XATIRLA

XATIRLA

İsti bir iyul günündə Lokman Helvacı xocam Əliabad mədrəsəsindən çinar və cökə ağaclarının yer aldığı bir fotoşəkil göndərdi. Şəkildə samovar və çay süfrəsi də yer alırdı. Ağac kölgəsi, samovar və süfrə toyda da, yasda da hər zaman insanların yanındadır. Samovarsız bir Azərbaycan təsəvvür edə bilmirəm.
          Fotoşəklin yanına Lokman xocamın, Kamran, Mustafa Mayis, Anar, Səməd müəllimlərin və Şakir əfəndinin salamları da əlavə edilib. Kamran müəllim: “İrfana bir yazı mövzusu çıxdı”, - deyibmiş. Hamınızın canları sağ olsun. Yuhanna İncili “ilk əvvəl söz var idi” deyə başlayır. Allahın kitabı hər nə qədər yazılı halda əlimizdə olsa da, dünyamıza söz olaraq gəlmişdir. Buna görə də sözü yerə atmaq olmaz. Madam ki “yazı mövzusu çıxdı” deyildi, elə isə çıxmalıdır.

“Dostum məni xatırlasın da, istərsə lap soğan qabığı ilə xatırlasın” deyiblər. Lokman xocam və dostlar sağ olsunlar, çinar və cökə ilə xatırlayıblar. Xatırlamaq məsələsini kiçik görməmək lazımdır. Ta ən başdan Rəbbimiz unudulmamağı istəyərək: “Məni xatırlayın!..” - buyurur (əl-Bəqərə, 152). Xatırlandığını bilmək insana çox xoş təsir bağışlayır. Xatırlanmaq və hədiyyələşmək apteklərdə satılmayan dərmanlardır. “Kurandaara.com” saytında “xatırlamaq” sözünü axtarışa verdim, nəticə “66” çıxdı. Quranda 66 yerdə “xatırla” sözü keçir. Əbcəd hesabı ilə “Allah” isminin qarşılığı da 66-dır. Pis və gərəksiz bir şey olsaydı, Allah xatırlanmağını istəyərdimi?
           İnsan unudulmamaq, tez-tez xatırlanmaq, davamlı “like” almaq, hər zaman öndə olmaq, bilinmək istər. Unudulmamaq üçün sənət əsərləri meydana çıxardar, rekordlar kitabına düşməyə çalışar, fərqli olmağa can atar. Bilinməyin, xatırlanmağın mənfi təzahürləri də yox deyil. Tarixə “bəvvali-zəmzəm” deyə düşən bir şəxs var. O, həcc mövsümündə zəmzəm quyusunun başına keçərək bövl edib suyu mundarlamışdı. Onu məhkəməyə çıxardaraq sual verirlər:

- Sən ağıllı-başlı adamsan, niyə belə bir iş tutdun?

Adam cavab verir:

- Mən tanınmaq istəyirdim. İstəyirdim ki, insanlar əl ilə işarə edərək “bu, filankəsdir” desinlər. Buna elmimlə, əxlaqımla nail ola bilmədim. Son çarə olaraq ağlıma zəmzəmə bövl etmək gəldi və bununla məqsədimə nail oldum.

Bu gün tiktok videosu çəkənlərin, youtuberlərin, internet fenomenlərinin, şöhrət pillələrini qalxmaq istəyən insanların təməl istəyi ilə bəvvali-zəmzəm arasında heç bir fərq yoxdur.

Şəkillər, heykəllər, selfilər, günlüklər, məzuniyyət albomları, toy videoları faniliyə qarşı dirənmək üçün inşa etdiyimiz qumdan qalalardır. Halbuki mühüm olan geridə qoyduğumuz əsərin, deyilən sözün Allah və Rəsulunun təyin etdiyi istiqamətə müvafiq olmasıdır. Buna “sədəqeyi-cariyə” deyilir.
              Yay gəlir, mediada: “Çoxlu su için, qızmar günün altında qalmayın” deyirlər. Qış gəlir, bu səfər: “Yola çıxmayın, təhlükəlidir” deyirlər. Qurban gəlir, mütəxəssislər əti necə bişirməyin, soyuducuda uzun müddət saxlamağın yolları haqda tövsiyələr verirlər. “Camaat! Havalar isinir! Ən qızmar günlərdə oruc tutaq; Təbuka gedən səhabələri xatırlayaq! Camaat! Qış gəldi! Qripdən, soyuqdan qorxmayın; bu uzun gecələrdə təhəccüdsüz qalmayın! Qurban ətini sədəqə verin; qiyamətə qədər heç xarab olmadan qalsın!” deyənlərin əllərindən öpürəm.

İmam Qəzzali məşhur “Ehyayi-ulumiddin” kitabında “Nə xoş o kimsəyə ki, günahları da özü ilə birgə ölər” ifadəsini bir neçə dəfə işlədir. Xüsusilə virtual dünyada deyilən yalanın, atılan iftiranın, çirkin paylaşımların qiyamətə qədər ölməyəcəyindən qorxuram.

Azərbaycandakı qardaşlarım illər sonra məni hansısa günahımla deyil, çinar və cökə ilə yada salıblar. Çinar cəlaldır, cökə isə camal. İkisi bir yerdə tarazlıqdır. O cökənin çiçəyindən bir ovuc göndərmələrini xahiş etdim. Halbuki evimdə cökə çiçəyi var. Evimdən 2 km aralıdakı dostlarımın bağçasında cökə ağacı var. Bişkekin parklarında və dağlarında da Zaqatalada olduğu kimi cökə ağacı çoxdur. Amma mən vaxtilə Əliabadda əkdiyimiz cökə ağacının çiçəklərini istəyirəm. Onda xeyir var, onda bərəkət var. Niyə deyirsiniz? Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur:  

“Heç kim əsla əlinin əməyi ilə qazandığından daha xeyirli bir ruzi yeməmişdir. Allahın peyğəmbəri Davud (ə.s) da öz əlinin əməyini yeyərdi”. (Buxari, Büyu, 15)

Bu hədisə görə, öz əməyinin keçdiyi turşudan mürəbbəyə, kompotdan plova, cökə çiçəyindən bala qədər hər şey çöldən satın alınandan daha xeyirlidir. Bir ovuc cökə çiçəyi göndərin deməkdə haqsızam? 

Evimin yanına ərik ağacı əkmişdim. Məndən balaca olan fidan böyüdü, ikinci mərtəbəyə çatdı. Pəncərədən uzanıb bir neçəsini dərdim. Bu yaşıma qədər yediyim serotini ən çox olan ərik o idi. Bazardan alınana heç bənzəmirdi.   

1980-ci ildə çəkilmiş, adamyeyən vəhşilərlə bağlı bir filmin son cümləsi: “Görəsən, əsl vəhşi kimdir?” sualı ilə bitərək müasir dünyaya eyham vururdu. Nəsibə Zeynalovanın “Qaynana” filminin başlanğıc cümləsi: “Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır!” şəklində idi. Vəhşilər bizdən uzaq olsun, qayınananın sözlərini də bir kənara qoyaq; bizim həyat filmimizin ilk sözü də, son sözü də “la ilahə illallah” olar, inşallah. Son nəfəsdə tövhid dilə gətirilir, başqa söz yox. Başlanğıcda təkcə söz var idi deyilir. Əslində, elə sonda da təkcə söz var.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz