BİR HƏDİS
قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا أَبَا ذَرٍّ! أَتُرَى أَنَّ كَثْرَةَ المَالِ هُوَ الْغِنَى؟ إِنَّمَا الْغِنَى غِنَى الْقَلْبِ وَالْفَقْرُ فَقْرُ الْقَلْبِ مَنْ كانَ الْغِنَى فِي قَلْبِهِ فَلَا يَضُرُّهُ مَا لَقِيَ مِنَ الدُّنْيَا وَمَنْ كانَ الْفَقْرُ فِي قَلْبِهِ فَلَا يُغْنِيهِ مَا أُكْثِرَ لَهُ فِي الدُّنْيَا وَإِنَّمَا يَضُرُّ نَفْسَهُ شحها
Əbu Zərdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Ey Əbu Zərr! Sən zənginliyin mal çoxluğu ilə olduğunu düşünürsən? Bil ki, əsl zənginlik qəlbin zəngin olması, əsl kasıblıq da qəlbin kasıb olması ilə olur. Kimin qəlbi zəngin olarsa, dünyada onun başına gələn heç bir şey ona zərər verə bilməz. Kimin qəlbi kasıb olarsa, dünyada nə qədər çox mala-mülkə sahib olsa da, bu onu zəngin edə bilməz. Onun xəsisliyi özünə yalnız zərər verər". (Təbərani, "əl-Möcəmül-kəbir", II, 154; Süyuti, "əl-Fəthul-kəbir", III, 358)
Zənginlik və kasıblıq tarix boyu insanların müzakirə etdiyi mövzular arasında olmuşdur. Çünki bütün dövrlərdə maddi baxımdan hər bir cəmiyyətdə müxtəlif imkanlara sahib olan insanlar yaşamışdır. İslam dininin bu məsələyə özünəməxsus baxışı vardır. İslama görə zənginlik təkcə mal-mülkün çoxluğu ilə olmur. Əsl zənginlik mənəviyyatın zəngin olması ilə ortaya çıxır. Qurani-Kərimə nəzər salsaq, yoxsul olmalarına baxmayaraq öz yoxsulluqlarını gizlətmələri səbəbilə nadan insanlar tərəfindən zəngin kimi qəbul edilən insanlardan böyük ehtiramla bəhs edildiyini görə bilərik. (əl-Bəqərə, 2/273) Bu ayə əsl zənginliyin könül toxluğu olduğuna açıq şəkildə işarə edir. Allah Rəsulu (s.ə.s) də bir hədisində: "Əsl zənginlik mal çoxluğu deyil, könül toxluğudur", - buyuraraq bu həqiqətə diqqət çəkmişdir.
Yuxarıda qeyd etdiyimiz hədisdə Allah Rəsulu (s.ə.s) Əbu Zərr əl-Ğifariyə (r.a) əsl zənginliyin nə olduğunu izah etmişdir. Rəsulullah (s.ə.s) burada zənginlik və yoxsulluğu birbaşa qəlb ilə əlaqələndirərək qəlbin önəminə diqqət çəkmişdir. Qəlbi zəngin olan insana dünyada heç bir çətinliyin zərər verə bilməyəcəyinə işarə edən Allah Rəsulu (s.ə.s) bunun əksi olan insanların isə nə qədər maddi imkanlara sahib olmalarından asılı olmayaraq həyatda xoşbəxtliyə nail olmayacaqlarını buyurmuşdur. Cibi zəngin, lakin qəlbi boş olan insanlara ciblərindəki zənginlik yalnız zərər verər. Ən əsası da dünyada əlindəki imkanları Allahın buyurduğu şəkildə sərf etməyənlər axirətdə bunun hesabını verəcəklər ki, bu da insan üçün ən pis nəticədir.
Nəticə olaraq, hər bir inanc sahibi insan zənginlik və kasıblığı Allah Rəsulunun (s.ə.s) izah etdiyi şəkildə anlayıb, belə yaşayarsa, dünyada və axirətdə heç bir çətinlik çəkməz. Nə xoş, əlindəki zənginliyi əsas hədəfə çatmaq üçün istifadə edənlərə!
ŞƏRHLƏR