“Səfər bizdən, zəfər Allahdandır”

“Səfər bizdən, zəfər Allahdandır”

Artıq şanlı Qarabağ müharibəsində qazandığımız tarixi zəfərimizin ikinci ilini doldurmaq üzrəyik. Tariximizin ən kritik səhifələrindən olan müharibənin başladığı 27 sentyabr və yekunlaşdığı 10 noyabr tarixləri yaddaşımıza xəyallarımızın gerçək olduğu elə bir yazı ilə nəqş olundu ki, xatırladıqca millət olaraq sahib olduğumuz keyfiyyətlərlə iftixar hissi keçirməmək mümkün deyildi.

İllərlə “Qarabağ Azərbaycandır!” dedik və bütün dünyaya müqəddəs torpaqlarımızın əsla düşmən ayağı altında qalmayacağını çatdırmağa çalışdıq. Ən güclü səsimizlə “nida” etdik aləmə. Bütün arenalarda, bütün tribunalarda...

Ancaq sonunda yumruq elə dərəcədə sıxılaraq vuruldu ki, “nida”nın qoyulduğu yer əsl sahiblərinin olduğu gerçəyini istəsələr də, istəməslər də qəbul etdirmək üçün yetərli olmuşdu.

“Səfər bizdən, zəfər Allahdandır” vədinin gerçək olacağına inanmışdıq və yola çıxdıq, səfərə niyyət etdik. Elə bir səfər ki, uzun illərdir həsrətində qaldığımız düşmən tapdağı altındakı o müqəddəs torpaqlarımızı bütün var gücümüzü toplayaraq nəyin bahasına olursa olsun geri almalıydıq.

Nə acılardan sonra o “səsə” möhtac qalmışdıq.

O səs duyuldu.

Bir səs duyulacaqdı...

Uzaqlardakı yaxınlardan,

Bir səs duyulacaqdı

İçimizin dərinliklərindən,

Bir səs duyulacaqdı

Kimsənin eşitmədiyi, ancaq hər kəsin duymaq üçün hər şeyindən vaz keçəcəyi...

Nəhayət, duyuldu və müjdə gəlmişdi.

Artıq şanlı mübarizəmizin və ehtişamlı zəfərimizin üzərindən iki il ötür. Zəfərə gedən yol əlbəttə, heç də asan olmadı. Birinci Qarabağ müharibəsində böyük bir inamla mübarizə aparan xalqımızın içində böyük arzularla yaşatmağa çalışdığımız zəfər məşəli ikinci Qarabağ müharibəsində daha da alovlanaraq bütün aləmi işıqlandırdı. Vətən eşqi, torpaq sevdası, bayraq sədaqəti ilə tutuşub yanan mübariz cəsur Azərbaycan əsgəri 30 il həsrətlə gözlədiyimiz o zəfər müjdəsini bizə bəxş etdi. Elə bir müjdə ki, yenidən doğulduq, yenidən var olduq, gücümüzün ölçüsünü, tək bir iradəyə sahib olduqda nələrə qadir olduğumuzu və nə cür çətinliklərin öhdəsindən gələ biləcəyimizi göstərdi aləmə. Savaş əsnasında yaşanan hadisələr və o hadisələrin əsl obrazlarının göstərdikləri qəhrəmanlıqlar və şücaət nümunələri o qədər çoxdur ki, həqiqətən dastanlar yazılar. Elə dastanlar ki, hər biri hərb sahəsində misli görülməmiş döyüş səhnələri ilə zəngin qəhrəmanlıq salnaməsidir. Silahına sarılmış əsgərimizin sahib olduğu mənəvi hazırlığı, ruh dünyası, inancı elə bir səviyyədə bərqərar olmuşdu ki, heç bir qüvvə bu inanc qarşısında tab gətirəcək gücdə deyildi. Məhz o motivasiya ilə zəfərə nail olduq.

Savaş əsnasında cəbhə bölgəsi boyunca etdiyimiz ziyarətlərdə bir daha gördük torpaqlarımız üçün canından keçmiş soydaşlarımızın hansı dəyərlərə, hansı “məktəb”dən alınan təlim-tərbiyəyə sahib olduğunu. İçimiz parçalanaraq dinlədiyimiz şəhadət dastanları həqiqətən zəfərə nə qədər yaxın olduğumuzu, o müqəddəs müjdəni nə qədər haqq etdiyimizi göstərirdi. Şəhid ailələrinin, qazi qardaşlarımızın “təki vətən sağ olsun!”, “təki bayrağımız daim ucalarda dalğalansın!” duaları milli-mənəvi kimliyimizin hansı keyfiyyətlərlə daha da möhkəmlənəcəyini bir daha sübut edirdi.

Millət olaraq tək yumruq halında Ali Baş Komandanın ətrafında birləşərək gücümüzün əmsalsız ölçüdə olduğunu bütün ayrıntıları ilə dünyaya göstərmiş olduq. Canından keçərək şəhadət mərtəbəsinə yüksələn hər bir soydaşımız qanı bahasına bu dastanın altına imzasını atmışdır. Bu zəfər, mənəviyyatımızın elə bir ayrılmaz parçası halına gəlməlidir ki, çıxdığımız hər bir yolda sədaqət, vəfa, dəyərlərə bağlılıq və ehtiram kimi duyğularımızı daim bəsləməli və ondan mənən bəhrələnməliyik.

Biz iki il əvvəl torpaqları illərlə təcavüzə məruz qalmış, işğal olunmuş torpaqlarında bütün dəyərləri yerlə yeksan olmuş, məscidləri viran edilmiş, evləri, ocaqları xarabalığa çevrilmiş, dədə-baba məzarları qeyri-insani rəftarın qurbanı olmuş - bütün bu iyrəncliklərə baxmayaraq bütün dünyanın səssiz rejimdə hadisələri uzaqdan seyr etdiyi -  ulu xalqın oyanışının şahidi olduq. Bu günləri bizə yaşadan Uca Yaradana nə qədər həmd etsək yenə az olacağını çox gözəl bilirik. Çünki “Böyük Zəfər”i bizə bəxş edən öncə Allah, sonra onun yerdəki əsl şahidləri olan qüdrətli ordumuzun mənsublarıdır.

Bu zəfəri bizə bəxş edən bütün şəhidlərimizi hər an rəhmətlə yad edirik. Onları əsla unutmamalıyıq, onların göstərdikləri şücaət və qəhrəmanlıqları yeni nəsillərə elə anlatmalı, elə təlqin etməliyik ki, arxadan gələn nəsillərimiz də məhz bu ruha, bu gücə sahib olma iradəsini göstərməyə cəhd etsinlər. Onlar kimi yaşamağa can atsınlar. Və bunu özlərinə vəzifə bilsinlər.

Unutmayaq ki, unutmaq ən böyük düşmənimizdir. Ən böyük faciələrin təməlində unutqanlıqların yatdığını əsla unutmamalıyıq.

Zəfərin mübarək olsun, doğmu yurdum!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz