TƏHSİLİN LÜZUMU
İslam böyüklərindən birinin: “Din, vətən, bayraq və millətin (milli-mənəvi dəyərlərin) qorunması ancaq fədakar bir nəslin (gəncliyin) yetişməsinə bağlıdır” sözü insanın yetişməsində təhsilin/məktəbin lüzumunu çox gözəl şəkildə ortaya qoymaqdadır.
Təhsil sözü ərəbcədən gəlir və “öyrənmək, elm və bilik əldə etmək” mənasına gəlir. Məktəb sözü də ərəbcə kəlmə olub “yetişməkdə olan nəslə təhsil verən təlim-tərbiyə müəssisəsi” deməkdir.
Tarix səhnəsinə çıxdığı andan etibarən insanlığın məşğul olduğu əsas problemlərdən biri arzu edilən xarakterdə insan tipi yetişdirmək məsələsi olmuşdur. İnsanlar bəzi hərəkət və davranışları sonradan öyrənərlər. Sosioloji mənada şəxsiyyətin inkişafı isə yalnız cəmiyyət həyatında mümkündür. Hər bir cəmiyyət əvvəla ailədən meydana gəlir. Sonra isə o cəmiyyət möhkəm təməllər üzərinə qurduğu təhsil sistemi ilə yetişən fərdləri sayəsində ayaqda dayanır.
Bu səbəblə keçmişdə olan təhsil modellərinə baxıb qibtə etdiyimiz kimi, bu gün də o bağı qoparmadan elə bir təhsil sistemi qurub insan yetişdirməliyik ki, əcdadımızın miras qoyduğu o möhtəşəm elmi əsərlər kimi, yeni yetişən nəsil də gələcək nəsillərə bu cür bərəkətli dəyərlər mirası qoya bilsin.
Bir mütəfəkkirin bu sözü mövzumuz cəhətindən də ibrətlidir: “Hakim millətlərlə məhkum millətlər arasındakı yeganə fərq, tərəzinin bir gözünü digərindən ağır gətirən bir qram ağırlıq kimidir. Yetişmiş bir ovuc insanın varsa, qalib millətsən, yoxsa məhkum!..”.
Bəli, istər öz millətimizin, istərsə də bütün dünyanın həsrəti bu bir ovuc insanadır. Özünü Haqqa həsr etmiş, könlünü məxluqata geniş bir şəfqət və mərhəmət dərgahı qılan, ruhundan aləmə rəhmət yaya bilən, dəyərlərinin qədir-qiymətini bilən və dərdini çəkən bir ovuc insan!..
Təhsil nə üçün bu qədər mühümdür, insana yaxud cəmiyyətə nə qazandırır və ya nələr qazandırmalıdır?
Elmin və təhsilin əsas məqsədi, əlbəttə, ilk növbədə insanın özünü, yaradılış məqsədini və Yaradıcısını bilməsidir. Bu məqsədin xülasəsini də ən gözəl şəkildə Yunus Əmrə ifadə edir:
Elm elm bilməkdir,
Elm özünü bilməkdir.
Sən özünü bilməzsən,
Ya necə oxumaqdır?!
Bəli, qeyd olunduğu kimi, təhsildən məqsəd bu şəkildə tərbiyə edilməkdir. Yəni həqiqi təhsil insanın əvvəla özünü, qulluğunu, yaradılış/varlıq məqsədini bilməsidir. Çünki «tərbiyə»siz bir təhsil, «insaf»sız bir texnologiya, «ədalət»siz bir hüquq ancaq sənətkardan (Yaradandan) xəbərsiz bir təhsilin nəticəsidir.
Bu gün tətbiq olunan təhsil modelində hər şeyi bilmək bacarıq sayılır. Halbuki qazanılan bilik/elm hikmət ilə yoğrulmaz və irfana çevrilməzsə (düzgün tərbiyə edilməzsə), bir qiymət ifadə etməz. İşlənməyən, istifadə edilməyən və hünərə çevrilməyən elm insana yükdür. Təkcə bilməyin yetərli olduğunu zənn edənlərə Hz. Mövlana belə cavab verir:
“Hünərli və alim olmaq yaxşıdır, lakin iblisdən ibrət götür və buna o qədər də dəyər vermə! Çünki iblisdə də bilik vardı. Amma o, Hz. Adəmin torpaqdan yaradılışını, zahiri üzünü gördü, lakin həqiqətini görə bilmədi. Ey qafil! Qürurdan, özünü bəyənməkdən xilas ol və lazımsız şeyləri üstündən at ki, hər an sənə ilahi rəhmətlər yağsın”.
Təhsil «düşünən adam» yetişdirmə sənətidir. Yeganə məqsəd: İnsana özünü və Rəbbini, beləliklə, insanlığını və həddini öyrədəcək bir elmdir. Əgər elm/təhsil yaşanaraq irfan və mərifətullah ilə bəzənərək qəlbə yerləşsə, o qəlbi və sahibini sonsuzluqlara uçurdar. Bilgi qəlbə nüfuz etməsə, irfana çevrilməz. İrfana dönməyən elm isə sahibinə faydadan çox zərər verər.
Bir-birini düşünməyən, sevməyən və saymayan insanlarla çoxalan “duyğusuz” bir nəsli heç birimiz istəmərik, yəqin ki. İstədiyimiz, əlbəttə, elmi, texnikanı və texnologiyanı insanlığı əzmək və yox etmək üçün deyil, insanlığa, məzlumlara, məhrumlara xidmət etmək üçün istifadə edəcək, bir-birini düşünən və sevən bir elm və təhsil ilə yetişən insan nəslidir.
Bir millət dahilər yetişdirə bildiyi ölçüdə böyük millət olar və öz mövcudluğunu davam etdirə bilər. Keçmiş və yaxın tariximizə baxdığımızda görürük ki, əcdadımız və bu coğrafiya sinəsində yetişdirdiyi böyük şəxsiyyətlər sayəsində neçə dövlətlər qurmuş və özünü sübut etmişdir. Sabahlara ucalmaq və tarix səhnəsindəki şanlı yerimizi qorumaq istəyiriksə, hər bir fərdimizə lazımi şəkildə qiymət vermək və onları haqqı ilə yetişdirmək məcburiyyətindəyik. Və sonda bu möhtəşəm və gözəl ifadəni əsla unutmayaq:
“Hakim millətlər ilə məhkum millətlər arasındakı fərq, bir ovuc yetişmiş insandır”.
Uca Rəbbimiz könlümüzün və gözümüzün nuru, üzümüzün ağı və təbəssümü olacaq, dininə, vətəninə və bayrağına sahib çıxacaq düzgün bir nəsil yetişdirməyi nəsib etsin! Və hər birimizə bu istiqamətdə feyzli, bərəkətli və Öz rizasına müvafiq bir xidmət ömrü içində yaşamağı müvəffəq etsin!
ŞƏRHLƏR