İlham

İlham

Ərəb dilində “içmək”, “birdən udmaq” mənasındakı “ləhm” (ləhəm) kökündən törəmiş olan ilham sözü “uddurmaq” deməkdir. Termin kimi isə  “Allahın birbaşa və ya mələk vasitəsi ilə yaxşılıq təlqin edən bilgiləri insanın qəlbinə çatdırması” kimi tərif olunmuşdur. Bilginin, mənbələrdən istifadə etmədən insanın zehnində (və yaxud qəlbində) birdən ortaya çıxması ilhamın əsasını təşkil edir.  

Quran və sünnədə ilham

Yalnız bir ayədə Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)!” (əş-Şəms, 8) keçən “ilham” kəlməsi Allahın insan mənliyinə həm mənəvi zəifliklərini, həm də güclərini (günah və təqva, şər və xeyir) yerləşdirdiyini bildirmək üçün işlədilmişdir.

Qurani-Kərimdə Allah-Təalanın arıya vəhy etdiyi bildirilmişdir: Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə yuva qur! Sonra bütün meyvələrdən ye və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get!” Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rənglərdə şərbət (bal) çıxar. Şübhəsiz ki, bunda düşünən insanlar üçün bir dəlil vardır.” (ən-Nəhl, 68-69). Bu ayədə yer alan vəhy ilə nəzərdə tutulan ilhamdır.

Yenə Quranda peyğəmbər olmadığını bildiyimiz bəzi şəxslərə gəldiyi bildirilən vəhy ilham kimi təfsir edilmişdir. Müfəssirlər Hz. Musanın (ə.s) anasına edilən vəhyin birbaşa Allah tərəfindən onun qəlbinə çatdırılan ilham mənasına gəldiyini qəbul edirlər. Allah  Hz. Musanın (ə.s) anasına belə buyurmuşdur:

Biz Musanın anasına: “Onu əmizdir! Ona zərər gəlməsindən qorxduğun zaman onu dənizə (Nil çayına) at! Heç qorxma və kədərlənmə! Şübhəsiz, biz onu sənə qaytaracaq və onu peyğəmbərlərdən edəcəyik”, - deyə vəhy etdik. (əl-Qəsəs, 7).

Bu ayeyi-kərimədəki vəhyin ilham olduğu qəbul edilərsə, ilhamın yuxuda və oyanıq ikən gəldiyini də deyə bilərik. Allah-Təalanın Hz. İbrahimə oğlunu qurban etməsini söyləməsi də (Saffat 37/102) yuxu halında gələn  ilhama misaldır.

İlham anlayışı hədislərdə də qeyd edilir. Hz. Peyğəmbər (s.ə.s) Husayn adındakı səhabəyə öyrətdiyi duada “Allahım, mənə həqiqəti tapma qabiliyyəti ilham et!” (Tirmizi, Dəavat 69) ifadəsi yer alır. Yenə Hz. Peyğəmbər (s.ə.s) Allahın ilham etdiyi təriflərlə Ona həmd etdiyini bildirmiş (Buxari, Tövhid 36; Müslim, İman 326, 327), başqa bir hədisində də: “Sizdən əvvəlki ümmətlər içində ilham verilən kəslər vardı. Əgər ümmətimin arasında belə biri varsa, şübhəsiz ki, o Ömərdir”. (Buxari, Fədailul-əshab 6, Ənbiya 54; Müslim, Fədailus-sahabə 23) demişdir.   

Vəhy ilə ilham arasındakı fərqlər

Vəhy ilə ilham arasında aşağıdakı fərqlər mövcuddur:

- Vəhy yalnız peyğəmbərlərə gəlir.

- İlhamın gəlməsi prosesində mələk görünməz.

- İlham gələn adam bunu gizli saxlaya bilər. Hətta gizlətməsi lazımdır. Peyğəmbər isə vəhyi gizlədə bilməz.

- Vəhydə qətilik var. Peyğəmbər vəhyin Allahdan gəldiyini qəti olaraq bilir. İlham zənnidir.  (Muhamməd əz-Zurqani, Mənahilul-İrfan, Qahirə 1954, I, 64)

İlhamın dində dəlil qəbul edilib-edilməməsi barədə iki fikir var:

  1. İslam əqidəsində ilham elm əldə etmə yollarından sayılmır. Kəlam alimlərinin əksəriyyəti bu fikirdədir. Məlum olduğu kimi, ilhamın dini məsələlərdə bilik mənbəyi ola bilməyəcəyini deyən ilk əhli-sünnə alimi Əbu Mənsur əl-Maturididir. İmam Rəbbani və Şarani ilhamın heç bir halda halal, haram, fərz və vacib kimi dini hökmlərə əsas ola bilməyəcəyini bildirmişlər. (Alusi, XVI, 17-18).
  2. İlhamın qəlbə gəlişi Allah və ya mələkdən olduğu üçün ən doğru məlumat sayılır və qəti dəlil kimi qəbul edilə bilər. İlk növbədə sufilər, İbn Sina, Əbdülqahir əl-Bağdadi, Qəzzali, Fəxrəddin ər-Razi, İbn Xaldun, Zəbidi, Heydər əl-Amuli kimi alimlər bu fikirdədirlər. Şeytanın vəsvəsə ilə pis şeylər təklif etməsindən fərqli olaraq, Allahın və ya mələklərin haqqa və xeyir işlərə aparan məlumatları ilhamla insanın qəlbinə çatdırması mövzusunda İslam alimləri arasında görüş birliyi vardır.
PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz