan Artsak toponiminin aydın şəkildə “ər+sak” olduğu görünür. Albaniya dövlətində bir neçə yüz il hökmranlıq etmiş Arsaklar sülaləsi saka türk boylarından ayrılmış bir qola mənsub idi. V.Radlov Rusiyanın Novosibirsk əyalətində “baraba” türklərinin “Arsaklı” kəndi haqqında yazır. (V.Radlov, “Sibiryadan” (rusca İz Sibir), 1989, sh.116) Sakaların soykökü rəvayətləri arasında “sogotoq” (sagat+oq) ve Arsaax adları vardır. Ksenofontov yazır: “Ər Sogotoq Elley cənubdan gəlib, deyilənə görə onun atası tatar (türk) soyundandır, adı isə Arsaaxdır”. (Ksenofontov, “Elleyada”, 1977, səhifə 34)
Ermənilər bu ərazilərin qədim milləti olduqlarını iddia etsələr də, arxeoloji qazıntılar bu böyük coğrafiyanın türklər ilə bağlı olduğunu hər halıyla sübut edir. Məsələn, Rizədən Azərbaycana qədərki coğrafiyada tarixi min illərə uzanan daş-qoç, qoyun-qoç heykəlləri tapılıb ki, bunların türk adəti ilə bağlı olduğu tarixçilər və türkoloqlar tərəfindən qəbul edilir. Abdulxaliq Çay belə deyir: “Anadoludakı qoç-qoyun daşlarının XIII əsrdən etibarən Qaraqoyunlu ve Ağqoyunlu türklərinin hakim olduğu yerlərdə görülməsi bu tip daşların türklərə aid bir adət olduğunu göstərir”. Əsərin davamında Abdulxaliq Çay bunu unudulmuş bir adətin yenidən dirçəldilməsi olaraq dəyərləndirir. (Prof.Dr.Abdulhaluk Çay, “Türk milli kültüründe hayvan motifleri” (Koyun ve keçi etrafında oluşan gelenekler), Ankara 1990) Çünki Ön Asiyada prototürk dövründən başlayaraq tarixi daş, tunc dövrlərinə qədər uzanan Naxçıvanda “Kültəpə”, “I Maxta”, Beyləqanda (Mildə) “Qaratəpə” kimi qədimi məskənlərdə də tapılan bu abidələr yuxarıdakı cümlələri doğrulayır. Professor Helmoltun “Ümumi bəşəriyyət tarixi” əsərinin II cildində Azərbaycana aid hissədə belə deyilir: “Tarixin göstərə bilmədiyi məchul bir vaxtdan bu yana buralarda türklər yaşayır”.
Sonrakı dövrdə Albaniya dövləti İslam fəthləri ilə süqut etdi və düzənlik ərazidə yaşayan xalqın çoxu İslamı qəbul etdi. Qarabağ kimi dağlıq ərazidəki xristianlar isə öz dinlərində yaşamağa davam etdilər. Qarabağdakı yerli xalqın qriqorianlaşdırılması VIII əsrdə İslam dövlətinin Alban kilsəsinin erməni qriqorian kilsəsinə tabe olmasına icazə verməsindən sonra başlayıb. Yerli xalqın erməniləşdirilməsi isə XII əsrdə olmuşdur. (Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”, Bakı 1965. sh. 91-102)
Monqol işğallarından sonrakı vaxtlarda ard-arda qurulan 5 məliklik ermənilər tərəfindən onların dövlətçilik irsi kimi verilsə də, statistika o dövr yerli əhalisinin çoxunun müsəlmanlar (azərbaycanlılar) olduğunu deyir. Məsələn, 1725-1727-dəki siyahıyaalmada Gəncə-Qarabağ bəylərbəyliyində19395 vergi verənin 11818-nin müsəlman olduğu, bunun 11068-nin Azərbaycan türkü olduğu ve geriyə qalan qeyri-müsəlman xalqın isə ermənilərlə birgə 7577 nəfər olduğu yazılır. (Gəncə-Qarabağ əyalətinin təfsilatlı dəftəri, H.Məmmədov Qaramanlı, Bakı 2000, sh. 12) Sonrakı vaxtlarda Qarabağ xanı İbrahimxəlil xanın Rusiya ilə 1805-də bağladığı Kürəkçay müqaviləsində ermənilərdən bəhs edilməmişdir. Rus dövründə 1823-cü ildəki siyahıyaalmada Rus-İran müharibəsində əhalinin buranı tərk etməsinə rəğmən buradakı xalqın əksəriyyətini türklərin təşkil etdiyi məlum olur ki, Qarabağdakı azərbaycanlılar doxsan bir faiz olduğu halda, ermənilər səkkiz faiz idi. (Süleyman Əliyarlı, “Azərbaycan Respublikası: keçmiş və günümüzün dövlət sərhədləri haqqında qeydlər/Qarabağ: Tarixi münaqişə əsasında”, Sankt Peterburq 2014, sh. 32)
Rus-İran ve Rus-Osmanlı (1828-1829) müharibəsi nəticəsində İran ve Osmanlıdan ruslar özlərinə “dost” olsun deyə bura erməniləri köçürdü və nəticədə erməni əhalinin sayında kəskin artış oldu. 1828-ci ilin may ayında bura 147 erməni ailəsi gətirildi. 1828-in iyun ayında isə Qarabağa gətirilən ermənilər 535 nəfər idi. 1832-ci ildəki siyahıda əyalətdə 20546 ailənin yaşadığını, köçürmə siyasətinə rəğmən əyalətin 68 faizini Azərbaycan türklərinin təşkil etdiyini yenə bizə tarix deyir. (“Cənubi Qafqazda rus mülklərinə ümumi baxış”, 3-cü hissə, Sankt Peterburq 1836, sh. 267 və 308) Lakin artıq 1830-cu illərin sonundan etibarən bu siyasət bəhrəsini vermiş, 68 faiz 64-ə qədər düşmüşdür. 1886-da ermənilərin mühüm dərəcədə artışı müşahidə edilmiş, sonrakı illərdə də bu məkrli siyasət davam etdirilmişdir.
Tarix sübut edir ki, Azərbaycan qədim bir dövlətdir və azərbaycan xalqı ta qədimdən, Qarabağ daxil, bu torpaqlarda yaşamışdır.
ŞƏRHLƏR