Göz yaşlarını qurudan qəhrəmanlar
Təsəvvür edin ki, dədə-babalarınızın uğrunda can verib can aldıqları, əzab-əziyyətlə qurub, qoruyub sizə əmanət etdikləri evdə yaşayırsınız. Bir gün qapınız bərk döyülür, qapı deşiyindən baxanda əlisilahlı bir neçə nəfər görürsünüz. Açmaq istəmirsiniz, amma onlar qapını qıraraq içəri girirlər. Beləcə, sizinlə birgə yaşayırlar; evinizdə ayaqlarını ayaqlarının üstünə qoyub oturur, istədiklərini edir, keflərini çəkirlər. Yeməklərini siz bişirir, çaylarını siz dəmləyir, süfrəni siz qurur, qabları da siz yuyursunuz. Ərzaqlar sizin ərzaqdır, su da sizin su... Bu azmış kimi evinizə sizdən xəbərsiz sizə düşmən, sizə nifrət edənləri də çağırır və birgə yaşamağa məcbur edirlər. O gələnlər də bir otağa girib sanki illərdir orada yaşayırmış kimi mənimsəyirlər. Həyatda qalmaq, yaşamaq istəyirsinizsə, dediklərini edəcək, “qulu/qulluqçusu” olacaqsınız. Sizə deyir ki, öz dilinizdə danışmayın, başa düşmürük, bizim dilimizdə danışın! Sizə deyir ki, öz dininizə ibadəti dayandırın, bizim dinimizə ibadət edin! Sizə deyir ki, öz adət-ənənənizi unudun, bizim adət-ənənəmizi, mədəniyyətimizi yadınızda saxlayın! Bəzən mübarizə aparmaq istəyirsiniz, dediklərini etmək istəmirsiniz, o anda sizi ailənizlə, uşaqlarınızla təhdid edirlər və kor-peşman itaət etmək məcburiyyətində qalırsınız. Öz evinizdə azadlıq hissini boğub yaşayırsınız. Zamanla gücdən düşür, əsirə çevrilirsiniz. Kimlikdə yatan qürur, şərəf, ləyaqət, vətən, azadlıq hissləri azalmağa, yaddaşdan uçub yox olmağa başlayır. Əriyib yox olan milli ruhun gizlin axan göz yaşları qalır sadəcə. Bəlkə, bir dost yad edər, qapımı çalar və dərdimə dərman olar deyə...
Məhz XVII əsrdən etibarən Azərbaycanın halı belə idi. Uzunömürlü müstəqil dövlətləri olan Azərbaycan xanlıqlar dövründə tədricən Çar Rusiyasının əsarəti altına düşdü. Şimaldan döyülən qapıya qarşı mübarizə aparan xanlar və bəylər öldürüldü, təslim olanlar isə xanlıq taxtından enib nökərlik vəfizəsini tutdular. Yaralı Azərbaycana Qacarlar da dərman ola bilmədi, cənubdan döyüşə-döyüşə irəliləsə də, Azərbaycanı bütövləşdirə, Rusiyadan qurtara bilmədi. Beləliklə, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə evimiz birdəfəlik iki yerə bölündü. Dədə-babadan iki qardaşa qalan ev ortadan ayrıldı, şimalı birinə, cənubu birinə... Bu azmış kimi Çar Rusiyası sənə qarşı nifrət hissi ilə yaşayan erməniləri Azərbaycana gətirib ən yaxşı bölgələrinə yerləşdirdi. Azərbaycanda rus məktəbləri açıldı, beyinlərdən milli ab-havanı silib əvəzinə rus düşüncə sistemi, xüsusilə hərbi nəzəriyyələr yükləndi. Torpaqları uğrunda savaşan bəy uşaqları onları işğal edən rus generallarının zabitləri oldular. Təbii ki, bu ağrıya dözməyənlər də oldu. Oldu, amma cəzasını artığıyla çəkdilər. Ev-eşikləri yandırıldı, torpaqları əllərindən alındı, kişilər sürgün edildi, qadınlar kimsəsiz buraxıldı. Öz evinin içində bir xalqa qarşı yadlar gəlib Mart soyqırımını törətdi, yüzlərlə insan vəhşicəsinə öldürüldü, amma dinən olmadı. Azərbaycan öyrədilmiş köləlik instinkti içində boğulub qaldı, XX əsrin əvvəllərinədək... Əllər üzü səmaya qalxıb dua edərək, gözlər yaş içində qaldı...
XX əsrin əvvəlləri Azərbaycanın hürriyyətinə qovuşması üçün tarixi bir nemət oldu: Məmləkətlərinin hürriyyətə qovuşacağına inanan bir qrup ziyalı, Çar Rusiyasının daxilindəki ideoloji-siyasi çevrilişlər və qardaş köməyi. 1918-ci ilin 28 mayında ziyalılarımız Tiflisdə Azərbaycan Cümhuriyyətinin yaradıldığını elan etdilər. Bu dövlət faktiki olaraq sənəd üzərində qurulmuşdu, yəni sərhədlərini göstərsə də, həmin torpaqların idarəsi dövlətə tabe deyildi. Azərbaycanda hərc-mərclik hökm sürürdü. Bakıda apreldə qurulan bolşevik Bakı kommunası yerini avqustun 1-dən daşnak və menşeviklər tərəfindən qurulan, eləcə də ingilislər tərəfindən dəstəklənərək idarə edilən Sentrokaspi diktaturasına vermişdi.
Cümhuriyyətin banilərindən biri - Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadə israrla Bakının mümkün qədər tez azad edilməsini istəyir və mübarizə yoldaşlarını bütün gücün bu yolda sərf edilməsinə çağırırdı. Azərbaycanlı ziyalılar uzun müddətdir dövlətin qurulması üçün gizli danışıqlar aparırdılar. Ən birinci məsələ kimi hərbi güc barəsində Osmanlı Hərbiyyə Naziri Ənvər Paşa ilə dəfələrlə görüşülmüşdü. Təkcə siyasi müstəvidə yox, həm də ədəbi müstəvidə azərbaycanlı şairlər xalqın sevgilini gözlədiyi kimi bu yardımı gözlədiyini, hicrana qərq olduğunu deyirdilər.
Ənvər Paşa tərəfindən Qafqaz İslam Ordusu yaradılır. Bakıya göndəriləcək birliyə qardaşı Nuru paşa komandir təyin edilir və onun rəhbərlik etdiyi birlik mayın 25-də Gəncəyə daxil olur. Nuru Paşanın Gəncədə sabitliyi təmin etməsindən sonra Cümhuriyyət elan edilir. Bu nüans xüsusi əhəmiyyət kəsb edir. Nuru Paşa Azərbaycandakı vəziyyəti analiz edərək Ənvər Paşadan əlavə birlik tələb edir, Gəncə və ətraf bölgələrdən könüllüləri toplayaraq milli ordunu yaradır. Bundan sonra Batumda iyunun 4-ü Osmanlı və Azərbaycan arasında “dostluq və əməkdaşlıq haqqında” müqavilə imzalanır. Beləliklə, Qafqaz İslam Ordusu tam haqla Azərbaycanda hərbi əməliyyat apara bilir. Hədəf Bakıdır.
Təbii ki, Bakıya çatmaq asan deyil. Azərbaycanın bölgələrində silahlı bolşevik və erməni birləşmələri ağalıq edirdi. Ucar, Kürdəmir, Ağsu, Göyçay, Şamaxı, Salyan, Hacıqabul kimi bölgələr azad edilir, digər bölgələr isə nəzarət altına alınır. Bakıya qədər 8 minlik Qafqaz İslam Ordusu və 6 minlik azərbaycanlılardan ibarət ordu bolşevik və erməni daşnaklarına qarşı vuruşurdusa, Bakıda artıq həmçinin Sentrokaspi diktaturasına qarşı da vuruşmalı idi. Bakı həm quru sərhədlərdən qorunurdu, həm də Xəzərdəki ingilis gəmiləri tərəfindən. Əslində Bakının azad edilməsi heç də asan deyildi. Avqustun 5-də başlayan qızğın döyüşlərdə Qafqaz İslam Ordusu ağır itkilər verir. Fəqət Nuru paşanın hərbi zəkası və taktikası sayəsində Bakıdakı düşmən təslim olmağa məcbur olur. Belə ki, Bakı, ətraf bölgələr ələ keçirilərək mühasirəyə alınır. Şəhərə giriş-çıxış tam olaraq Nuru Paşanın nəzarətinə keçir. Sentyabrın 14-dən 15-nə keçən gecə isə gözlərinə yuxu getməyən Qafqaz İslam Ordusu “Allahu əkbər” nidaları ilə Bakıya hücum edir, düşmən türklərlə bacarmayacağını görüb təslim olur. Nəhayət, gözləri yolda qalan gözüyaşlı Bakı hürriyyətinə qovuşur, zəncirləri qırılır, qəfəsindən azadlığa çıxır.
Bakının azad olunması Azərbaycan üçün hər hansı böyük bir tarixi hadisədən ziyadə daha böyük siyasi-ideoloji aktdır. 15 sentyabrda Bakının azad edilməsi ilə başlayan Osmanlı-Azərbaycan əlaqələri hər iki dövlətin keçmişində bir-birinə qarşı baş verən döyüşlərin, müharibələrin, onları bir-birinə qarşı mübarizəyə aparan oyunların üstündən xətt çəkdi, Türkiyə-Azərbaycan münasibətləri dövlətçilik müstəvisində əbədi sülhə qədəm qoydu. 15 sentyabrda Bakının azadlığı ilə başlayan qardaşlıq xətti özünü Cümhuriyyətin işğalından sonra Türkiyəyə köç edən mühacirlərimizin orada Azərbaycan davasını davam etdirməsində göstərdi; Azərbaycanın müstəqilliyini bərpa etməsində rol oynayan ideologiya və mənəvi havada göstərdi; İşğal altında qalan torpaqlarımızın - Qarabağın azadlığı uğrunda aparılan və 10 noyabrda şanlı zəfərlə bitən 44 günlük mübarizədə göstərdi. 15 sentyabrda Bakının azadlığı ilə başlayan qardaşlıq xətti özünü 15 iyun Azərbaycan və Türkiyə arasında bağlanan “Şuşa” müqaviləsində göstərdi və bu xəttin bir daha kəsilməyəcəyini bütün dünyaya elan etdi.
Yollarını bəklərdim – Ümmügülsüm
Yürüyürkən ölüm saçan fırtınalar önündən,
Uçqun dərələrə uçdum, təpələrə dırmandım.
Baxdım ki, yox xilas yeri fəlakətin cəngindən
Gözəl yurda son nəzərlə baxmaq üçün dayandım.
Qara yaslar anmayan yer gözlərimə çarpmadı,
Pək səmimi bir məhəbbət bir an bəni saxladı.
Görüyordum ağ dumanlar qara sislər altında,
Türk elinin səadəti, xanimanı yıxılır.
Ləpə çalan qan içində, girdabların ağzında,
Qəhrəmanlar çapalayır, mərd igidlər can verir.
Uf, sevgili yurdcığazım, dözəməm bu kədərə,
Dözəməm ciyərimi parçalayan zəhərə.
Yaşayamam səndən iraq, dözəməm o hicrana,
Yaşayamam, annəciyim, bən çəkəməm o dərdi.
Heç sönməyən kinlərimlə yüzü qara düşmənə,
Alov saçan dodaqlarım bəd dualar söylərdi.
Şaşqın- şaşqın düşüyordum və qalxınca yürürdüm,
Düşmən bəni izlədikcə namusumu sürürdüm.
Qəlbi yanıq sızlayaraq gəzdim vəhşi çölləri,
Köksümdə uyutdurdum böyük arzu, böyük kam.
Boğularaq inləyərkən rübabımın telləri,
Həp dağlar da səslənir: həp intiqam, həp intiqam!
Dinlədikcə o səsləri bənə qarşı, anlardım,
Bir qurtuluş ümidilə izlərini arardım.
Nerdə bənim ardı-önü düşmən kəsən qılıncım?
Nerdədir igid qardaş, nerədə bəklədiyim?
Neçin susmuş biləklərim, nerdə bənim o gücüm?
Neçin gəlməz böyük ordu, neçin gəlmir sevdiyim?
Yücə dağlar, ordumuzun salamına əyilin,
Bəni qurtarmağa gələn dostlarıma yol verin.
İştə gəldin, gözlərimin yaşlarını qurutdun,
Nəvazişin ovunmayan qərib ruhu oxşadı.
Heç ölçüyə sığınmayan dərdlərimi ovutdun,
Qara günüm hilalının işığıyla parladı.
Artıq bənə nəsib deyil şadlıq, sevinc deyərkən,
Gəldin, aldın ürəyimi, - ağlama, gül, - dedin sən.
ŞƏRHLƏR