GƏLƏCƏYİMİZ AİLƏNİN ƏLİNDƏ!

GƏLƏCƏYİMİZ AİLƏNİN ƏLİNDƏ!

Müasir elm uşaq tərbiyəsi üçün üç yaşın, bəzi mənbələr isə sonrakı yaş dövrünün önəmli olduğunu söyləyir. Fəqət dini elmlər uşaq tərbiyəsinin ana bətnində başladığını qeyd edir. Uşaq ana bətnində 120 günlük ikən hər şeyi hiss edir.  Hədisdə belə buyurulur: “Uşaq ana bətnində ilk 40 gündən sonra qan laxtası, sonra (növbəti 40 gün) isə ət parçası halına çevrilir. Sonra (sonuncu 40 gündə) Allah bir mələk göndərir və ona ruh üfləyir”. (Süyuti, “Camius-sağir”, I, 88) Odur ki, ata-ana övladının tərbiyəsinə hələ o, dünyaya gəlmədən başlamalıdır. Bu məsələdə Hz. Peyğəmbərin (s.ə.s) bu tövsiyə və xəbərdarlığı da diqqətə alınmalıdır: “Hər doğulan uşaq yalnız fitrət üzrə doğular. Sonra ata-anası onu ya yəhudi, ya xristian, ya da məcusi edər”. (Buxari, “Təfsirul-Quran”, Rum surəsi, 1)

Qeyd etdiyimiz rəvayətləri əsas alaraq deyə bilərik ki, bu xüsusda diqqət ediləcək ən əsas məsələlərdən biri ondan ibarətdir ki, uşaq tərbiyəsinə başlayarkən xilqətə zidd davranışlar sərgilənməməlidir. Hamiləlik dövründə ananın psixoloji vəziyyəti nəzərə alınmalı, onun stress və əsəb gərginliyi çəkməməsi üçün səy göstərilməlidir. Analar qətiyyətlə zərərli vərdişlərdən uzaq durmalıdırlar. Aparılan tədqiqatlara görə, anası alkoqol aludəçisi olan  uşaqların 100%-i, atası aludəçi olanların isə 50%-i psixi problemlərlə doğulur.

Övladının tərbiyə və əxlaqını özünə dərd edən hər bir ana mənəvi həyat tərzinə diqqət etməli, namazlarına daha çox etina göstərməli, Quran qiraətini ehmal etməməli, uşağına dini-mənəvi dəyərləri tərənnüm edən mahnı və laylalar oxumalı, gözəl nəsihətlər verməli və bol-bol dua etməlidir. O cümlədən atası da həyat yoldaşına qarşı qayğıkeş, xoşgörülü olmalı, şəfqətlə yanaşmalı, onu razı edəcək davranışlar göstərməli, halal ruzi ilə qidalandırmalıdır. 

İnsanın ailəsinə qarşı məsul olduğu maddi ehtiyaclardan başqa, bir də mənəvi ehtiyacları vardır. Onlara öyrənmələri vacib olan imanın əsaslarını və tabe olacaqları əxlaq əsaslarını öyrətmək ailəni himayə edən insanların borcudur. Odur ki, günümüzdə yeni nəslin mənəvi ehtiyaclarını təmin etmək ən vacib vəzifə kimi valideynlərin qarşısında durur. Övladları ata-ana tərbiyə etməlidir, internet, televizor və yaxud da küçələr deyil. Əgər mənəvi yönünü düzgün şəkildə formalaşdıra bilməsək, övladlarımız bizim deyil, qeyd etdiyimiz vasitələrin təsirində yetişəcəkdir. Ailə tərbiyəsindən kənar yetişən və tərbiyəsi internet, televizor, küçə, ətraf mühit və (naməlum) dost çevrəsinə həvalə edilən uşaqların böyük əksəriyyəti nə milli, nə də mənəvi ruhda yetişər. Onlar görünüşdə bizim, fəqət anlayış və xarakter baxımından isə özgələrə məxsus olacaqlar. Bu baxımdan Hz. Peyğəmbərin (s.ə.s): “Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz”, (Tirmizi, Birr, 33) - hədisi çox böyük əhəmiyyət kəsb edir. Rəvayətin bizdən tələb etdiyi xüsus övladı gözəl əxlaq və ibadət ruhu ilə yetişdirməyimizdir. Onların bu ruhda yetişmələri üçün heç bir şeyi əsirgəməməliyik.

Övladlar ailə bağının meyvələridir. Onlar ailədə ünsiyyəti daha da gücləndirən amildir. Uşaqlar həmçinin ata-anaya Allahın əmanətləridir. Odur ki, hər bir valideyn övladına Allahın əmanəti kimi yaxınlaşmalı və ona əmanət şüuru ilə nəvaziş göstərməli, onun tərbiyəsi ilə bilavasitə maraqlanmalıdır. Dünyəvi heç bir qazanc, məqam, nüfuz övlad tərbiyəsindən daha dəyərli deyildir. Gözəl şəkildə yetişdirilən hər bir övlad eyni zamanda axirət sərmayəsidir. Hz. Peyğəmbərin (s.ə.s) bu zəmanəti bizim üçün yol rəhbəri, enerji mənbəyi olmalıdır: “Bir insan ölüncə üç əməli istisna olmaqla bütün əməlinin savabı kəsilər: Sədəqeyi-cariyə (yol, su və sair uzunmüddətli xeyriyyə işləri), istifadə edilən elm (yazıb qoyduğu və ya yazdırdığı əsərlər, məktəblər və sair) və ona dua edəcək saleh övlad”. (Müslim, Vəsiyyə, 3)

Əgər övladımızın əxlaqi baxımdan kamil olmasını istəyiriksə onlara dostlarını seçməyə yardım etməli, düzgün dostluqlar qurmağa sövq etməliyik. Çünki dost və yoldaşlar uşaqların əxlaqi cəhətdən formalaşmasında ən önəmli amillərdən sayılır. Həmçinin övladlarımıza nümunə götürəcək və təqlid edəcək rəhbər şəxsiyyətləri nəsihət etməliyik. Əgər övladımıza örnək götürəcək düzgün şəxsiyyətlər göstərməsək, heç bir əxlaq və şəxsiyyət baxımından formalaşmamış insanları özünə örnək götürə bilər. Ələbəttə ki, onlara göstərəcəyimiz ən ümdə və nümunə şəxsiyyət əvvəla Həzrət Muhamməd (s.ə.s) və onun yetişdirdiyi seçkin səhabələri olmalıdır. Bunun üçün də əvvəla valideyn bu haqda düzgün məlumatlanmalı və öyrəndiklərini düzgün bir şəkildə övladlarına ötürməlidir.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz