Namaz və şeytan

Namaz və şeytan

Uca Allaha ibadət  etmək Yaradana olan sevgi və hörmətin ən yüksək dərəcəsidir. İslama görə, insana verilən ömür Allaha ibadət etmək üçün bir sərmayədir. Lakin şeytan müxtəlif yollarla insanları aldadır, namazı və digər ibadətləri tərk etdirməyə çalışır. O, hiylələri ilə möminləri həm Allah dərgahında qazanacaqlarından məhrum etməyə, həm də Rəbbinə üsyana çağırır. Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan ayırmaq istəyir. Artıq bu işə son qoyacaqsınızmı?!” (əl-Maidə, 90-91)

Ayədən də aydın olduğu kimi, şeytan insanı namazdan uzaqlaşdırmaq istəyər. Bunun üçün o, namaz qılan adamı daima izləyər, qəlbinə şübhə salaraq onu tutub saxlayar. Onu namazı vaxtında qılmaq fəzilətindən məhrum etməyə çalışar. Namazdan əvvəl oxunan azan və iqamə zamanı oradan müvəqqəti uzaqlaşsa da, bunlar bitdikdən sonra yenidən insana yaxınlaşıb namazda ikən onun qəlbinə müxtəlif vəsvəsələr salmaqla yoldan çıxarmağa cəhd göstərər.

Allah Elçisinin (s.ə.s) həyatında bununla bağlı bəzi hadisələr baş vermiş və onlar hədislərlə dövrümüzədək gəlib çatmışdır. Məsələn, İbn Abbasdan (r.a) nəql edilmiş bir hədisə görə, şeytan bir gün Allahın izni ilə Rəsulullahın (s.ə.s) yanına gəlmiş və namaz qılan möminə hansı hiylələri işlətdiyini belə bildirmişdir: “Ey Muhamməd! İnsan namaz qılarkən onu tələsdirər, sağa-sola baxmasına çalışaram. Dediklərimi edərsə, üzünü oxşayıb alnından öpərəm. Bundan sonra ona: “Sən namaza yaraşmaz bir iş gördün”, - deyərək əhvalını pozaram. Ey Muhamməd! Sən də yaxşı bilirsən ki, hər kim  namazda tələsər, sağa-sola çox baxar və başqa şeyləri düşünərsə, namazdan qafil olar, Allah da onun namazını qəbul etməz. Namazı camaatla qıldığı zaman ona imamdan əvvəl rükuya və səcdəyə getməsini əmr edərəm. İmamdan əvvəl rükudan və səcdədən qaldırar, barmaqlarını şaqqıldatmasına çalışaram. Əgər o, namazda belə edərsə, Allahı deyil, məhz məni zikr etmiş olar. Sonra adama “onu yadına sal, bunu xatırla”, - deyərək səcdələrin və rükuların sayını unutduraram. Sonra burnuna üfləyərəm, o da əlini ağzına tutmadan əsnəyərsə, ağzından içəri daxil olaram. Artıq həmin şəxs bizə itaət edər”. (Riyazus-salihin, Saləh, 243)

Şeytan insanın ən qəddar, ən təhlükəli və ən qorxulu düşmənidir. O elə gizli düşməndir ki, insan hər an onun tələsinə düşə bilər. Şeytan ilk gündən insan oğluna düşmən kəsilib və düşmənçiliyində daim fəal olub. O, insanın əqidəsini, inancını və əxlaqını məhv etmək, başqaları ilə düşmənçiliyə düşürmək üçün hər cür hiyləyə əl atır və onun hiylələri və əməlləri bitmək bilmir. Allah-Təala Qurani-Kərimdə bir çox ayələrdə açıq-aydın bildirib ki, şeytan insanın ən böyük düşmənidir. Bir ayədə buyurulur: “Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır”. (Fatir,6) Ayədə Allah-Təalanın aydın şəkildə “şeytanı özünüzə düşmən tutun!” əmrini görürük. Başqa bir ayədə belə buyurulur: “Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, başqalarına böhtan atmağı) əmr edər”. (ən-Nur, 21)

Şeytan çox hiyləgərdir və o, insanları zəif yerlərindən yapışaraq yoldan çıxardır. O, xüsusilə də müsəlmanlarla çox ehtiyatlı davranır və onları tədricən çaşdırmağa başlayır. Şeytan heç bir zaman müsəlmanı birbaşa küfrə sarı çağırmaz. O bilir ki, İslamdan küfrə getmək heç də asan deyil. Ona görə də şeytan imanı güclü olan şəxsi birbaşa günah iş görməyə sövq etmir. O, imanlı şəxslə çox incə və ehtiyatla hərəkət edir. O, mömin şəxsi daha çox halal, günah olmayan və eyni zamanda savabı da olmayan işlərə cəlb edir. Bu yolla mömini yavaş-yavaş ibadət və itaətlərə qarşı soyudur. Mömin şəxs mübah (savabı olmayan halal) şeylərdən çox istifadə etdikcə, artıq sünnəyə az riayət etməyə başlayar. Təbii haldır ki, sünnəyə az riayət etdikdə, tədricən bəzi fərzlərə əməl etməkdə də zəiflik baş verir. İnsan fərqində olmazsa, bu hal tədricən mənfiyə doğru davam edər.

Bütün bunlarla bərabər, şeytanın hiyləsi zəifdir. Belə ki, o ancaq iradəsi və imanı zəif insanlar üzərində təsirlidir. İxlaslı möminlər üzərində şeytanın heç bir təsiri yoxdur. Uca Allah buyurur:

“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! Onun hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!” (ən-Nəhl, 99-100)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz