Ata-anaya MƏHƏBBƏTLƏ İTAƏT
İnsan maddə və mənadan mütəşəkkil bir varlıqdır. Yemək-içmək, dincəlmək kimi maddi ehtiyaclarının yanında insanın inanmaq, ibadət etmək, sevib sevilmək kimi mənəvi ehtiyacları da vardır.
İnsan özünü yoxdan var edən Rəbbinə və Onun həbibinə iman gətirməli, sevməli və itaət etməlidir. Çünki məhəbbət öz bərabərində itaəti gətirir. Allaha və Rəsuluna itaətdən sonra dünyaya gəlişimizə vəsilə olan ata-anamıza itaət etməyimiz gərəkdir. Uca Rəbbimiz bu həqiqəti Qurani-Kərimdə belə bəyan edir: “Rəbbin yalnız Özünə ibadət etməyi və ata-anaya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə! Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!” (əl-İsra, 23-24)
İnsan bir işi alınmadığı zaman, yaxud qəzəbləndiyi zaman deyinər, təəssüfünü ifadə edər. Uca Allah ata-anaya qarşı insanın narazılığını ən yüngül şəkildə ifadə edəcəyi “uf” kəlməsini belə dilə gətirməyi qadağan etmişdir. Bunun əksinə, onlara daim xoş sözlər söyləməyi, könüllərini oxşayacaq tərzdə danışmağı və: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!”, “Ey Rəbbimiz, haqq-hesab çəkilən gün məni, ata-anamı və bütün möminləri bağışla!” – deyərək dua etməyimizi əmr etmişdir. Ata-anamızın maddi və mənəvi nə ehtiyacları varsa, əlimizdən gəldiyi qədər səy göstərməli, xeyir-dualarını almalıyıq. Belə etdiyimiz təqdirdə Rəbbimizin də rizasına nail olmuş olarıq. Çünki Haqq-Təala öz rizasını ata-ananın rizasına bağlamışdır. Rəsulullah (s.ə.s) belə buyurur:
“Allah-Təalanın rizası ata və ananı razı salaraq əldə edilər. Allah-Təalanın qəzəbi də ata və ananı qəzəbləndirməklə cəlb edilər”. (Tirmizi, Birr, 3/1899)
Rəsulullahın mübarək həyatı qohumlarına və digər insanlara qarşı neçə-neçə vəfa nümunələri ilə doludur. Həzrət Əlinin anası Fatimə binti Əsəd (r.anhə) gənclik illərində Həzrət Peyğəmbərə öz anası kimi baxıb qulluq etmişdi. Bu salehə qadın vəfat etdiyi zaman Rəsulullah cənazənin yanına gəlmiş, baş tərəfinə keçib oturmuş və onun fədakarcasına xidmətinə Haqq qatında şahidlik edərək belə buyurmuşdu:
“Ey anam! Allah sənə rəhmət etsin. Sən mənim öz anamdan sonra anam idin. Özün ac qalar, məni doyurardın. Özün geyinməz, məni geydirərdin. Özünü gözəl yeməklərdən məhrum edərək mənə yedirər və bunları edərkən Allahın rizasını və axirət yurdunu arzu edərdin”.
Sonra Rəsulullah (s.ə.s) cənazənin üç dəfə yuyulmasını əmr etdi. Növbə içinə kafur deyilən gözəl ətir qatılmış suya gələndə Rəsulullah bu suyu onun üstünə öz əli ilə tökdü. Sonra öz köynəyini çıxardıb ona geyindirdi. Cənazə bu köynəyin üstündən kəfənləndi.
Qəbir açılıb növbə cənazənin qoyulacağı ləhdin (yəni məzarın dibindəki oyuğun) hazırlanmasına gələndə Rəsulullah onu da şəxsən özü qazdı və torpağını öz əlləri ilə çıxartdı. Bu işi bitirdikdən sonra orada bir müddət yanı üstə uzandı və belə buyurdu:
“Dirildən və öldürən Allahdır. O, heç ölməyən diridir. (Allahım!) Anam Fatimə binti Əsədə məğfirət et! Ona hüccətini (kəlmeyi-tövhidi) təlqin et və girdiyi yeri (qəbrini) ona genişlət. Peyğəmbərinin və məndən əvvəlki peyğəmbərlərinin haqqı üçün (duamı qəbul et). Şübhəsiz, Sən mərhəmətlilərin ən mərhəmətlisisən...”
Sonra Rəsulullah (s.ə.s) cənazə üçün dörd təkbir gətirdi (dörd təkbirlə cənazə namazını qıldı). Arxasınca da Həzrət Abbas və Əbu Bəkr ilə birlikdə cənazəni şəxsən özü qəbrə qoydu”. (Təbərani, “Kəbir”, XXIV, 351-2; Yaqubi, II, 14; İbn Abdilbər, IV, 1891)
Mənəviyyat yolunun böyüklərindən Şah Nəqşbənd həzrətlərinin vəsiyyət mahiyyətindəki bu nəsihəti yüksək bir İslam əxlaqını göz önünə sərməkdədir. Həzrət Pir buyurur ki: “Qəbrimi ziyarətə gələnlər əvvəlcə anamın qəbrini ziyarət etsinlər!”
Həqiqətən də, bu gün Şah Nəqşbənd həzrətlərinin qəbrini ziyarətə gedənlər əvvəlcə anasının qəbrini ziyarət edirlər.
Abdurrahman Cami (q.s) ana məhəbbəti ilə bağlı belə deyir:
“Mən anamı necə sevməyim ki; o məni bir müddət cismində, uzun bir zaman qucağında, ölənə qədər də qəlbinin şəfqət guşəsində daşımışdır. Ona hörmətsizlik göstərməkdən daha pis bir şey bilmirəm!..”
Xülasə, insanın üstündəki ata-ana haqqı ölçüyə sığmayacaq qədər böyük və əhəmiyyətlidir. İmandan sonra görüləcək ən mühüm iş ata-ananın xidmətində duraraq onları razı salmaq, şirk qoşmağı və günah işləri əmr etmədikləri müddətcə onlara itaət edib üsyankar olmamaqdır.
Cənnətin yolu ata-ananın rizasından keçir. Haqq-Təala cənnəti əməlisaleh anaların ayaqları altına sərmiş, atanı da cənnətin orta qapısı qılmışdır. (Osman Nuri Topbaş, “Fəzilətlər mədəniyyəti – 2”)
Uca Allah bizi valideynlərimizin rizasını alaraq öz rizasına nail olmuş bəxtiyar qullarından etsin! Amin!..
ŞƏRHLƏR